Bu gün respublikamızın hər bir bölgəsində aparılan geniş abadlıq-quruculuq işləri, Sumqayıtda da sürətli templərlə həyata keçirilir. Şəhərin küçə və prospektlərində, parklarda, məhəllədaxili ərazilərdə geniş şəkildə yenidənqurma işləri aparılır. Sumqayıtın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq və təmir-bərpa işləri regionumuzu, eləcə də Sumqayıt şəhərini müasirliyə qovuşdurub. Şəhərimizə tez-tez yolu düşənlər şahidi olduqları dəyişiklikləri görəndə, təəccüblərini gizlədə bilmirlər. Qısa zaman kəsiyində on illərə bərabər inkişaf yolu keçən, tərəqqiyə qovuşan şəhərimiz bu gün, sözün həqiqi mənasında, tanınmaz dərəcədə dəyişib.
Sumqayıt şəhərini xarici turistlər üçün cəlbedici edən amillərdən biri də şəhərin abadlığı və təmizliyidir. Təbii ki, bu nəticələrin əldə olunmasında müxtəlif aidiyyəti qurumların, o cümlədən Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçilərinin, eləcə də şəhər sakinlərinin də böyük əməyi var. Artıq neçə ildir ki, Sumqayıt şəhərində “nümunəvi məhəllə” devizi altında tədbirlər keçirilir.
Bu günlərdə Ramazan bayramı və Qurtuluş günü münasibəti ilə şəhərimizin 6-cı, 11-ci və 9-cu mikrorayon ərazilərində tədbirlər keçirilmişdir. Tədbirdə Dostluq mədəniyyət evinin ansanblı da yaşayışçıları öz konsert proqramları ilə təbrik etdilər. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı Teymur Əhmədov, Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, 10 mikrorayondakı MİS-in rəisi Əziz Abasquliyev, şəhərimizin qurucularından olan Müzəffər Gülümov, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və mikrorayon sakinləri iştirak edirdilər.
Tədbirdə iştirak edən Müzəfər Gülümov çıxış edərək dedi ki, şəhərimizin təmiz saxlanılması üçün həyata keçirilən tədbirlərin əhəmiyyəti böyükdür. Şəhərimizə cənab Zakir Fərəcov İcra başçısı təyin olunandan sonra Sumqayıtda köklü bir dəyişiklik aparılıb. Bu az müddət ərzində illərlə yığılıb qalan problemlər həll olundu, şəhərdə abadlıq işləri başlandı. Bu gün Sumqayıta gələn qonaqlar şəhərin necə yaxşıya doğru dəyişdiyinin şahidi olurlar. Ölkə başçımızın Sumqayıta diqqəti də böyükdür. Cənab prezidentimizin Sumqayıta hər səfərində şəhərdə yeni iş yerləri açılır. Bu da təbii ki, şəhər sakinlərinin sevincinə səbəb olur. Mən bir Sumqayıt vətəndaşı kimi cənab başçımıza öz dərin minnətdarlığımı dilə gətirirəm və Qurtuluş günü, Ramazan bayramı münasibətilə xalqımızı təbrik edirəm. Azərbaycan xalqı həqiqətən bu gün Qurtuluş gününü yaşayır, azaddır, firəvandır, əmin-amanlıqdır. Bizə bu həyatı yaşatdığına görə hörmətli prezidentimizə bütün Azərbaycan xalqı adından dərin təşəkkür və minnətdarlığımızı bildirirəm.
Sonra tədbirdə iştirak edən Əhməd Rəcəbliyə söz verildi. O dedi:
-Son vaxtlar şəhərimizdə görülən işlər sakinlərin arzularının reallaşmasına səbəb olur. Sumqayıt şəhərində həqiqətən də böyük işlər görülür - park və bağlar salınır, yollarımız yenidən qurulur. Vaxtilə zibillə çirklənmiş ərazilər təmizlənir, yerində abad məhəllələr salınır. Cənab Zakir Fərəcov Sumqayıta icra başçı təyin olunandan sonra şəhərimizdə yenidənqurma işləri aparılmağa başlandı. Bu gün şəhərimizdə abadlıq işləri görülür, yollar asfaltlanır, küçələr salınır. Şəhərimizi daim diqqət mərkəzində saxlayan ölkə başçımıza dərin minnətdarlığımızı bildirirəm.
Tədbir iştirakçılarından Əvəz Mahmud Lələdağ, Təbiət Qasımov, Vahid Cəfərov, Təbrik Quliyev, Elmar Xəlilov, Tahir Məmmədov, Faiq İsmayılov, Qara Qarayev və başqaları da çıxış edərək öz minnətdarlıqlarını şəhər rəhbərliyinə çatdırdılar. Bayram tədbirinin aparıcıları və çıxış edənlər Sumqayıtın ev-ev, küçə-küçə, məhəllə-məhəllə abadlaşdırılması üçün daim böyük diqqət və qayğı göstərən şəhər rəhbərliyinə, öz yorulmaz abadlıq-quruculuq fəaliyyəti ilə sumqayıtlıların böyük rəğbətini qazanmış İcra Hakimiyyəti başçısı Zakir Fərəcova minnətdarlıq ifadə etmiş, xoş diləklərini bildirmişlər.
