Hər bir xalqın taleyində öyünməyə və qürur duymağa əsas olmuş hadisə və məqamlar vardır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti də Azərbaycan xalqının bütün zamanlarda qürurla xatırlayacağı şərəfli bir tarixdir. Elə bir tarix ki, bu, xalqın zəngin milli-mənəvi dəyərlərindən, mübarizliyindən, milli qürurundan, müstəqil dövlət qurmaq və onu idarə etmək bacarığından xəbər verir. Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi ərəfəsində bu şanlı tarixi hər birimiz şərəflə və qürur hissi ilə qeyd edirik. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, Azərbaycanın ilk universiteti təsis olundu. Xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. İlk cümhuriyyətimizin doğuluşu tarixin dolaşıq vaxtına düşmüşdü. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli ömrünə son qoyuldu. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycan Xalq Cümhuriy-yətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Ümummilli Liderin bu siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir. Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq. Respublika gününüz mübarək olsun!