
“Bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal...”
Cihad qardaşlarım (Firuz qardaşımın simasında bütün Qazax, Tovuz... bölgəsinin Xüsusi Təyinatlı Qüvvələrin şəhid qəhrəmanlarına həsr edirəm).
Şərafəddin Xankişiyev (kod adı Xanış)
XTQ-nin baş giziri
Bu yaxınlarda yolum Qazax, Ağstafa və Tovuz zonasına düşmüşdü. Mən bu torpaqlarda yaşayan insanları igid, cəsur, mərd, qonaqpərvər, gülərüz və Vətənini sevən insanlar kimi tanımışam. Bu rayonların insanları dostluğa böyük dəyər verir, sözünün sahibi olur, mərdliyi və vətənpərvərliyi ilə seçilir.
Bu ellərdə elə qəhrəman oğullar yetişib ki, onların şücaəti və qəhrəmanlığı sayəsində 32 il həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. "Qəhrəmanlar diyarı" deirlər bu yerlərə. Çünki bu torpaqlar qəhrəmanlar yetişdirən, Vətənə sədaqətli insanların yurdudur.
Mən bu diyarda yaşayan, bu rayonlarda doğulub boya-başa çatan insanların bir çoxu ilə XTQ sıralarında xidmət etmişəm və onların necə cəsur, mərd, vətənpərvər igidlər olduqlarının şahidiyəm.
Bu igidlər qorxu bilməyən, Vətəni öz canından belə çox sevən insanlardır. Onlar hər zaman döyüşlərin ən qaynar nöqtələrində vuruşmağa can atıb, lazım gəldikdə isə Vətən uğrunda canlarından keçməyə hazır olublar. Onlar bu xalqın yetişdirdiyi əsl mərd oğullardır.
XTQ-də xidmət etdiyim və döyüşdüyüm müddətdə bu bölgənin igidləri ilə çiyin-çiyinə xidmət etmişəm, onlarla möhkəm dostluq bağları qurmuşam. Bir çox çətin sınaqlardan və döyüş yollarından birlikdə keçmişik.
XTQ sıralarında bu rayonlarda dünyaya göz açmış və tanıdığım qəhrəmanlardan bəzilərini sizlərə təqdim etmək istəyirəm: şəhid Firuz Məzahir oğlu Əhmədov, şəhid Oktay Ələddin oğlu Bədəlov, şəhid Mühüd Qurban oğlu Orucov, şəhid Mehman Musa oğlu Yusifov, şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Rövşən oğlu Cabbarov, şəhid Yunis Qasım oğlu Kazımov, şəhid Cavid Hümbət oğlu Hüseynov, polkovnik Eldəniz Fəruddin oğlu Namazov, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Mirağa oğlu Əhmədov, Elməddin Səhrəddin oğlu Yusubov, Elvin İbadov, Anar Daşdəmirov, Natiq Mehdiyev, Natiq Qəhramanov və digər igidlər... Bu şəxslər tək Qazaxın, Tovuzun, Ağstafanın deyil, bütün Azərbaycanın fəxridir. Bunlar əsl Azərbaycanın qəhrəman övladlarıdır.
Bu qəhrəmanların bir çoxu Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalıb, bir çoxu isə bu gün də sağdır və xalqına xidmət etməyə davam edir. Onların hərəsi bir tarix, bir qəhrəmanlıq salnaməsidir. Məhz belə mərd və cəsur oğulların sayəsində xalqımız bu gün rahat və təhlükəsiz yaşayır.
Yuxarıda adlarını çəkdiyim igidlərdən biri haqqında, həyatını yaxından bildiyim, illərlə bir yerdə xidmət etdiyim, çətinlikləri birlikdə paylaşdığım, ən yaxın dostlarımdan olan və 10 il eyni bölmədə çalışdığım şəhid Firuz Məzahir oğlu Əhmədov barədə sizlərə ətraflı məlumat vermək istəyirəm.
Firuzla tanışlığım 2010-cu ildə XTQ-də xidmət etdiyim dövrə təsadüf edir. O, XTQ kursunu uğurla bitirdikdən sonra döyüş bölməsinə mənə köməkçi vəzifəsinə təyin olunmuşdu. Xidmət dövründə aramızda yaranan dostluq zamanla qardaşlığa çevrildi.
