
Elman Eldaroğlu – 60
2026-cı ilin üçüncü günü... Hələ də Yeni il bayramının feyz şəbnəmləri ilə süslənmiş bir ovqatdayıq. Bu xüsusi gündə düşünürəm ki, dəyərli bir eloğlumuz və əziz aydınımızın, Söz Adamının 60 illik yubileyi də bayram təntənəsitək qeyd olunmağa layiqdir. Bu özəlliyi isə onun uzun illər boyu gur olan idrak işığı, düşüncə dünyası dəyər olaraq özündə ehtiva edir.
“Daxili dünyası çox zəngindir. Həssas və duyğusaldır. Güclü olmağı xoşlayır. Hər eşitdiyinə inanmır, onun üçün həqiqət gözlə qulağın arasında baş verən hadisələrdən ibarətdir...” Bu sətirlər elə ona – şair, publisist, jurnalist Elman Eldaroğluna məxsusdur və mənim haqqımda qələmə aldığı məqalənin girişindən iqtibasdır. Fərəhlə deyə bilərəm ki, vurğulanan müsbət və fəzilətli keyfiyyətlər eyni zamanda həmin fikirlərin müəllifininin özünə də şamildir, həm də onun daxili aləmini və yaradıcılıq mövqeyini əks etdirir.
Zaman elə insanlar yetişdirir ki, onların həyatı şəxsi taleyin deyil, bütöv bir mühitin, bir elin, bir dövrün salnaməsinə çevrilir. Elman Eldaroğlu da məhz belə şəxsiyyətlərdəndir. Onun 60 illik ömür yolu təkcə yaşanan illərin ardıcıllığı deyil, sözə sədaqətin, ictimai məsuliyyətin, vətən və insan sevgisinin tərcümeyi-halıdır.
Əslən Yardımlıdan olan Elman Eldar oğlu Mustafayev 3 yanvar 1966-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Sənaye şəhərinin zəhmətkeş mühiti, insanların sadə və səmimi yaşam tərzi onun gələcək dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. İlk təhsilini 1973–1976-cı illərdə Sumqayıt şəhər 9 saylı orta məktəbdə alan Elman Eldaroğlu daha sonra 17 saylı orta məktəbdə oxuyaraq 8 illik təhsilini başa vurub. Gənc yaşlarından həm texniki biliklərə, həm də humanitar sahəyə maraq göstərməsi onun çoxşaxəli şəxsiyyətinin ilk əlamətlərindən idi.
1981–1985-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil alması ilə yanaşı, o, paralel şəkildə “Sosialist Sumqayıtı” qəzetində fəaliyyət göstərən iki illik jurnalistika kursuna qatılıb. Məhz bu dövrdə qələm onun üçün sadəcə yazı aləti deyil, düşüncənin, mövqenin və ictimai sözün ifadə vasitəsinə çevrilib. Həmin qəzetdə ştatdankənar müxbir kimi çalışması Elman Eldaroğlunun jurnalistika yolunda ilk ciddi addımı olub.
Onun həyat yolunda hərbi xidmət də mühüm yer tutur. 1985–1987-ci illərdə Sovet qoşunlarında, daha sonra 1995–1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət etməsi Elman Eldaroğlunun vətənə bağlılığını, dövlətçilik düşüncəsini daha da möhkəmləndirib. Bu təcrübə onun publisistik yazılarında hiss olunan vətəndaş mövqeyinin, milli məsuliyyət duyğusunun qaynaqlarından biridir.
1987-ci ildə istehsalatdan ayrılmadan Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olunması onun əzmkar xarakterini, daim öyrənməyə, özünü inkişaf etdirməyə olan istəklərini təsdiqləyir. Lakin Elman Eldaroğlunun həyatında yalnız fərdi inkişaf deyil, ictimai fayda da hər zaman ön planda olub. Bu düşüncənin nəticəsi olaraq Yardımlı Xeyriyyə Cəmiyyətinin yaradılması və “Yardımlının səsi” müstəqil qəzetinin təsis edilib baş redaktoru olması onun ictimai fəaliyyətinin zirvələrindəndir. Bu qəzet uzun illər Yardımlının, onun insanlarının səsi, dərdi və sevinci olub.
Elman Eldaroğlu həm də söz adamıdır. Onun “Alın yazısı”, “Bir yarpaq ömrü” şeir kitabları insan taleyinə, zamanın ötəriliyinə, daxili duyğuların səmimiyyətinə işıq salır. “Bir elin övladları”, “Ömrün Yardımlı döngəsi” publisistik kitabları isə müəllifin doğma yurda, el-obaya, tarixi yaddaşa olan dərin bağlılığının bədii-publisistik ifadəsidir. Bundan əlavə, 20-dən çox maarifləndirici kitabçanın müəllifi kimi Elman Eldaroğlu cəmiyyətin bilik və düşüncə ehtiyacına xidmət edən qələm sahiblərindəndir.
