Qardaş Türkiyəmizdə 23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı adı ilə tanınan və illərdir xüsusi təntənə ilə keçirilən 23 aprel bayramının tarixi 1921-ci ildən başlanmışdır. Həmin ildən milli bayram olarak qeyd olunan bu günün rəsmi şəkildə bəyan edilməsi haqqında qanun Türkiyədə Birinci Böyük Millət Məclisinin açılışından bir il sonra, yəni 23 aprel 1921-ci ildə qəbul edilmişdir. Böyük Millət Məclisinin açılışı ilə birgə o günü Türk uşaqlarına hədiyyə etmiş Türkiyə Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı Qazi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə qeyd olunan bu milli bayram 1979-cu ildən beynəlxalq səviyyəli uşaq bayramı kimi qeyd olunmağa başlamışdır. Həmin tarixdən etibarən Beynəlxalq 23 Aprel Uşaq gününü bütün dünya uşaqlarının qeyd etdiyi bir bayrama çevirmək məqsədi ilə ciddi işlər görülmüşdür. İlk dəfə bu şənliklərdə yalnız SSRİ, İraq, İtaliya, Rumıniya və Bolqarıstan kimi ölkələr iştirak etsə də, hazırda təxminən 50-dən çox ölkənin uşaqları tədbirlərə qatılır. 2000-ci ilə qədər 23 Aprel şənlikləri və yarışlar yalnız Türkiyənin paytaxtı Ankarada təşkil edilirdisə, artıq ölkənin başqa şəhərlərində də geniş və təntənəli şəkildə bayram tədbirləri həyata keçirilir.
Bu bənzərsiz bayramın qeyd olunması ilə Türkiyə dünyada uşaqlarına bayram hədiyyə edən və bu bayramı bütün dünya ilə paylaşan ilk və tək ölkə kimi tarixə düşmüşdür. Türk millətinin qəlbində suverenliyin sarsılmaz ifadəsi olan, hər il Türkiyədə və xarici təmsilciliklərdə, bütün mövcud qurum və məktəblərdə keçirilən, türk milli ruhunu təmsil edən bu bayram Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün mirası olarak qəbul edilməkdədir.
Həmin gün Türkiyə Respublikasının dövlət adamları Anıtqəbirdən başlayaraq müxtəlif Atatürk abidələrinin yanında rəsmi mərasimlər keçirir, stadionlarda məktəb şagirdlərinin hazırladığı nümayişlər təqdim olunur və tədbir rəsmi keçidlərlə davam etdirlir.
23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramının tarixi
Rəsmi tədbirlər bitdikdən sonra müxtəlif qeyri-hökumət təşkilatları, yaxud qurumlar tərəfindən təşkil edilən şənlik nümunələri və yarışmalara yer verilir.
Həmin günün ən maraqlı cəhətlərindən biri də budur ki, bu bayramla “Bu günün balacaları sabahın böyükləridir” deyən Mustafa Kamal Paşa bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin də əsasını qoymuşdur.
Ona görə də 23 Aprel tədbirlərində uşaqlar nitq söyləyir, fikir bölüşür, şeirlər oxuyurlar. Həmin gün Türkiyə prezidenti və Baş Naziri də daxil olmaqla şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir, azyaşlıların həmin vəzifədə verdiyi göstərişlərə əməl edirlər.
Beləliklə, 23 Aprel Beynəlxalq uşaq bayramı Türkiyədə böyük təntənə və coşqu ilə qeyd olunur və uşaqlara verilən həqiqi dəyərin ifadəsi kimi diqqəti cəlb edir.
Ölkəmiz müstəqillik əldə etdikdən və qardaş Türkiyəmizlə ikitərəfli münasibətlər qurulmağa başladıqdan sonra Azərbaycan uşaqları da hər il böyük sevgi və fəxarət hissləri ilə 23 Nisan tədbirlərinə qoşulur və yüksək təəssüratlarla vətənə qayıdırlar.
Biz də Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbəri f.ü.f.d.Səkinə Bayramovanın və birliyin bütün əməkdaşlarının adından Türkiyə, Azərbaycan və bütün türk dünyası uşaqlarının simasında dünya uşaqlarını ürəkdən təbrik edir, onlara parlaq gələcək və xoşbəxt həyat arzulayırıq.
Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan- Türk Xalqları Qardaşlığı İctimai Birliyi sədrinin I müavini,
İctimai Xəbər Agentliyinin direktoru