Ümummilli lider Heydər Əliyev deyirdi ki, "hüquq-mühafizə orqanlarında işləyən hər bir kəs, yaxud işləmək istəyən hər bir vətəndaş bilməlidir ki, ondan birinci növbədə müstəqil Azərbaycan dövlətinə sədaqət tələb olunur." Bu prinsiplər fəaliyyət göstərdiyim bütün dövrlərdə əsas meyar olmuş, qanunun aliliyinin, əmin-amanlığın qorunması, insan hüquqlarının etibarlı təmin olunması ümdə vəzifə kimi qarşımızda durmuşdur.
Qeyd etməliyəm ki, dövlətin hüquq siyasətinin həyata keçirilməsində Ədliyyə Nazirliyi mühüm rol oynayır və bu gün geniş səlahiyyətlərə malik olan nazirlik çoxşaxəli fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkəmizdə qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edir, vətəndaş cəmiyyətinin inkişafına töhfələr verir, əhalinin mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllinə kömək edir, müxtəlif reyestrləri aparır. Ədliyyə fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, o cümlədən insan haqlarının etibarlı qorunması, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilir.
Sözsüz ki, Ədliyyə Nazirliyinin təkmil bir struktur kimi formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ədliyyə sisteminin inkişafına qayğı ilə yanaşmış, bu sahədə mütərəqqi islahatlar aparılmışdır.
Ölkəmizin hüquq sisteminin inkişafında əvəzsiz xidmətlər göstərən Azərbaycan ədliyyəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə daha da müasirləşir və inkişaf edir, cəmiyyətdə nüfuzu günbəgün yüksəlir.
Son illər ölkə başçısının rəhbərliyi ilə ədliyyə sistemində uğurlu islahatlar aparılaraq mühüm nailiyyətlər əldə olunur.
Eyni zamanda, açıq hökumət prinsiplərinin geniş tətbiqinə xüsusi önəm verilərək, əhalinin hüquqi maarifləndirilməsi məqsədilə nazirliyin interaktiv rejimdə internet saytlarının fəaliyyəti təmin olunur, mətbu nəşrlər, illik toplular dərc olunur, əhaliyə müxtəlif elektron xidmətlər göstərilir.
Bütün bunlar onu göstərir ki, insan hüquq və azadlıqlarının təminatı məsələsi Azərbaycan dövlətinin siyasi iradəsinin, bu sahəyə həssas münasibətinin təzahürüdür.
Bu sahədə fəaliyyətin daha səmərəli həyata keçirilməsi və müasir iş şəraitinin yaradılması məqsədilə infrastruktur yaxşılaşdırılmış, 2009-cu ildə dövlət başçısının iştirakı ilə Əhalinin Dövlət Reyestri Xidməti üçün müasir bina inşa olunaraq istifadəyə verilmişdir.
Bu gün dövlət strukturları və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini informasiya texnologiyalarsız təsəvvür etmək mümkün deyil.
Danılmaz faktdır ki, bu gün Azərbaycan dövlətimizin başçısının siyasi iradəsi ilə günbəgün inkişaf edir və möhkəmlənir, dünyada mühüm və etibarlı tərəfdaş, müstəqil dövlət kimi tanınır və qəbul edilir. Qlobal enerji layihələrinin təşəbbüskarı olaraq regionda əvəzsiz rola malikdir. Cari ildə "Əsrin kontraktı" neft müqaviləsinin uzadılması ilə bağlı yeni Sazişin imzalanması, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi respublikamızın gələcək inkişafını təmin etməklə regionda sülhə və sabitliyə töhfə olmuşdur.
Dövlət başçısının rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqiyə dəstək verən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə vətəndaşların mənafelərinə hesablanmış bir çox mühüm layihələr müvəffəqiyyətlə həyata keçirilir, humanizm, multikulturalizm və tolerantlıq ideyaları inkişaf etdirilir, ölkəmiz ideal məkan kimi qəbul olunaraq mötəbər beynəlxalq forumlara, idman yarışlarına uğurla ev sahibliyi edir.
Bütün bunlar xalqımızda yüksək iftixar hiss yaşadır və dövlət başçısının ətrafında sıx birləşən ədliyyə işçilərini Azərbaycan ədliyyəsinin inkişafı naminə daha əzmkarlıqla və məsuliyyətlə çalışmağa sövq edir.
Lətif Fərəcov
Cəlilabad rayonu 1 saylı xüsusi notariat kontorunun notariusu