Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə qeyd olunur. Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi barədə belə bir əlamətdar gündə söhbət açmaq olduqca fərəhlidir.
Hər il Ədliyyə Nazirliyinin təşəkkülünün ildönümündə ənənəvi olaraq ölkəmizin şərəfli ədliyyə tarixinə nəzər salınır, 1918-ci ildə Şərqdə və müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir gündə təsis olunan Azərbaycan ədliyyəsinin həmin dövrdəki xidmətləri ehtiramla xatırlanır.
Nazirliyin çətin və mürəkkəb dövrü sayılan sovet hakimiyyəti illərindəki fəaliyyəti, o cümlədən ədliyyə orqanlarından repressiya aləti kimi istifadə olunması, uzun müddət onun təşkilinə ehtiyac belə bilinməməsi də ədliyyə tarixinin reallıqlarıdır.
Ədliyyə sisteminin təkmil bir struktur kimi formalaşması 1970-ci ilə - ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonraya təsadüf edir. Dahi rəhbərin Azərbaycan ədliyyəsinə qayğısı ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra da davam etmiş və ötən dövrdə ədliyyə sistemi müstəqilliyimizlə bərabər uğurlu inkişaf yolu keçmişdir.
Əlamətdar haldır ki, ədliyyə işçilərinin builki peşə bayramı məhz dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümünün qeyd olunduğu dövrə düşür. Ötən ay xalqımız müstəqilliyimizin ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etmiş, bu münasibətlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı xüsusi sərəncama uyğun olaraq təntənəli tədbirlər, o cümlədən rəsmi qəbul keçirilmişdir. Bu möhtəşəm tədbirdə dövlətimizin başçısı Azərbaycanın müstəqillik illərindəki inkişaf yolunu dolğun və ətraflı təhlil etmişdir.
Azərbaycanın müstəqillik yolu çox çətin sınaqlardan keçmiş, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız səriştəsiz idarəçiliklə, ölkədaxili xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü ilə üzləşmişdi. Möhtərəm Prezidentimizin rəsmi qəbulda qeyd etdiyi kimi, “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik”. Ümummilli liderimiz məhz belə bir ağır dövrdə - 1993-cü ildə müstəqilliyimizin yenidən itirilməsi ilə üz-üzə qalan xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını öz üzərinə götürdü. Ulu öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, atəşkəsə nail olundu, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin möhkəm təməli qoyuldu.
Dahi öndərin inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti nəticəsində ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisi təmin edilmiş, ictimai-siyasi sabitliyi, təhlükəsizliyi möhkəmləndirilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır və respublikamız ən islahatçı 29 ölkədən biridir. Həmçinin Azərbaycan regionda qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı olmaqla Avropanın enerji təminatında əvəzsiz rol oynayır.
Bütün dünyanı iqtisadi və maliyyə böhranı bürüdüyü, neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşdüyü son illərdə də respublikamızın tərəqqisi təmin olunur, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı üzrə köklü islahatlar aparılır. Dövlətçiliyimizin möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi, siyasi sistemin və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə bu ilin sentyabrında Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilmişdir. Demokratik qaydalara uyğun təşkil olunmuş referendumda xalqımızın böyük vətəndaş həmrəyliyi nümayiş etdirərək Azərbaycanın hərtərəfli tərəqqisinə, gələcək inkişafına səs verməsi Prezident İlham Əliyevə ümumxalq etimadının növbəti təzahürü olmuşdur.
Fəxrlə deyə bilərik ki, geniş vüsət alan hərtərəfli islahatlar ədliyyə və məhkəmə sistemini də əhatə etmiş, Azərbaycan ədliyyəsinin inkişafı, müasirləşdirilməsi üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş, nazirliyin normativ bazası əsaslı şəkildə yenilənmiş, ona hüquq mühafizə orqanı statusu verilmişdir.
Bu gün geniş səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyi çoxşaxəli fəaliyyət istiqamətləri üzrə mühüm funksiyalar həyata keçirir.
Mən peşə bayramı münasibətilə hörmətli nazirimiz Fikrət Məmmədov cənabları başda olmaqla həmkarları bayram münasibətilə təbrik edirəm.
İradə Kazımova
Suraxanı rayonu qeydiyyat şöbəsinin rəisi