Nərimanov rayonunun Ağa Neymətulla küçəsində yerləşən mağazada satıcı işləyən Təhminə Əliyevaya məxsus çantadan 268 manat pul naməlum şəraitdə oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zərərçəkən bu barədə Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Nicat Fərzəliyev həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Saxlanılan şəxsin satıcının çantasından oğurluq etməsi obyektin təhlüksizlik kameraları vasitəsilə də qeydə alınıb. N.Fərzəliyevin ətrafında keçirilən əlavə tədbirlərlə onun cari ilin yanvarında Nərimanov rayonundakı “Yaşıl bazar” ticarət mərkəzində yerləşən mağazalardan birindən kassadan 1200 manat oğurladığı da məlum olub.
Faktla bağlı 18-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimmanov Rayon Polis İdarəsinə göndərilib.
Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.
AZƏRTAC