Bu şəxs ölkəmizin ictimai-siyasi həyatında oynadığı çoxşaxəli fəaliyyətinə görə, cənab İlham Əliyevin 31 iyul 2017-ci il tarixli Sərəncamı əsasında Şöhrət ordeni ilə də təltif olunub
Hər bir dövlətin varlığının əsas təminatı qəbul olunmuş qanunların təkmil olmasından asılıdır desək, yəqin ki, heç zaman yanılmarıq. Yaşadığımız 21-ci əsrdə bəşəriyyətin yeni bir inkişaf mərhələsinə qədəm qoyması səbəbindən, bu gün dünya ölkələri sırasında öz nüfuzu ilə sayılıb-seçilən, xüsusi yeri olan Azərbaycan Respublikası da, baş verən yeniləşmə prosesinin əsas iştirakçılarından biridir. Şükürlər olsun ki, ötən 27 il ərzində müstəqil bir dövlət olaraq varlığını qoruyub saxlayan respublikamız bu gün həm inkişaf edir, həm yeniləşir, həm də ildən-ilə yeni uğurlara qədəm qoyur.
Elə bu yeniləşmə prosesinin nəticəsidir ki, hal-hazırda təkcə paytaxt Bakı şəhərində deyil, bölgələrdə də qanun-qaydanın bərpası, dövlət strukturlarının işlək vəziyyətə gətirilməsi, vətəndaş məmur münasibətlərinin normal macəraya salınması, ünvanlanan şikayət və ərizələrə baxılması qaydalarının təkmilləşməsi və s. kimi məsələ və problemlər öz həllini tapmaqdadır. Bir neçə gün bundan əvvəl müxtəlif ünvanlarda keçirdiyimiz sorğular zamanı bir neçə ağsaqalla, tanınmış ziyalılarla, müxtəlif vəzifə sahibi olanlarla və digər şəxslərlə üzbəüz görüşməyimiz, onların ayrı-ayrı məsələrə fərqli prizmalardan yanaşmaları bizi bir çox mətləblərdən də agah etdi. Bəlli olan o oldu ki, bu gün ölkəmizdə qanunların işlək vəziyyətə gətirilməsində, hüquqi cəmiyyət quruculuğu yolunda atılan addımlarda bir çox şəxslərin əvəzsiz xidmətləri var. Hələ müstəqillik illərinin ilk çağlarından bu yolda əzmlə çalışan, dövlətimizin və xalqımızın milli maraqlarının təmin olunması yöndə əvəzsiz zəhməti olan şəxslərdən biri də Çingiz Aşralı oğlu Qənizadə olmuşdur. Onu da bildirək ki, adı çəkilən bu şəxs 01 avqust 1957-ci ildə Ağdaş rayonunda anadan olmuş və 1964-1974-cü illərdə rayonun Səməd Vurğun adına 1 saylı orta məktəbində orta təhsilini fərqlənmə ilə başa vurduqdan sonra, 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olur. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olaraq, 1984-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub hüquqşünas ixtisasına da yiyələnir. Çingiz Qənizadə ötən illər ərzində bir ictimai-siyasi xadim, tanınmış hüquqşünas, Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru olaraq müasir dövlətçilik tariximizdə silinməz izlər buraxan şəxslərdəndir. Onu da bildirək ki, bu şəxs 1989-1990-cı illər ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990-1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü, 1992-1993-cü illərdə Bakı şəhər Prokuroru vəzifəsini də daşımışdır.1995-ci ildən isə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri vəzifəsini daşımaqla bərabər, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən 2010-2015-ci illər ərzində Milli Məclisin deputatı da olmuşdur. Hal-hazırda da həmin seçki dairəsindən Milli Məclisin deputatıdır.
Çingiz Qənizadənin ictimai-siyasi fəaliyyəti o qədər zəngin və əhatəlidir ki, hətta bu şəxsin ictimai əsaslarla daşıdığı vəzifələri sadalamaqla qurtarmaq olmur. Məsələn, o, hal-hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə, Rusiya, Avstriya, İspaniya, Çexiya, Finlandiya, Belarus və Yunanıstanın Parlamentlərarası İşçi Qrupunun üzvüdür.
Bütün bunlardan əlavə o, ölkə rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə 20 oktyabr 2014-cü ildə yaradılmış İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun da üzvüdür. Çingiz Qənizadə cənab Prezidentin 22 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş vətəndaşlarla əlaqədar yaradılmış Dövlət Komissiyasının üzvü olmaqla bərabər, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin də koordinatoru olub.
Bu şəxs ötən illər ərzində AŞPA-nın müxtəlif komitələrində, iclaslarında, AŞPA-nın Korrupsiya Əleyhinə Dövlətlər Qrupunun (GRECO) Azərbaycanda Parlament üzvləri ilə keçirdiyi tədbirlərində, habelə AŞ-nın Baş Katibi, AŞPA-nın sədri və AŞ-nın İnsan Hüquqları üzrə Ali Komissarı və digər rəsmilərlə görüşlərində dəfələrlə iştirak edir. Əldə etdiyimiz son məlumatlara görə hal-hazırda Çingiz müəllim “Şəxsin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan əməllərlə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı doktorluq dissertasiyası üzərində işini yekunlaşdırmaq üzrədir. Bu şəxs ölkəmizin ictimai-siyasi həyatında oynadığı məhsuldar və çoxşaxəli fəaliyyətinə görə, hətta cənab İlham Əliyevin 31 iyul 2017-ci il tarixli Sərəncamı əsasında Şöhrət ordeni ilə də təltif olunur.
Bəli, Çingiz Qənizadənin həyat və fəaliyyətinə diqqət yetirdikdə o da bəlli olur ki, bu şəxs heç də sıradan bir şəxs deyil. Məhz, onun ötən illər ərzində dövlətçiliyimizin gücləndirilməsi, xalqımızın hər növ maraqlarının təmin olunması yöndə atdığı addımları müasir tariximizin silinməz izlərindən olacaq. Bu şəxsin fəaliyyəti haqda lazımi məlumatları əldə etməklə belə bir qənaətə gəlmişik ki, bu gün qanunun aliliyini əsas tutan, xalq-dövlət anlayışına hər zaman hörmətlə yanaşan Çingiz Qənizadənin fəaliyyəti gələcək nəsillər üçün örnək də olacaq.
Rafael Nərimanoğlu