Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, regionlarda aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial vəziyyətinin yüksəldilməsi ölkə başçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin bariz nümunəsidir. Bu gün respublikanın hər bir bölgəsində uğurlu quruculuq işləri həyata keçirilir, sosial, inzibati və xidmət binaları tikilib istifadəyə verilir. Azərbaycanımızın çiçəklənməsi, yüksəldilməsi üçün yeni layihələr həyata keçirən prezident İlham Əliyev cənabları bölgələrə səfərlər edir. Sakinlərlə görüşüb onları narahat edən məsələləri dinləyib görülən işlərlə yerindəcə tanış olub, tövsiyyə və tapşırıqlarını verən dövlət başçısı bir daha sübut edir ki, o bütün nitqində söylədiyi kimi ölkəmizin iqtisadi yüksəlişinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına çalışır.
Yaşadığım respublikanın ikinci böyük şəhəri Gəncədə gözüm qarşısında aparılan genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri hər bir Gəncəli kimi məni də sevindirir. Burada insanlarla görüşümdə və söhbətimdə eşitdiyim xoş sözlər ürəyimi fərəhləndirir.
Ölkə Prezidentinin Gəncəyə və Gəncəlilərə olan diqqət və qayğısı nəticəsində Gəncə günü-gündən gözəlləşir və qədimliyini saxlamaqla müasir şəhərə çevrilir.
Hər yeni gün şəhərdə yeni layihələrin inşası davam etdirilir. Gəncə Dövlət Filarmoniyası, Gəncə MALL Ticarət Mərkəzi, “Grand Qafqaz” bazar kompleksində aparılan tikinti və kosmetik işlər yekunlaşmaq üzrədir.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin apardığı abadlıq-quruculuq işləri, yenidənqurma hər bir gəncəlinin ürəyincə olduğu kimi bura gələn qonaqların da qəlbini fərəh hissi ilə doldurur. Onun səyi və təşəbbüsü nəticəsində Gəncə günü-gündən gözəlləşir, füsunkarlığı göz oxşayır.
Bu gün Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü və səyi nəticəsində şəhərdə çox böyük abadlıq və quqruculuq işləri davam etdirilir.
Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının 4-cü mərhələsi davam etdirilir. Layihə 2019-cu ilin sonuna kimi başa çatdırılacaq ki, bu da şəhər əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına və 24 saat içməli su ilə təminatına xidmət edəcək. Hazırda Gəncə şəhərinin 38 küçəsində də abadlıq quruculuq işləri aparılır. Su-kanalzasiya xətləri yenilənir, kommunikasiya xətləri dəyişdirilir, yeni işıq dirəkləri quraşdılır. Həmçinin 10-dan çox küçənin hal-hazırda asfalt örtüyü yenilənib başa çatır.
Gəncə şəhərinin İcra başçısı Elmar Vəliyev şəhərin mərkəzi ilə yanaşı, şəhərətrafı qəsəbələrə də xüsusi diqqətlə yanaşır. Belə ki, bu istiqamətdə Gəncənin Gülüstan qəsəbəsində yenidənqurma və təmir-bərpa işləri görülüb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin tapşırığına əsasən, Gülüstan qəsəbəsində yerləşən 13 saylı körpələr evi-uşaq bağçasında təmir işləri başlanılıb. Təmir işləri çərçivəsində 13 saylı uşaq bağçasının korpusunda kanalizasiya xətləri, istilik sistemi yenidən çəkilir, bağçanın pəncərələri yenilənir. Daxildə isə kosmetik işlər görülür. Əsaslı təmir çərçivəsində qrup otaqlarının geniş və işıqlı olması nəzərə alınır.
Prezident İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş Gəncə Dövlət Filarmoniyasının inşası sürətləndirilib və sentyabr ayında istifadəyə verilib.
Mərkəzi Univermağa məxsus, ümumi sahəsi 2 min 500 kv.metr olan, 8 mərtəbəli “Otel Univermaq”ın inşası davam etdirilir.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev nəqliyyat, rabitə və informasiya xidməti sektorunda fəaliyyət göstərən subyektlərin işlərini də daim diqqət mərkəzində saxlayır və bu sahəyə investisiyaların yatırılması, şəhərdaxili yolların yenidən qurulması, genişləndirilməsi, təmir və bərpası ilə əlaqədar mühüm işlər davam etdirilir.
Təhsilin inkişafı və bu strateji sahənin maddi-texniki bazasının getdikcə müasirləşməsi və möhkəmləndirilməsi sahəsi də Gəncə şəhər icra hakimiyyətinin daim diqqət mərkəzindədir. Bu sahədə mərhələli şəkildə ardıcıl işlər aparılır.
Gəncə şəhər icra hakimiyyəti vətəndaşların sağlamlığının qorunmasını, göstərilən tibb xidmətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsini, tibb müəssisələrinin təmiri və yenilərinin tikintisini, onların müasir avadanlıqlarla təchiz olunmasını da daim diqqət mərkəzində saxlayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Psixiatriya Xəstəxanası üçün beynəlxalq standartlara uyğun müasir 2 korpus və yardımçı binaların tikintisinin bünövrəsi qoyulmuş, Endokrinoloji xəstəxanada əsaslı təmir işləri başa çatdırılmışdır. Regional Perinatal Mərkəzinə portativ rentgen aparatı, yenidoğulmuşlar üçün süni tənəffüs aparatı, əməliyyat masası, şəkərli diabet xəstələrinə 620 ədəd qlükometr verilmiş, tibb müəssisələri yeni yumşaq və bərk inventarlarla təminatı istiqamətində işlər davam etdirilmişdir.
İnkişafın ictimai sabitlikdən keçdiyini vurğulayan gəncəlilərin söhbətlərinə rəğmən şəhərdə ictimai sabitliklə bağlı apardığımız söhbətlər də qəlbimizi fərəhləndirdi. Gəncə şəhər Prokurorluğu, digər hüquq mühafizə orqanları tərəfindən ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülmüşdür. Bu sahədə ülən işlərə də nəzarət xeyli gücləndirilir. Gəncə şəhərinin şanlı polisinin ictimai sabitliyin keşiyində ayıq-sayıq dayanması ölkəmizin inkişaf surətini daha da artırır.
Yazdıqlarımdan, gördüklərimdən belə bir nəticəyə gəldim ki, Gəncə çox qürur duyulası, seviləsi, fəxr ediləsi qədim tarixə malik Azərbaycan şəhəri, gözəlliklər diyarıdır. Bu yolda zəhmət çəkənə, sərəncam verənə "çox sağ ol!" deyirəm. Gəncə üçün edilən fədakarlıqlar göz önündədir. Bilmirsən hansı tərəfə baxasan, hansı gözəlliyin nəğməsini oxuyasan. Bu boyda xaruqələr yaradana, yüksək zövqlə, ürək odu ilə görülən abadlıq işlərinə görə Azərbaycan Prezidentinə, Gəncə şəhər İcra başçısına minnətdarlıq duyğuları ilə təşəkkür edirəm.
Elşad Hüseynov
Bölgə müxbiri