Həkimlik elə bir peşədir ki, hər cürə insanlarla ünsiyyət vacibatlığı yaradır. Seçdiyin yolda müxtəlif xarakterli insanların həyat və düşüncə tərzinə bələd olmaq imkanı yaranır və bu cəhətəri daha aydın görürsən. Söz duyğulu, həyat coşqulu insanlar isə daha tez doğmalaşa bilirlər...
Şair Tapdıq Əlibəyli ilə uzun illərdir yaxın münasibətimiz var. Sakit təbiətli olduğu qədər də Vətən sevdalısı olaraq coşqun bir insandır. Sözlə dolğun ovqat rəsmi çəkən bir şairdir.
Qəhqəhəmi qatıb qəmə,
Sinəm üstə qoydum dəmə...
Xəbərim yox, daşıb demə,
Suluqlayıb dərd yanğısı.
Qəhqəhəni qəmə qatıb, köksü üstə dəmə qoyub yaşayan Tapdıq Əlibəyli öz yaradıcılığının zilini də, bəmini də söz üstündə əridərək, incə mətləblə andırır. Yurd dərdini sinəsindən yandıra-yandıra daşdırıb sözə düzən şair…
Ümumiyyətlə, şair təbiətli insanların hamısının ruhu sanki eynidir. Yanğılı, coşqulu, çılğın… Mən həkim olduğum üçün sözləri, kəlmələri əlimlə vurduğum incə tikiş kimi hissə-hissə, könlümün gözüylə oxuyaraq ruhuma ötürürəm.
Tapdıq Əlbəyli ilə ilk tanışlığım elə klinikamızda olub. İlk görüşdən səmimi münasibətimiz yaranıb və bu günə qədər də davam edir. Mən bu insanda irfan ruhu, ağsaqqallıq timsalı, təmkin və ədəb, ən əsası da şəxsiyyətlilik gördüm. Görüşəndə söhbətimiz o qədər şirin olur ki, vaxtın azlığını da unuduram bəzən. Çünki poeziyaya bağlı bir insan kimi sözün sehrində itir, ruhum pərvazlanır, özümü “Cəngi” sədasındaymışam kimi hiss edirəm.
Tapdıq Əlibəyli bir neçə il əvvəl özünü mənim əllərimə təslim etmişdi. Dedi ki, həkim, əllərinizin şəfası könlümün səfasındadır. Əməliyyatdan sonra ona ağır yük qaldırmamağı tapşırdım. Bilirdim ki, şair idmanla məşğul olur. Təbəssümlə dedi ki, doktor, onsuz da ağır iş görmürəm... Dedim, ən ağır işi sən görürsən. Söz yükünü daşımaqdan ağır bir iş yoxdu..
Ruhunuzda folkloru, “Çəngi”ni, Vətən dərdinin yükünü çəkmək böyük iradə tələb edir. Klassikadan folklora qədər müxtəlif janrlarda yazdığı şeir və poemalarının titrək nəfəsi onun publisistikasında da özünü aydın büruzə verir. Mövlana deyir ki, kimlə gəzdiyinizə, kimlə dostluq etdiyinizə diqqət edin, çünki bülbül gülə, qarğa zibiliyə aparır. Qəlb bir baxçadır. Orada mütləq bir şeylər bitəcək. O halda gözəl şeyler əkin ki, gözəl şeylər də bitsin. Yaşıllıqlardan, çiçəklərdən meydana gələn bağça keçici, fəqət ağıldan yaranan gül baxçası hər zaman yaşıl və gözəldir.
Yüksək təfəkkür mədəniyyətinə malik insanlarla ünsiyyət Mövlananın təbirincə desək, gözəl gül bağçası kimidir. Onlara qoşulub qəlb bağçasını gözəlləşdirməkdən gözəl nə var bu həyatda?!
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistləır Birliyinin və Nizami rayon Ağsaqqallar Şurasının üzvü, şair, publicist qardaşımın 60 illlik yubileyidir. Bu kiçik yazımla böyük ürəkli, saf qəlbli şairimizi təbrik etməyi borc bildim özümə.
Zərrə tamın tamahında,
Bütövləşər dərgahında.
Tapdıq haqla, günahında
Əyməz sənə baş, ay dünya!
deyən şairimizi!
Bəli, keşməkeşli, əzablı yollarla dolu olan dünyada həyat qayəsi haqla olan, dünyagirliklə günahlara girməyən şair qardaşım Tapdıq Əlibəyli, yubileyinizi təbrik edir, Sizə bu gözəl ölkədə, azad və abad ölkədə möhkəm can sağlığı, uzun ömür və nəvə-nəticəli xoş həyat arzulayıram.
İLQAR YUSUBOV,
tibb elmləri üzrə fəlsəfə doktoru,
Xəzər Klinikasının baş həkimi.