Azərbaycan müstəqillik dönəminin ilk illərindən bir çox beynəlxalq təşkilatlara üzv olub, eyni zamanda beynəlxalq layihələrin əsas iştirakçısı kimi çıxış edib. Həmin dövrdən ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strategiyanın bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Bakı-Supsa, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars neft-qaz kəmərləri, dəmir yolu layihələri həyata keçirilib. Məhz Azərbaycanın təşəbbüskarı olduğu bu layihələr ölkəmizin iqtisadi, siyasi inkişafını təmin edib, vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırıb. Heç bir dövlətdən asılı olmadan müstəqil siyasət aparmağımıza səbəb olub. Beynəlxalq layihələrin həyata keçirilməsi ölkəmizin həm region, həm də dünya dövlətləri ilə əlaqələrinin genişlənməsinə təkan verib. Bu kimi layihələrin gələcəkdə də Azərbaycana siyasi və iqtisadi dividentlər qazandıracaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili ilk olaraq Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətindən danışdı: "Cənub Qaz Dəhlizi layihəsi hazırda dünyanın ən iri qaz ixracı layihələrindəndir. Eyni zamanda, bu layihənin başlanğıcı olan Xəzər dənizində yerləşən "Şahdəniz-2” dünyanın ən böyük qaz yataqlarından biridir. Bu, həm tarixi hadisə, həm də son dövrlərin ən geniş infrastruktur layihəsidir. Bu layihənin ölkəmizin enerji siyasətinin şaxələnməsinin ən bariz nümunəsi və ən son nailiyyətlərindən biri olması Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bununla Azərbaycan öz qazını birbaşa olaraq Avropa istehlakçılarına çatdırmaq imkanı əldə edir. Bu da gələcəkdə həm neft-qaz sektorunun, həm də bu sahədən əldə edəcəyimiz gəlirlərin hesabına qeyri-neft sektorunun inkişafına şərait yaradır. Həmçinin, bu sahədə uzunmüddətli sabitliyin əldə olunmasına kömək edir. Cənub Qaz Dəhlizi layihəsi eyni zamanda regionda əməkdaşlığın yeni formasıdır. Çünki bu layihə 7 ölkəni və 11 şirkəti birləşdirir. Bu layihə istehsalçı, tranzit və istehlakçıları sanki zəncirin həlqələri kimi bir yerə toplayır. Bu da dünyada az-az görünən əməkdaşlıq formalarındandır. Digər tərəfdən baxsaq, layihənin hər bir iştirakçısı Azərbaycanın yaxın strateji tərəfdaşıdır. Layihənin iştirakçısı olan ölkələrin Azərbaycanla iqtisadi-siyasi əlaqələri var. Bununla yanaşı, vurğulamaq lazımdır ki, layihənin həyata keçməsi ilə Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıq strateji mərhələyə yüksəlir. Bu da beynəlxalq aləmdə Azərbaycana olan inamın artmasına, dövlət müstəqilliyinin güclənməsinə səbəb olur”.
Daha sonra Bakı-Tbilisi-Qars, Şimal-Cənub nəqliyyat dəhlizlərindən danışan millət vəkili bu kimi layihələrin ölkəmizin Avropa və Asiya bazarlarına inteqrasiyasına geniş imkanlar yaradacağını dedi: "Bu layihələrin həyata keçirilməsi ilə bir tərəfdən regiona sərmayə, texnologiya və bilik axını güclənəcək, digər tərəfdən ixracatçılar üçün xarici bazarlara əlverişli çıxış imkanı yaranacaqdır. Bu layihələr xarici bazarlara daha ucuz və qısa müddətdə çıxış imkanı yaratdığından, bütövlükdə regionun rəqabət qabiliyyətini artıracaqdır. Digər tərəfdən, Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsi Muxtar Respublikanın iqtisadi blokadadan çıxmasına geniş imkanlar yaradacaqdır”.
T.Mirkişili reallaşdırılan regionlar layihələrin siyasi əhəmiyyətindən də danışdı: "Bu layihələrin həyata keçməməyi üçün Ermənistan rəhbərliyi və onların havadarları uzun illər çalışıblar. Hətta özlərini də inandırmışdılar ki, layihələr həyata keçməyəcək. Ancaq Azərbaycan Prezidentinin siyasi nüfuzu və dövlətimizin iqtisadi qüdrəti ilə bütün layihələr reallaşdı. Bu, siyasi cəhətdən Azərbaycanın qələbəsi oldu. Digər tərəfdən, bu layihələr Azərbaycanın tərəfdaşlarının sayını daha da artırdı”.
