"Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç bir peşədə Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır".
Heydər ƏLİYEV
Deyirlər, hər kəsə verilən qiymət onun xalqa verdiyi xeyirlə ölçülməlidir. Ancaq bütün həyatını xalqa sərf edib, onun mədəniyyətinin, səhiyyəsinin, ədəbiyyatının inkişaf etməsi uğrunda çalışan insanları unutmaq onlara deyil, bütövlükdə inkişafımızın təməli olan mədəniyyətimizə laqeyidlik olardı.
Həkimlik sənətinin məsuliyyəti barədə 10 saylı birləşmiış şəhər xəstəxanasında terapiya şöbəsinin müdiri işləyən Mübariz Abbasov danışdı:
-Bir çox hallarda orqanizminin fəaliyyətində müxtəlif pozulmalarla üzləşən insan hansı həkimə müraciət edəcəyini bilmir.
Bu səbəbdən insan həkimləri "gəzməyə" başlayır ki, nəticədə qiymətli vaxt itkisi baş verir. Nəhayət lazım olan mütəxəssisə düşdükdə məlum olur ki, xəstəlik artıq ağırlaşıb.
Ali tibbi təhsili olmayan insan xəstəliyin simptomlarını ayırd edə bilməz və, təbii ki, xəstəliyin dəqiq (hətta təxmini) diaqnozunu qoya bilməz. Bir çox xəstəliklərin simptomları bir birinə bənzəyir, bəzən hər hansı bir xəstəlik özünün ilk baxışdan bu xəstəliyə uzaq olan simptomlarla büruzə verir. Məsələn, insanda öskürək ürəkdə olan problemlərlə bağlı ola bilər, bəzi göz xəstəlikləri baş ağrıları ilə müşayiət olunur, nevroz zamanı insanda müxtəlif orqan və sistemlərinin xəstəliklərinə bənzər simptomlar meydana çıxa bilər və s.
Bir çox hallarda səhhətlə bağlı hər hansı narahatçılıq hiss etdikdə ilk növbədə terapevtə müraciət etmək lazımdır. Lazım olan müayinə və analizlərdən sonra terapevt xəstəni digər mütəxəssislərin müayinələrinə göndərə bilər. Bir çox ölkələrdə ailə həkimləri var. Belə həkimlər ailələrə tibb nəzarət edirlər. Bu həkimlərə bütün ailə üzvləri səhhətlərində istənilən pozulma olduqda müraciət edir.
Lakin bəzi hallarda xəstə özündə müəyyən xəstəliyin simptomlarını hiss etdikdə məhz konkret bir xəstəliklər üzrə ixtisaslaşdırılmış həkimə müraciət edir.
Neçə illərdir ki, yuxarıda adını çəkdiyim xəstəxanada terapiya şöbəsinin müdiri vəzifəsində işləyirəm. Özümü tərifləmirəm, bu günə kimi bir xəstə belə məndən narazı qalmayıb. İnanıram ki, bundan sonra da qalmayacaqdır.
Düzdür, məsuliyyətli bir işin sahibiyik və bu məsuliyyəti də hər zaman hiss edirik. Çünki insanlar bizə sağlamlıqlarını etibar edirlər. Bu etibarı da qorumaq biz həkimlərin müqəddəs borcudur.
Hzırladı Şamil Cəfər