Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
Əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 100 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Bayram ərəfəsində ölkə Prezidenti tərəfindən ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə mühüm dəyişikliklərin edilməsi, həmçinin fərqlənmiş bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.
Əlamətdar gün münasibətilə respublika ədliyyə nazirinin kütləvi informasiya vasitələrində Azərbaycan ədliyyəsinin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işlər barədə geniş məqaləsi və müsahibəsi dərc olunub. Həmçinin, Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib.
Bayramla əlaqədar silsilə tədbirlər təşkil olunub, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına baş çəkilib, qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib, habelə erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımıza yardımlar edilib, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend və qısametrajlı film hazırlanıb.
dliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdi. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdi.
ADR-in süqutundan sonra Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılmışdı.
Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və dövlət qeydiyyatını aparır; qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərin layihələri üzrə rəylər verir, hüquqi maarifləndirmə işi aparır; hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır; notariat fəaliyyətinə rəhbərlik edir; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir; dövlətlərarası övladlığa götürmə məsələlərini və sənədlərin leqallaşdırılmasını həyata keçirir; məhkəmə qərarlarının icrasının təmin olunmasını təşkil edir; məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir; qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydiyyatının aparılmasını həyata keçirir.
Bunlarla yanaşı, Azərbaycanda aparılan bütün növ məhkəmə (qeyri-tibb) ekspertizaları Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzi olan İnstitut tərəfindən həyata keçirilir.
Ədliyyənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər, həmçinin kadr korpusunun təkmilləşdirilməsi ilə müşayiət olunur. Son illər ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqələr davamlı xarakter almışdır. Keçirilən müsabiqələrdən, habelə peşəyə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimdə uğur qazanmış, eləcə də xaricdə təhsil almış 100-ə yaxın gənc mütəxəssis peşə bayramı ərəfəsində işə qəbul olunmuşdur. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir.
Məndə öz növbəmdə başdda cənab nazirimiz olmaqla bütün ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edirəm.
Lətafət Hacıyeva
Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi