Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz əsl
müstəqilliyini qazanmaqla yanaşı insan hüquqlarının təmini və müdafiəsi
sahəsində mühüm nailiyyətlərə imza atıb. İnsan hüquqlarının mülki
qanunvericiliklə qorunması Konstitusiyamızın 1/3 hissəsi insan hüquqlarına
həsr olunması ölkəmizin beynəlxalq konvensiyalara qoşulması bu sahədə heç
bir problem olmadığını deməyə əsas verir. Ulu öndərimizin insan
hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində apardığı mübarizəsi
onun layiqli davamçısı və siyasi kursunun bariz nümunəsi olan ölkə
prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Apardığı
məqsədyönlü və uğurlu siyasəti nəticəsində dövlətimizin iqtisadi potensiyalı
artdıqca vətəndaşların sosial durumununun yaxşılaşmasına olan diqqət və qayğı
da artır. Xüsusən, sağlamlığını itirən vətəndaşların sosial müdafiəsi dövlət
başçımızın daim diqqət mərkəzindədir. Ölkə prezidenti çıxışlarında cəmiyyətdə
baş verən məmur özbaşınalıqları, vəzifə səlahiyyətlərindən istifadə və digər
halların aradan qaldırılması istiqamətində nəzarətin gücləndirilməsi və
aidiyyatı qurumların vəzifə borcu olmasını dəfələrlə vurğulasa da, lakin bu
hallar hələ də, tam aradan qaldırılmayıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin TSEK (Tibbi Sosial Ekspert Komissiyası) aidiyyatı şəxsləri ölkə
başçısının dediklərinə və dövlətin qanunlarına indiyəcən məhəl qoymayıblar.
Onların qanunsuz əməlləri barədə aidiyyatı qurumlara dəfələrlə müraciətlər
olunsa da, lakin indiyəcən qanuna müvafiq heç bir tədbir görülməyib.
Əlillik dərəcəsi ilə bağlı suni əngəlliklərlə üzləşən vətəndaşların müraciətlərini
araşdırarkən məlum olur ki, xəstəlik nəticəsində sağlamlığı məhdudlaşan
Lənkəran rayon sakinlərinə əlillik dərəcəsi təyin olunması üçün Lənkəran
RMX-sı tərəfindən elektron müraciət qaydaları əsasında TSEK-ə göndərilən
“Forma 88” adlanan göndərişlərə bilərəkdən və məqsədyönlü imtina bildirişləri
verilir və bunun verilməsində TSEK-lə birlikdə Lənkəran RMX-sı maraqlı tərəf
kimi birgə çıxış edir və bir məqsədə yəni şəxsi maraqlarına xidmət edirlər.
Lənkəran şəhəri, H. Abdullayev küçəsi, 1 saylı evdə yaşayan, 1971-ci il
təvəllüdlü üç uşaq anası, ingilis dili müəlliməsi Hüseynova Nəzakət Aydın
qızı 2017-ci ilin yanvarında “beyin insultu” keçirib, sağlamlığı hələ də bərpa
olunmayıb. Ona əlillik dərəcəsi təyin olunması üçün Lənkəran RMX-sı
tərəfindən elektron müraciət qaydaları əsasında TSEK-ə göndərilən
müraciətlərinə üç dəfə imtina bildirişləri gəlib. Həmin bildirişlərdə imtinaya
səbəb iki dəfə “Xəstənin əlavə müalicəyə ehtiyacı var” göstərilib. Sonuncu dəfə
12 yanvar 2017-ci il tarixində “Forma 88” saylı 028400 AACCA olan
müraciətinə verilən imtina bildirişində səbəb kimi göndərilsin natamam
doldurulması göstərilib.
N. Hüseynovaya aşağıdakı məzmunda cavab göndərilib. “Əlil və ya
sağlamlıq imkanının məhdudluğu müəyyən edilməsi” barədə məlumat
imtina edilib.
Səbəb: Göndərişin natamam doldurulması. Ətraflı: göndərişdə xəstənin
stasionar müalicə alması barədə məlumat yoxdur, xəstə işlədiyi üçün
dispanser müşahidə müddəti 180 gün göstərilməlidir. Müddət bitdikdən
sonra sistemə daxil ola bilərsiniz.
