Cəmilə (Çiçək) İsbəndiyarova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görüldü...
Tədqiqatçı Cəmilə (Çiçək) Köçəri qızı İsbəndiyarova Azərbaycan folklorunun istedadlı araşdırıcılarından biridir. İndiyədək onun Azərbaycan aşıq sənətinə həsr olunmuş bir neçə kitabı nəşr olunub ki, həmin əsərlər monoqrafik tədqiqat səciyyəsi daşıyır. Cəmilə İsbəndiyarovanın ustad sənətkarımız Aşıq Şəmşirin yaradıcılığından, o cümlədən, bütövlükdə Kəlbəcər ədəbi mühitindən bəhs edən 2014-cü ildə çapdan çıxmış 624 səhifəlik "Sazımız ağlayır dağlar başında” sayca dördüncü kitab olan sanballı, əhatəli əsərinin elmi redaktoru kimi onun folklorşünaslıq sahəsində apardığı toplama və tədqiqatlarını yüksək qiymətləndirmişəm. Cəmilə İsbəndiyarovanın Azərbaycan folklor nümunələrinin toplanılması, eləcə də bir sıra şifahi xalq yaradıcılığı nümunələrinin araşdırmaya cəlb edilməsi sahəsindəki gərgin və əhatəli zəhməti təqdir olunmalıdır. Zəngin folklor irsinin məhsuldar təqdiqatçısı, elmi-nəzəri fikirlər yürütmək bacarığına malik olan Cəmilə Çiçək yazıb nəşr etdirdiyi əsərlərində nəzərdə tutulan problemin həll olunmasında qarşıya qoyduğu məqsədə müvəffəqiyyətlə nail olur.
"Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastan¬¬ları” mövzusunda yazdığı dissertasiya işi də Cəmilə Köçəri qızı İsbəndiyarovanın folklorşünaslıq elmi sahəsində davam edən yaradıcılığının tərkib hissəsi olub dəyərli araşdırma statusuna malikdir. Qeyd etmək yerinə düşür ki, tədqiqatçının uzun illər ərzində təcrübə topladığı publisistika sahəsində yaradıcılığı onun qələmə aldığı elmi işi ilə üzvi bağlılığa malikdir. Tədqiqatçının yazıb başa çatdırdığı dissertasiya işini məsuliyyətlə Azərbaycan folklorşünaslığına əhəmiyyətli töhfə kimi qiymətləndirmək olar. Azərbaycan folklorşünaslığı tarixində indiyədək xeyli qiymətli materialların toplanılmasına, dəyərli araşdırmaların aparılmasına rəğmən Cəmilə İsbəndiyarova bu sahəni qələmə aldığı xalq yaradıcılığı nümunələri ilə zənginləşdirmişdir. Onun əsərləri dastan yaradıcılığındakı məhəbbət dastanları istiqamətinin daha da zənginləşdirilməsində mühüm rol oynayır. Dissertasiya işində tədqiqata cəlb edilən bəzi dastanlarda zəruri araşdırmalara ehtiyac duyulan məqamlara Cəmilə İsbəndiyarova tərəfindən diqqət yetirilməsi də nəzərdən qaçmamışdır.
Qeyd edim ki, Cəmilə (Çiçək) İsbəndiyarova təqdim etdiyi dissertasiya işində qarşıya qoyduğu məqsədinə çatmışdır. Doktorant üç fəsildən və uyğun yarımfəsillərdən ibarət olan dissertasiya işinin yazılmasında xeyli sayda elmi, elmi-nəzəri ədəbiyyatdan istifadə etmiş, maraqlı təhlillər aparmışdır.
Mən də bütün bu olanları nəzərə alıb rəydə Cəmilə (Çiçək) Köçəri qızı İsbəndiyarovanın tədqiqat işinin Ali Attestasiya Komissiyasının fəlsəfə doktorları dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd edərək, onun "Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları” mövzusunda 5719.01 – Folklorşünaslıq ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini müdafiəyə təqdim etməsini dəstəkləmişəm.
Artıq tədqiqatçı 28 dekabr 2017-ci il tarixdə müdafiə işini uğurla başa vuraraq filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiqincə sahibləndiyi üçün biz də ona tutduğu bu şərəfli yolda daha böyük uğurlar qazanmasını arzu edirik.
İsa Həbibbəyli
Azərbaycan Milli Elmlər
Akademiyasınınvitse-prezidenti,
akademik31.12.2017