
Bu gün əsir düşməmək üçün “Su-25” döyüş təyyarəsini düşmən səngərinə çırpan şəhid polkovnik Zaur Nudirəliyevin anım günüdür.
“Qafqazinfo” xəbər verir ki, onun qəhrəmancasına şəhid olmasından artıq 6 il ötür.
Şəhid polkovnik 1 sentyabr 1978-ci ildə Bakıda anadan olub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib və həmin il Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə daxil olub. 2000-ci ildə “Təyyarəçi” ixtisası üzrə məzun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrində xidmətə başlayıb.
Zaur Nudirəliyev 2011-ci il noyabrın 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində alman dilinin öyrənilməsi məqsədilə general-admirallar üçün Hərbi Liseydə təhsil alıb.
O, 20 illik hərbi xidməti dövründə müxtəlif vəzifələrdə çalışaraq Kürdəmir aviabazasında 1-ci aviasiya eskadrilyasının komandiri, daha sonra isə komandirin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılması bölməsinin rəisi vəzifələrində xidmət edib.
O, hərbi təlimlərdə qazandığı təcrübə əsasında “Su-25” hücum təyyarələrinin döyüş imkanlarından daha səmərəli istifadə üçün yeni üsullar hazırlayıb və tətbiq edib. 2020-ci il Vətən müharibəsi zamanı “Su-25” ilə çoxsaylı döyüş uçuşları həyata keçirib.
Z.Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra edib, həmçinin “Su-25” hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdırıb. Cəbrayıl–Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilib, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunub. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev oktyabrın 4-ü Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdırarkən idarə etdiyi təyyarə vurulub. Ağır yaralanmasına baxmayaraq, təyyarəni düşmənin canlı qüvvəsinin cəmləşdiyi mövqeyə yönəldərək şəhid olub.
42 yaşında şəhid olan Vətən Müharibəsi Qəhrəmanının qızı Pəri müsahibələrinin birində atasının tək böyüdüyünü deyib: “Yanında heç kəs olmayıb. Düşünün ki, bu qədər şey bacarırsınız, amma yanınızda sizi təbrik edən kimsə yoxdur. Mən də həmişə dərs oxuyanda istəyirdim ki, atam “afərin” desin. Çünki onun deməyi bizə çox şey bacardığımızı hiss etdirirdi. Oktyabrın 4-ü onunla telefonla danışdıq, sən demə, bu bizim sonuncu danışığımız imiş”.
Xalq arasında “Səmaların fatehi” kimi tanınan Zaur Nudirəliyev Azərbaycanın hərb tarixində “Atəş ramı” edən birinci pilot olmaqla yanaşı, 1941-ci ildə sovet hərbi pilotu Nikolay Qastellodan sonra bu addımı atan birinci pilot olub. O, Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir.
Ölümündən sonra Azərbaycanın ən yüksək hərbi təltiflərindən biri olan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin Ömər adlı oğlu da yadigar qalıb.
Hazırladı: Fidan Etibar