Onun yaradıcılığı yalnız yazı ilə məhdudlaşmır. 19 noyabr vertolyot qəzasında həlak olmuş dövlət xadimi Vəli Məmmədova həsr edilən “Millətin Vəlisi”, kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında “Odlu həyat”, el ağsaqqalı Baxas Qubadov barədə “Söz və əməl sahibi” sənədli filmləri Elman Eldaroğlunun tarixi şəxsiyyətlərə, milli dəyərlərə verdiyi önəmin ekran ifadəsidir. Bu filmlərdə o, unudulmamalı taleləri yaddaşlarda yaşatmaq missiyasını üzərinə götürür.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elman Eldaroğlu Prezident təqaüdçüsü kimi də dövlət tərəfindən qiymətləndirilən ziyalıdır. 2015–2020-ci illərdə ABŞ-ın Miçiqan ştatında yaşaması onun dünyagörüşünü daha da genişləndirmiş, beynəlxalq təcrübə ilə milli düşüncənin sintezini yaradıcılığına gətirmişdir.
Bu gün Elman Eldaroğlunun 60 yaşı tamam olur. Bu 60 il sözün, əməyin, vicdanın və xidmətin 60 ilidir. O, qələmi ilə insanlara yol göstərən, publisistik mövqeyi ilə cəmiyyəti düşündürən, fəaliyyəti ilə doğma elinə dayaq olan ziyalı obrazıdır. Elman Eldaroğlu üçün yaş yalnız rəqəmdir; əsas olan arxada qalan iz, deyilən söz və görülən işdir. Bir şeirimdə dediyim kimi : şairlərin yaşı olmur.
Şair özü qocalsa da,
Sözü vaxtdan ucadırsa,
Ömürdürsə uzun, qısa...
Şairlərin yaşı olmur!
Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır...
Şairlərin yaşı olmur!
Nə vaxt gəlsə ilham pərim,
Qantək tutur şairliyim.
Başqa vaxtlar öz dərd-sərim...
Şairlərin yaşı olmur.
Ömür təqviminin 60 illik zaman məsafəsindən dünyaya ulu sözün gözü ilə baxan Elman Eldaroğlunun ədəbi dünyasına, düşüncələrinə, publisist mövqeyinə bələd olduqca bələ qənatə gəlmək olur ki, sözün gücünü və gözəlliyini yalnız kağıza köçürən deyil, həm də oxucusunun ruhunu oxşayan, düşüncələrinə gur işıq salan bir insanın 60 illik yubileyini qeyd edirik. Onun yazdıqları zamansızdır, millətinin və cəmiyyətinin səsini və ruhunu əks etdirən əbədi işıqlardır. Məncə, "SÖZÜN ŞƏFƏQ ÇAĞI" ifadəsi Elman Eldaroğlunun bir şair, fikir adamı olarqaq ən təbii xülasəsidir. Şəfəq, təkcə səhərin ilk işıqlarını, ağaran dan yerini deyil, həm də şairin sözlərinin, düşüncələrinin oxucuların qəlbinə necə işıq tutduğunu simvollaşdırır.
60 il boyunca sözü ilə insanlar arasında körpülər qurmuş, fərqli fikir və görüşlər arasında anlaşma yolunu açmış bir şair və publisist, şübhəsiz ki, özünü bir zamanlar təqdir etdikləri və oxuduqları yazıçılardan biri kimi görür. Onun irsi yalnız bu günün deyil, gələcəyin də əhəmiyyətli bir qaynağı olacaq. Çünki hər bir yazısında bir insanı düşündürən, onu idrak dərinliyə aparan və onu insanlıq adına daha yaxşı bir yola yönəldən bir mesaj var.
Bu yubiley, yalnız bir aydının 60 illik həyatını qeyd etmək deyil, həm də o insanın sözlərinin və düşüncələrinin gələcək nəsillərə necə bir işıq tutduğunun tanınmasıdır. Sözünün şəfəq çağı heç vaxt bitməyəcək, hər zaman yeni səhərlər, yeni ümidlər gətirəcək. Ömür təqviminin 60 illiyi gözünə-könlünə köçən gözəlliklər, uğurlu özəlliklərlə qutlu olsun, dəyərli aydınımız Elman Eldaroğlu!
✍️ Tapdıq ƏLİBƏYLİ
BİA.az