2012-ci ildən 2016-cı ilədək düşmən dərinliyində keçirilən bir çox kəşfiyyat döyüş tapşırıqlarında birlikdə iştirak etdik. 2016-cı ilin Aprel döyüşlərində də çiyin-çiyinə vuruşduq. 2020-ci ilin 44 günlük Vətən müharibəsində isə ayrı-ayrı bölmələrdə döyüşsək də, onun göstərdiyi şücaət, igidlik və cəsarət bütün XTQ şəxsi heyəti arasında dillər əzbəri olmuşdu.
Firuz təkcə peşəkar döyüşçü deyil, eyni zamanda güclü tibbi hazırlığa, həm nəzəri, həm də praktiki biliklərə malik hərbçi idi. O, dəfələrlə ön xətdə döyüşə-döyüşə yüzlərlə yaralının həyatının xilas edilməsində mühüm rol oynamışdı. Yaralı yoldaşlarını təhlükə altından çıxarmaq, onlara ilkin tibbi yardım göstərmək onun üçün adi bir vəzifə deyil, vicdan borcu idi.
Onun igidliyi, mərdliyi, yüksək peşəkarlığı və Vətənə sonsuz sədaqəti rəhbərlik tərəfindən də yüksək qiymətləndirilmişdi. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan tərəfindən bir neçə medalla təltif edilmiş, həmçinin Azərbaycanın ən ali mükafatlarından biri olan "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdü.
Firuz Məzahir oğlu Əhmədov mənim üçün sadəcə silahdaş və döyüş yoldaşı deyildi. O, çətin günlərdə arxalana biləcəyim qardaş, mərdliyi və insanlığı ilə seçilən əsl Vətən oğlu idi. Həm də ailəsinə bağlı, 3 oğul atası idi.
2021-ci ildə Kəlbəcər rayonunda dövlət sərhədlərimizin bərpası zamanı təxminən 60 günə yaxın birgə xidmət etdik. Çətin dağlıq şəraitdə, ön xətdə çiyin-çiyinə dayanaraq Kəlbəcər istiqamətində sərhədlərimizin möhkəmləndirilməsi və müdafiəsi uğrunda mübarizə apardıq.
2022-ci ildə Kəlbəcər rayonu ərazisində düşmənin təxribatının qarşısının alınması məqsədilə həyata keçirilən döyüş tapşırığında da eyni səngərdə, eyni istiqamətdə döyüşürdük. Şiddətli atışmaların getdiyi anlarda Firuz həm düşmənə qarşı mərdliklə vuruşur, həm də yaralı döyüş yoldaşlarına ilkin tibbi yardım göstərirdi. Onun peşəkarlığı və fədakarlığı sayəsində bir çox qazilərimiz bu gün də həyatdadır.
Döyüşlərin ən qızğın anlarında, vəzifəsini yerinə yetirərkən Firuz snayper atəşi nəticəsində ağır yaralandı. O, son nəfəsinə qədər döyüşçü kimi mübarizə apardı və Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucaldı.
Firuzun şəhid olması bizim üçün çox ağır və sarsıdıcı itki oldu. Həmin döyüşlərdə digər silahdaşlarımız da şəhid olaraq ən uca zirvəyə yüksəldilər. Onların hər biri Vətən torpağının müdafiəsi uğrunda canından keçən qəhrəman oğullar idi. Firuzun döyüşlərdə göstərdiyi igidlik, cəsarət və qəhrəmanlıq yüksək qiymətləndirildi və o, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin adından "Rəşadət" ordeni ilə təltif olundu.
2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Bu qələbə həm də Firuzun və digər şəhidlərimizin yarımçıq qalan arzularının gerçəkləşməsi, onların uğrunda mübarizə apardıqları müqəddəs məqsədlərin həyata keçməsi idi. Lakin bu dəfə bir fərq var idi. Firuz artıq bizimlə deyildi. O, bir il əvvəl şəhidlik zirvəsinə ucalmışdı. Biz isə onun və bütün şəhidlərimizin əmanət qoyduğu Vətən uğrunda mübarizəni davam etdirirdik, onların müqəddəs xatirəsinə sadiq qalaraq döyüş yolunu davam etdirirdik.