Təkcə şəhərimizdə deyil, elə respublikamızın hər yerinidə tanınan və sevilən şair Əvəz Mahmud Lələdağ da öz yeni şeirləri ilə tədbir iştirakçılarını salamladı və dedi:
-Sumqayıt bu gün inanılmaz şəkildə dəyişib. Mən elə bilirəm ki, bu, dəyişiklik cənab Zakir Fərəcovun Sumqayıta olan doğma münasibətindən qaynaqlanır. Çünki cənab başçının bütün ömrü Sumqayıtla bağlıdır. O, Sumayıtda yaşayıb, təhsil alıb, işləyib və Sumqayıtda da uğurlar qazanıb, zirvələri fəth edib. Gəlin keçmişə nəzər salaq. Abşerob rayonunun Xırdalan qəsəbəsinin əvvəlki vəziyyəti bərbad halda idi. Hər yerdə pərakəndəlik hökm sürürdü. Abşeron rayonuna İcra başçısı təyin olunandan sonra rayonun görkəmi əməlli-başlı dəyişdi. Bu gün Xırdalan şəhərini görənlər həqiqətən də cənab Zakir Fərəcovun necə möcüzələr yaratdığının şahidi olurlar. Şəhər sakinləri bu gün də cənab başçımızı hörmətlə xatırlayırlar.
Zakir Fərəcovun Sumqayıta başçı təyin olunmağı bütün Sumqayıt sakinləri tərəfindən sevinclə qarşılandı. Cənab başçı bu gün Sumqayıtı sanki yenidən yaradır, yenidən tikir. Parklar, xiyabanlar salınır, yollar asfaltlanır. Hər tərəfdə quruculuq işləri gedir, hər tərəfdə həyat qaynayır. Bu dəyişiklik üçün mən cənab başçıya dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Mən inanıram ki, hələ cənab başçı bundan sonra da daha böyük işlər görəcəkdir.
Hörmətli prezidentimiz cənab İlham Əliyev də Sumqayıtın adını hər zaman iftixarla çəkir. Görülən işləri diqqət mərkəzində saxlayır. Bu gün ölkəmizdəki əmin-amanlıq üçün də hörmətli prezidentimizə təşəkkür edirik. Vaxt vardı ki, insanlar evlərindən çıxmağa belə qorxurdular. Bu gün isə sakitlikdi, hər kəs rahat şəkildə işiylə, gücüylə məşğuldur. Təbii ki, bu da ulu öndərimiz Heydər Əliyevin davamçısı olan cənab İlham Əliyevin bacarıq və işgüzrlığının nəticəsidir. Mən bir daha Qurtuluş günü və Ramazan bayramı münasibətiylə bütün tədbir iştirakçilarını ürəkdən təbrik edirəm. Bayramınız mübarək!
Bəli, tədbirin sonunda məhəllə sakinlərindən bir neçəsi ilə də həmsöhbət olduq. Sakinlər bildirdilər ki, bu gün hər bir məhəllə və mikrorayon sakini abadlıq-təmizlik işlərini yüksək qiymətləndirir, həyata keçirilən tədbirləri ürəkdən dəstəkləyir, yaşadıqları mikrorayonun təmiz saxlanmasında fəallıq göstərməyi özlərinin mənəvi borcu sayırlar. Onlar çalışacaqlar ki, 10-cu mikrorayon hər zaman tədbirlərdə, yığıncaqlarda öncül yerlərdə olsunlar.
Təbiət Cəfərov isə çıxışı əsnasında dedi ki, Azərbaycanın son illərdə sürətli sosial-iqtisadi inkişafına, şəhər və kəndlərimizin infrastrukturunun xeyli yaxşılaşmasına nail olmuş ölkə Prezidenti İlham Əliyevə sumqayıtlılar adından minnətdarlıq edirik. O, etiraf etmişdir ki, şəhərin bütün məhəllə və mikrorayonlarını bu cür abad görməmişdir.
Şəhərin veteranı mikrorayon sakini şair Əşrəf Veysəlli və digərləri də Sumqayıta və sumqayıtlılara göstərilən diqqət və qayğıya, şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə, şəhər sakinlərinin sevimli istirahət mərkəzinə çevrilmiş dənizkənarı Bulvarın yaradılmasına görə bütün bu işlərin təkanvericisi, ilhamvericisi olan Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə etmişlər.
Yalnız uşaqların deyil, böyüklərin də sevincinə səbəb olmuş bayram tədbirində şəhərin Mədəniyyət Mərkəzinin, Sumqayıt şəhər Dostluq mədəniyyət evinin, müxtəlif musiqi kollektivlərinin, müğənnilərin ifasında mahnılar və Qurtuluş günü ilə bağlı şeirlər səsləndirilmiş musiqi sədaları altında rəqs etmişdilər.
Tahirə Həbliyeva