Millət vəkili Azər Badamov qeyd edir ki, Avropa məkanı üçün yeganə alternativ enerji təminat mənbəyi Cənub Qaz Dəhlizi olacaq ki, bu da Avropanın Azərbaycanın təhlükəsizliyi üçün marağının artması deməkdir: "Ölkəmiz indiyədək bir çox layihələr həyata keçirib. Bakı Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa kəmərlərinin açılması ilə yanaşı, Cənub Qaz Dəhlizinin də reallaşması ölkəmizi dünyaya daha da sıx bağlamış oldu. Bu bağlantı Azərbaycanın təhlükəsizliyinin gələcək təminatıdır. Avropa məkanı üçün yeganə alternativ enerji təminat mənbəyi Cənub Qaz Dəhlizi olacaq ki, bu da Avropanın Azərbaycanın təhlükəsizliyi üçün marağının artması deməkdir”.
Millət vəkili bildirib ki, bu kimi beynəlxalq layihələrin həyata keçirilməsi ölkəmizin dünya üçün cəlbediciliyini artırıb: "Prezident İlham Əliyevin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasəti sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib. Son 15 il ərzində iqtisadiyyatımıza 230 milyard dollara yaxın investisiyanın yatırılması ölkəmizin hər bir sahəsində sıçrayışlı inkişafa yol açıb, ümumi iqtisadiyyatımızın 3 dəfədən çox artmasına gətirib çıxarıb. Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyətli transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Cənub Qaz Dəhlizində aparılan möhtəşəm tikinti işləri, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərindən istifadə imkanlarımızın genişlənməsi dünya üçün cəlbediciliyimizi artırıb. Azərbaycanı Avropa ilə dəmir relslər və borular bağlayır ki, bu da ölkəmizin dünya ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə şərait yaradır”.
Beynəlxalq layihələrin, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan millət vəkili Aydın Hüseynov Cənubi Qafqazın lider dövlətinə çevrilməyi bacaran Azərbaycanın daha da inkişaf edəcəyini, qüdrətlənəcəyini, bütünlükdə regionda, eləcə də dünyada söz sahiblərindən biri kimi çıxış edəcəyini bildirdi: "Bakı-Tbilisi-Qars dəmir yoluna Mərkəzi Asiya respublikalarının, o cümlədən Qazaxıstan, Özbəkistan və Türkmənistanın, həmçinin Çinin, müxtəlif Avropa ölkələrinin maraq göstərməsi bir çox məqamlardan xəbər verir. İlk növbədə, bu, Azərbaycanın siyasi nüfuzunun göstəricisidir. Digər tərəfdən, Bakı-Tbilisi-Qarsın əsas müəllifi Azərbaycan olduğu üçün gələcəkdə ölkəmiz yaxşı mənada diktə edən tərəf rolunda çıxış edəcək. Bununla ölkəmizin regiona təsiri daha da artacaq. Regionun inkişafı baxımından da Bakı-Tbilisi-Qars dəmir yolu olduqca böyük əhəmiyyətə malikdir. Türkiyə ilə çox sıx hərtərəfli əlaqələrimiz var. Bu əlaqələr daha da intensivləşəcək. Digər region ölkələri olan Gürcüstan, Rusiya və İranla da iqtisadi əlaqələrimiz intensivləşəcək. Bununla bərabər, Avropa ölkələri ilə də əlaqələr inkişaf etdiriləcək. Beləliklə də Cənubi Qafqazın lider dövlətinə çevrilməyi bacaran Azərbaycan daha da inkişaf edəcək, qüdrətlənəcək, bütünlükdə regionda, eləcə də dünyada söz sahiblərindən biri kimi çıxış edəcək. Regiondakı dövlətlərin bu kimi layihələrlə bir-biri ilə sıx iqtisadi əlaqələr qurması bölgədə təhlükəsizliyin təmin olunmasına, qorunub saxlanmasına səbəb olacaq, siyasi əlaqələr daha da möhkəmlənəcək”.
İqtisadçı ekspert Vüqar Bayramov həyata keçirilən beynəlxalq layihələrin ölkəmizin fərqli, xüsusilə də qeyr-neft sahələrində gəlirlərin genişlənməsi baxımından olduqca əhəmiyyətli olduğunu dedi.
Əfsanə Kərimova – Masallı Gənclər Evinin əməkdaşı