Allah Firuz qardaşımıza və bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Onların göstərdiyi qəhrəmanlıq, mərdlik və fədakarlıq Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
Bu paylaşımı etməkdə məqsədim odur ki, hər kəs görsün və bilsin: Qazax, Tovuz və Ağstafa torpaqları necə igid oğullar yetişdirib. Bu bölgələrin mərd övladları Azərbaycanın ən şərəfli və elit hərbi birliklərindən olan XTQ sıralarında xidmət edib, Vətən uğrunda döyüşüb, canlarından keçərək qəhrəmanlıq salnaməsi yazıblar. Onların adı və əməlləri hər zaman qürur mənbəyimiz olacaq.
Hərə öz qismətini yaşayır. Hamımız, hər birimiz bu döyüşlərdə hər saniyə ölümlə üzbəüz gəldik. Qismət, sizin qismətiniz şərafətli şəhid ucalığı. Mənə isə sizin kimi qardaşların, əqidədaşların xatirələrinə dalaraq xatırlamaq və kövrəlmək qalır. Nə qədər bu həyatdayamsa sizlər mənimləsiniz. Mənim əzizlərim yuxunuz şirin olsun, QARDAŞLAR!
İgidlər oylağı bizim tərəflər...
Qazax və Tovuz bölgələrinin Xüsusi Təyinatlı Qüvvələrinin şəhid qəhrəmanlarının obrazları
Xalq şairi Səməd Vurğunun dillər əzbəri olan “İgidlər oylağı bizim tərəflər” misrası Azərbaycanın qərb bölgələrinin – Qazaxın, Tovuzun, Ağstafanın mənəvi pasportu kimi səslənir. Bu torpaqlar əsrlər boyu mərdlik, cəsarət, qeyrət və vətənpərvərlik məktəbi olub. Tarixin ən çətin dönəmlərində dövlətə və Vətənə sədaqət nümunəsi göstərən oğullar məhz bu ellərdə yetişib. Onların qəhrəmanlıq salnaməsi yalnız keçmişin deyil, həm də bugünkü Azərbaycanın şərəf tarixinin ayrılmaz hissəsidir.
Qazax və Tovuz bölgəsi Azərbaycan xalqının qəhrəmanlıq yaddaşında xüsusi yer tutur. Bu bölgələrin insanları hər zaman sərhəd keşikçisi kimi tanınıb, dövlətin təhlükəsizliyi naminə ön sıralarda dayanıb. Elə buna görə də Azərbaycanın ən elit hərbi birliklərindən olan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında bu bölgələrin yetirmələri həmişə çoxluq təşkil edib.
44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə xalqımız bir daha gördü ki, Qazaxın, Tovuzun, Ağstafanın igid oğulları Vətən sevgisini sözlə deyil, qanı və canı ilə sübut edirlər. Onlar ən çətin döyüş tapşırıqlarında, düşmən arxasında keçirilən əməliyyatlarda, ən təhlükəli istiqamətlərdə xüsusi peşəkarlıq nümayiş etdirərək Azərbaycanın hərb tarixində silinməz iz qoyublar.
Bu qəhrəmanlardan biri XTQ-nin igid zabiti, şəhid Firuz Məzahir oğlu Əhmədovdur. O, peşəkar hərbçi olmaqla yanaşı, həm də insanlıq nümunəsi idi. Silahdaşlarının xatirələrində Firuz hər zaman mərd, təmkinli, cəsarətli və Vətənə sonsuz sədaqətli bir insan kimi yaşayır. Döyüş meydanında qorxmazlığı, yaralı yoldaşlarını ölümün pəncəsindən xilas etmək üçün göstərdiyi fədakarlıq onu silahdaşlarının yaddaşında əbədi qəhrəmana çevirib.
Firuz Əhmədovun həyat yolu Azərbaycan gəncliyi üçün örnəkdir. O, hərbi xidmətə sadəcə peşə kimi deyil, müqəddəs missiya kimi baxırdı. Vətən müharibəsində göstərdiyi igidlik nəticəsində müxtəlif dövlət təltiflərinə layiq görülməsi onun xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Lakin onun ən böyük mükafatı xalqının sevgisi və ehtiramıdır.
