"Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır".
Heydər ƏLİYEV
İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Həmin gün ulu öndərin həkimlərə ünvanladığı təbrik məktubunda deyilirdi: "... Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz... Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir". Bu fikirlərdə ulu öndərin milli səhiyyəmizin inkişafına yönələn diqqət və qayğısı, həkimlərimizə olan sevgi və məhəbbəti, bu peşənin müqəddəsliyi, məsuliyyəti açıq şəkildə öz əksini tapmışdır. Bir faktı da qeyd edək ki, 17 iyunun tarixə düşməsi heç də təsadüfi olmamışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı idi. Həmin qərar isə iyunun 17-də imzalanmışdır. Azərbaycan səhiyyəsinin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə ümummilli lider Heydər Əliyevin tariximizə olan həssas münasibətinin bariz nümunəsi idi.
Bu günlərdə yolumu Sokrat Medikal Tibb Mərkəzinə salmışdım. Mərkəzin baş direktoru və baş həkimi məni gülərüzlə qarşıladılar və onlarla ayaqüstü söhbət edirəm. Baş həkim İradə Şəmmədova söhbətinə həkimlik sənətinin necə məsuliyyətli olması ilə başlayır:
- Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə “el anası” demişlər. Həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdir. Dərin ağıllı, mütərəqqi adamlar loğmanla müqayisə edilmişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Həkimlik sənətinin özünəməxsus bir sıra qanun-qaydaları vardır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir.
İnsanda inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam hissi olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbiləri səmərəsiz olur. Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir.
Xalq şairi Səməd Vurğunun xaricdə ağır xəstə olarkən dediyi misralar bu mənada çox maraqlıdır:
Vaxtsız əcəl, məndən uzaq dayan dur,
Qürbət eldə can vermərəm ölümə.
Qılıncını məndən uzaq dolandır,
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə.
Şair inanır, “əcəl” qürbət eldə onunla haqq-hesab çəkə bilməz. O, yalnız uğrunda canından keçməyə hazır olduğu, gözəlliyini tərənnüm etməkdən doymadığı vətənində ölə bilər. Bu inam çox ciddi xəstəliyə tutulmuş şairin vətənə sağ qayıdıb gəlməsinə yəqin əsas səbəb olmuşdur.
Biz həkimlər xəstəni müayinə və müalicə edərkən bu prinsipi həmişə rəhbər tutmalıyıq. Həkim kimi eyni zamanda xəstənin adət və xasiyyətlərini, əsəbi vəziyyətini, mədəni inkişaf səviyyəsini, xəstəliyi doğuran obyektiv və subyektiv amilləri diqqətlə öyrənməli, nəzərə almalıyıq. Həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərir. Ailəsindən, qohum və tanışlarından, dostlarından ayrı düşmək xəstələri kövrəldir. Fikrən həssas olan insan, xəstələndikdə daha da həssas olur. Yerində işlədilməyən sözə, hərəkətə qarşı ciddi reaksiya verir. Belə hallarda həkimin qayğısı,səmimiyyəti ən təsirli müalicə vasitəsidir. Xəstələrə fərdi yanaşmaq, onların şəxsiyyətlərinə, ləyaqətlərinə hörmət etmək həkimlərin müqəddəs borcudur. Həkim xəstəni müayinə edərkən, kimdən nəyi soruşmaq və necə soruşmaq lazım olduğunu bilməlidir. Bu vaxt xəstənin yaşı, təhsili, dünyagörüşü və s. xüsusiyyətləri nəzərə alınmalıdır. Eyni xəstəlik müxtəlif adamlarda müxtəlif formalarda təzahür edir. Buna görə də həkim hər bir xəstə üçün yalnız onun özünəxas fərdi müalicə üsulu tapmağı bacarmalıdır. İnsanların keçirdikləri əzab-əziyyətləri, ruhi sarsıntıları duymaq, onun səbəblərini aşkar edib müvafiq tədbirlər görmək üçün adi həkim olmaq kifayət deyil. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır.
Mərkəzin baş direktoru Şakir Qulamov isə belə dedi:
- Həkimlik. Çoxlarının xəyalıdır həkimlik. Tarix boyu və indi dünyada ən müqəddəs peşəsi sayılır. Çünki bu sənətin sahibləri insanların ən dəyərli neməti sağlamlıqlarının keşiyindədir. Can sağlamlığı olmayan insanın milyardı belə olsa həyatı yarım yaşayır və digərlərinə nisbətən həyatdan o qədər də zövq ala bilmir. Bizim mərkəzdə bu gün onlarla xəstəliyin tam sağlamlığı üçün zəmanət verilir. Belə ki, burada bacarıqlı və savadlı həkimlərimiz çoxdur. Onlar xalqımızın sağlamlığı üçün bacarıqlarını əsirgəmirlər. Belə ki, mərkəzimizdə terapevtlər, mədə-bağırsaq həkimi, göz xəstəlikləri, pediatrlar var ki, onlar bu gün barmaqla sayılan həkimlər arasındadırlar. Onlar hər zaman xalqımızın sağlamlığı üçün çalışırlar.
Sokrat Medikal Tibb Mərkəzindən xoş əhval-ruhiyyə ilə ayrılıram.
Hazırladı: Şamil Cəfər