Forma 88 nömrə 0284003AAGCA4 qiymətləndirmə tarixi 12.01.2018.
Bununla bağlı xəbər portallarında və qəzetlərdə, “Lənkəran Rayon Mərkəzi
Xəstəxanasında sabotaj və ya baş həkim falçı axtarışında”, “Lənkəran Mərkəzi
xəstəxanasında ötür-ötür oyunu”, “Lənkəran Mərkəzi xəstəxanasında
özbaşınalıq halları baş alıb gedir”. “TSEK-lə Lənkəran Mərkəzi Xəstəxanası
arasında gedən ötür-ötür oyunun hakimi kimdir?” “Lənkəran Mərkəzi
Xəstəxanası ilə TSEK arasında tapılan Berbud üçbucağının sirləri”, “Top
bilinmir hansı qapıdadır, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qapısında,
yoxsa TSEK-in qapısında” və s. məqalələr dərc olunsa da, lakin indiyəcən
qanuna müvafiq heç bir tədbir görülməyib. Sadə dildə desək: “Köhnə hamam,
köhnə tas” qalmaqdadır.
Lənkəran RMX-nın baş həkimi Ağabala Kəlbiyev, baş həkimin müavini Taleh
Məmmədov və Lənkəran Mərkəzi Poliklinkasının müdiri Zahir Axundov bir
mənalı olaraq bildirirlər ki, xəstə Nəzakət Hüseynovaya əlillik dərəcəsi təyin
olunması üçün, Lənkəran RMX-sı tərəfindən TSEK-ə göndərilən “Forma 88”
sənədi tam düz doldurulub. Lakin TSEK bilərəkdən imtina bildirişi göndərib.
Əgər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin verdiyi cavab
doğrudursa, bəs onda 12 yanvar 2018-ci il tarixli imtina bildirişindən sonra N.
Hüseynovanın əlillik dərəcəsi alması üçün Lənkəran RMX-sı tərəfindən TSEK-
ə niyə müraciət edilmədi. Xəstə dəfələrlə baş həkimin qəbulunda olub, ona
əlillik dərəcəsi təyin olunması üçün Lənkəran RMX-sı tərəfindən TSEK-ə
müraciət olunmasını xahiş etsə də, lakin baş həkim Ağabala Kəlbiyev buna
əhəmiyyət verməyib.
TSEK –ın hazırki rəhbəri Gülnarə Hacıyeva deyir ki, TSEK yalnız Mərkəzi
Xəstəxanaların göndərişləri ilə xəstələrin xəstəliyi əsasında onların sənədlərinə
rəy verir. G. Hacıyeva xəstə N. Hüseynovanın məsələsində konkret olaraq
göstərir ki, Nəzakət Hüseynovaya 12.01.2018-ci il tarixində Tibbi Ekspert
Komissiyası tərəfindən onlayn rejimində TSERAS üzərində “göndərişin
natamam doldurulması” səbəbiylə əlillik dərəcəsi müəyyən edilməmişdir.”
TSEK-in rəhbəri Gülnarə Hacıyevanın maddi durumu acınacaqlı və əlillik
dərəcəsi almasına möhtac olan Nəzakət Hüseynovanın əlillik dərəcəsi alması
ilə bağlı haqsızlıqlarla üzləşməsi barədə müraciətlərinə qanuna müvafiq
cavab verməyib, ədalətsiz mövqe tutması çox təəccüblüdür. Çünki həkim və ana
olan Gülnarə xanım bilərəkdən xalq müəllimi olan Hüseynovanın
müraciətlərinə imtina verilməsinə şərait yaradıb.
İnanırıq ki, Gülnarə Hacıyeva dövlətin ona verilən etibarından sui-istifadə edib
vəzifə səlahiyyətlərini aşaraq törətdiyi qanunsuzluqlar barədə nə vaxtsa
düşünər? Çünki ədalət həmişə zəfər çalıb.
Lənkəran RMX-sı və TSEK tərəfindən xəstə Nəzakət Hüseynovanın əlillik
dərəcəsi alması ilə bağlı “Forma 88” saylı müraciətinə verilən imtina
bildirişi ilə bağlı verilən cavablardan məlum olur ki, vətəndaşlara əlillik
dərəcəsi onların xəstəliyinə görə deyil, ciblərinə görə təyin edilir.