Qazax və Tovuz bölgələrinin yetişdirdiyi digər XTQ qəhrəmanları da eyni dərəcədə böyük hörmətə layiqdirlər. Şəhid Oktay Ələddin oğlu Bədəlov, şəhid Mühüd Qurban oğlu Orucov, şəhid Mehman Musa oğlu Yusifov, şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Rövşən oğlu Cabbarov, şəhid Yunis Qasım oğlu Kazımov, şəhid Cavid Hümbət oğlu Hüseynov və onlarla digər igid Azərbaycan oğulları öz qanları ilə qəhrəmanlıq dastanı yazıblar.
Onların hərəsi bir məktəbdir. Onların hər biri gələcək nəsillərə örnək olan həyat yolu keçiblər. Bu qəhrəmanlar sübut etdilər ki, Vətən sevgisi insanı ən uca zirvələrə yüksəldə bilər. Onlar ölümün gözünə dik baxaraq xalqın şərəfini qorudular, dövlətin ərazi bütövlüyü uğrunda son nəfəsədək mübarizə apardılar.
XTQ sıralarında xidmət edən bu igidlərin əksəriyyəti uzun illər ərzində ən ağır hərbi hazırlıq mərhələlərindən keçmiş, xüsusi əməliyyatlarda iştirak etmiş, peşəkarlıq və dözümlülük nümayiş etdirmişlər. Onların hər biri xüsusi hazırlığın, möhkəm iradənin və tükənməz vətən sevgisinin təcəssümü idi.
Qazax və Tovuz bölgələrinin qəhrəman oğulları yalnız döyüş meydanında deyil, gündəlik həyatlarında da nümunəvi insanlar olublar. Onlar ailələrinə bağlı, dostluqda sədaqətli, insanlara qarşı qayğıkeş və mərhəmətli olublar. Məhz bu xüsusiyyətlər onların döyüş meydanında da fərqlənməsinə səbəb olub.
Azərbaycan xalqı şəhidlərini heç vaxt unutmur. Çünki şəhidlər Vətənin əbədi yaşayan övladlarıdır. Onların adları məktəblərdə, küçələrdə, xiyabanlarda yaşadılır. Onların xatirəsi gənc nəslə vətənpərvərlik ruhu aşılayır. Bu gün Azərbaycanın hər bir guşəsində şəhidlərimizin ruhuna ehtiram göstərilməsi xalqımızın milli-mənəvi dəyərlərə sədaqətinin göstəricisidir.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər minlərlə qəhrəmanın şücaəti hesabına əldə edildi. Bu qəhrəmanların sırasında Qazax və Tovuz bölgələrinin oğulları xüsusi yer tutur. Onlar Azərbaycanın hərb tarixinin qızıl səhifələrini yazaraq gələcək nəsillərə böyük irs qoyublar.
Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımızın hər bir rəngi şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi ilə daha da müqəddəsləşib. Bu müqəddəs bayrağın altında xidmət edən XTQ qəhrəmanları Azərbaycan tarixinin ən şərəfli səhifələrinin müəllifləridir.
Səməd Vurğunun məşhur misraları bu gün də öz aktuallığını qoruyur. Həqiqətən də, Qazaxın, Tovuzun, Ağstafanın elləri igidlər oylağıdır. Bu torpaqlar mərd oğullar yetişdirməkdə davam edir. Azərbaycanın dövlətçiliyinə sədaqət, Vətən sevgisi və qəhrəmanlıq ənənələri bu bölgələrdə nəsildən-nəslə ötürülür.
Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların ailələrinə dərin ehtiramımızı bildiririk. Qəhrəmanlarımızın həyat yolu hər bir Azərbaycan gənci üçün örnəkdir. Onların göstərdiyi şücaət və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq.
Çünki qəhrəmanlar ölmürlər. Onlar xalqın qəlbində, dövlətin tarixində, azad edilmiş torpaqların hər qarışında yaşayırlar. Qazaxın, Tovuzun və Ağstafanın igid oğulları da məhz belə qəhrəmanlardandır.
Ruhunuz şad olsun, Vətən qəhrəmanları! Azərbaycan sizi heç vaxt unutmayacaq.
İgidlər oylağı bizim tərəflər,
Hər qaya bir qala bizim tərəflər.
Qüdrətin mənbəyi, elin dayağı,
Babalar məskəni bizim tərəflər.
Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl qələm” mükafatçısı
Fərid Səfərov
AJB-nin üzvü
“Qızıl qələm” mükafatçısı