Azərbaycanda təhsil işçilərinin sosial təminatı həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. Ölkəmiz müstəqiilik qazandığı ilk dövrdən başlayaraq “təhsil millətin gələcəyidir” deyən ulu öndər təhsil islahatına başlamış və bu sahədə birinci Dövlət Proqramı qəbul olunmuşdur.
Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev təhsil islahatlarının davamlı olaraq həyata keçirilməsini təmin etmişdir.
Təsadüfi deyil ki, hakimiyyətə gəldiyi ilk illərdən cənab Prezident təhsillə bağlı mühüm tədbirlərin həyata keçirilməsi, yeni dövlət proqramlarının qəbul edilməsi haqqında sərəncamlar imzalamışdır. Bu vaxta kimi Azərbaycanda təhsillə bağlı 20-dən çox Dövlət Proqramı qəbul olunmuş və onların icrası təmin edilmişdir.
Məktəb tikintisi sahəsində daha uğurlu nəticələr əldə olunmuşdur. İndi Bakı şəhərində və regionlarımızda şagirdlər müasir tipli yeni məktəblərdə təhsil alırlar. Həm də bu məktəblər informasiya texnologiyaları, yeni avadanlıqlarla təmin olunmuşlar.
Ən əsası isə müəllimlərə dövlət qayğısının ildən-ilə artmasıdır. Müəllimlərin güzəranının yaxşılaşdırılması üçün mütəmadi tədbirlər həyata keçirilir. “Ən yaxşı müəllim”, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirilməsi bu sahədə atılmış uğurlu addımlardandır. Hər il Müəllimlər Günü ərəfəsində təhsil işçilərinə fəxri adlar verilir. Müəllimlərin əmək haqları da mütəmadi olaraq artırılır. Elə bu günlərdə cənab Prezidentin sərəncamı ilə müəllimlərin əmək haqlarının artırılması da təhsil işçilərinə dövlət qayğısının bariz nümunəsidir.
Məlumdur ki, hazırda dünyada iqtisadi böhran hökm sürür, neftin qiyməti kəskin şəkildə aşağı enməkdədir. Söz yox ki, bu da Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədi. Belə bir şəraitdə müəllimlərin əmək haqlarının artırılması dövlət başçımızın təhsilə, təhsil işçilərinə göstərdiyi böyük qayğının nəticəsidir. Azərbaycanın təhsil işçiləri bu qayğını yüksək qiymətləndirir və dövlət başçımızı əmin edirlər ki, bundan sonra da gənc nəslin təhsil və tərbiyəsində öz bacarıq və imkanlarını səfərbər edəcəklər.
Həqiqət Məmmədova
Qubadlı rayon Muradxanlı kənd tam orta məktəbin direktoru