Məlumata görə, TSEK-lə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının birgə
sövdələşməsi nəticəsində əlillik dərəcəsinin təyin olunması hər bir xəstə üçün
bazar qiyməti 3- 4 min manat civarındadır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi şöbəsinin müdiri
Gülmirzə Poladov xəstə Nəzakət Hüseynovaya, Ombudsman Elmira
Süleymanovaya və digər dövlət qurumlarına verdiyi cavablarda göstərir ki,
Nəzakət Hüseynovaya “beyin arteriyalarının trombozu nəticəsində yaranan
beyin infarktı, işemik insultun qalıq əlamətləri, spastik hemirlegiya” diaqnozu
ilə əlilliyin təyini üçün 08.08.2017-ci il və 12.01.20189-ci il tarixlərdə
Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert komissiyasına göndərişlər
verilmişdir. Lakin komissiya tərəfindən hər 2 halda əlilliyin təyin
olunmasından imtina edilmişdir.
Görünür, hörmətli Gülmirzə müəllim xəstə Nəzakət Hüseynovanın əlillik
dərəcəsi ilə bağlı müraciətlərində ona qarşı edilən qanunsuzluqlarla bağlı
göstərilən faktları araşdırmağa, ya hövsələsi çatmayıb, ya da ona sərf eləməyib.
Əlillik dərəcəsinə möhtac olan vətəndaşın talelərini futbol topuna çevirib bir-
biri ilə ötür-ötür oyunu oynayan, Lənkəran RMX-sı və TSEK tərəfindən
hüquqları pozulan, maddi və mənəvi təzyiqlərə məruz qalan vətəndaşların
düşdüyü bu acınacaqlı vəziyyət barədə nazirliyə ünvanlanmış müraciətlərə
hörmətli Gülmirzə müəllimin verdiyi cavabından belə nəticəyə gəlmək olur
ki, bu iki komandanın hakiminin kim olması barədə fikirləşməyə ehtiyac
yoxdur.
Nəzakət Hüseynovanın etdiyi müraciətlərə Səhiyyə Nazirliyi və TSEK
tərəfindən, göstərilən faktların araşdırılmadan belə səthi cavab vermələri
yalnız təəssüf doğurur. Səhiyyə Nazirliyi birmənalı olaraq bilməlidir ki,
Nəzakət Hüseynova bilmək istəyir ki, maddi və mənəvi təzyiqlərə hansı
qurum tərəfindən qalıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanası, yoxsa TSEK
tərəfindən.
Yəqin ki, hörmətli Gülmirzə müəllim bundan sonra əlillik dərəcəsi ilə bağlı
xəstələrin müraciətlərini tam obyektiv araşdırdıqdan sonra aidiyyatı qurumlara
qanunamüvafiq cavab verər.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil
Babayev nazirlikdə baş verən məmur özbaşınalıqları vəzifə səlahiyyətlərindən
sui-istifadə, rüşvətxorluq, korrupsiya və sair halları aradan qaldırmaq üçün bir
sıra tədbirlər görsə də, lakin əlillik dərəcəsi alınması ilə bağlı süni əngəlliklər
Lənkəran rayonunda hələ də davam edir. Vətəndaşlar bu özbaşınalıqlara nə
vaxt son qoyulmasının zamanını gözləyirlər.
Dövlətin qanunlarını çoxdan yaddan çıxarıb, qəlbləri buz bağlamış, gözləri kor
və qulaqları kar olanlar bilsinlər ki, xəstə əlilin haqqına göz dikib onu
mənimsəməyi, nə qanun, nə də Ulu Tanrı bağışlayar. Həmin şəxslər bilməlidir
ki, bir ananın haqqını batırmaq və ona zülm etmək bəşəriyyətin bütün
analarına zülm etmək deməkdir. Bir də onlar yaddan çıxarmasınlar ki, nə
vaxtsa, onların da, ana və bacıları əlillik dərəcəsinə möhtac ola bilərlər.
Həmin şəxslər gec-tez qanun qarşısında cavab verəcəklər.
Vətəndaşlar TSEK-lı Lənkəran Rayon Mərkəzi Xəstəxanası arasında gedən
ötür-ötür oyununa nə vaxtsa, son qoyulmasını gözləyirlər.
Zahid Səmədov
ZamanTv.az