"Yurd həsrəti"
Məni də ağrıdır halın,
Əlin yurddan üzən adam.
Qoca tək qəddin əyilib,
Beli bükük gəzən adam.
İgidlərdə qatlanmaz diz,
Yol gözləyir dağ, dərə, düz.
Yurd həsrəti gecə-gündüz,
Ürəyini əzən adam.
Çox dolanıb kəhərlərdə,
Günü keçir qəhərlərdə.
Qürbət çəkir şəhərlərdə,
Həzrət ilə dözən adam.
QUBADLİYA SARI
Gözümdə həsrət atəşi,
Çaxır Qubadlıya sarı.
Göz yaşlarım selə dönüb,
Axır Qubadlıya sarı.
Bu həsrətə dözüm necə,
Ürəyimi saldın közə.
Qərib arzularım gecə
Çıxır Qubadlıya sarı.
Çingiz deyir dönə-dönə,
Od qəlbimdə çətin sönə.
Harda olsam səmtim yenə,
Baxır Qubadlıya sarı.
BAYQUŞ
(Erməni daşnaqlara)
Pis olmaz gəlsən düz yola,
Ağ edirsən başa bəla.
Abad yerlərdə az ula,
Niyyəti bəd olan bayquş.
Ocağa həsrətdi sobam,
Sınıb dəhrəm, sınıb yabam.
Yağmalandı elim-obam,
Yurdum oldu talan bayquş.
Qulağına sırğa et bərk,
Bəd niyyətdən əlini çək.
Öz içindən xaraba tək,
Daim viran qalan bayquş.
BU GECƏ
Pərvanələr vurulduğu,
Işığa qaçır bu gecə.
Ürəyim bulud tək dolub,
Yuxum da qaçır bu gecə.
Çətinliklərə qatlanıb,
Xəyallarım ağ atlanıb.
Arzularım qanadlanıb,
Sevgidən uçur bu gecə.
Ocaq alışar közündən,
Şeh süzər çiçək gözündən,
Ulduzlar da göy üzündən,
Yerə nur saçar bu gecə.
OLMASIN
Bu dünyadan hara qaçım,
Orda dərd-kədər olmasın.
Üz tutub getdiyim yerdə,
Bundan da betər olmasın.
Ürpəndim bülbül səsindən,
Açın onu qəfəsindən,
Yaz ömrümün nəfəsindən
Soyuq qış ötər olmasın.
Ərənə yaraşır kəhər,
Uzaq olsun mərddən qəhər,
Yolum üstə axşam-səhər,
Ayrılıq bitər olmasın.
Halallığın ağdı üzü,
Məhəbbətin kordu gözü,
Haqqı olanların izi,
Tarixdən itər olmasın.
Bir ömür süründü ayaq,
Çox gecəni qaldım oyaq.
Ömr eylədim Çingiz sayaq,
Ömür gün hədər olmasın.
AY ƏHƏD BABA
Xızı rayonunu Güneyqışlaq kəndində tənha yaşayan Əhəd babaya
Güney qışlaq kəndin qışda isidən,
Sənin ürəyindi, ay Əhəd baba.
Allaha məxsusdur təklik dünyada,
Səvab mələyindi, ay Əhəd baba.
Görəndə çox sıxdı təkliyin məni,
Gözün çox ötürüb dumanı, çəni.
Bu doğma ellərə sevdirən səni,
Halal çörəyindi, ay Əhəd baba.
Bəlkə qismətindi tənha qalmağın,
Dərviş tək xəyala hər gün dalmağın.
Bu ana torpağa bağlı olmağın,
Haqdan gərəyindi, ay Əhəd baba.
Qoyduğu bir iz var hər ötən çağın,
Yurda bağlılıqdı əsas dayağın.
Sönməyə qoymadın ata ocağın,
Ər tək əməyindi, ay Əhəd baba.
Heç vaxt yerdə qalmaz, günahsız bir ah,
Şimşək tək oyna, İldırım tək çax.
Sən tək deyilsən ki, dön arxana bax,
Dağlar kürəyində, ay Əhəd baba.
ÇÖMÇƏ BULAQ
Mənim gözlərimin axan yaşı tək,
Həsrətinlə bulan “Çömçə bulağı”.
Elə darıxıram səndən ötəri,
Sinəmi dağlayan “Çömçə bulağı”.
Yurd üçün atlanır könlüm səhərdən,
Ürəyim sızlayır dərddən, qəhərdən.
Ögeylik görəndə qərib şəhərdən,
Ömrüm olur talan “Çömçə bulağı”.
Nadanlar ordusu var davasında,
Soyuq quş bulağı öz nəvvasında,
Təkliklə barışıb qəm havasımda,
Xəyallara dalan Çömçə bulağı.
Əsir yurdlarımız yaslı, yaralı,
Çingizdən soruşma, kimsən haralı?
Doğma Xələcindən düşüb aralı,
Qürbət çəkir balan Çömçə bulağı.
QISRAQ BULAĞI
Qürbət əzrayıl tək ömrü otlayır,
Əzablı bir ömür dizlər qatlayır.
Dodağın qırx yerdən elə çatlayır,
Həsərtəm suyuna can Qısraq bulağı.
Bizlə pis oynadı bu qəddar zaman,
Döydü qapımızı sərt külək yaman,
Çəkilib gedəcək bu qatı duman,
Bir gün söküləcək dan Qısraq bulağı.
Səngərin başına yaraşır tac da,
Igidlər düşməndən alar xərac da.
Aslan bəy doğulan o Qarağacda,
Yurdunda sərkərdə xan, Qısraq bulağı.
Fırladır çərxini sağ-sola fələk,
Gülən əvvəldə yox, sonda güləcək.
Gec olsa belə, bir gün gələcək,
Çingiz istədiyi an Qısraq bulağı.
QUCAQLAYARAM
Azadlıq atəşi əbədi sönməz,
Kişilər içində vicdanı bölməz.
İgidlər heç zaman yolundan dönməz,
İgid məzarların qucaqlayıram.
Ölümün üzünə kişi tək gülmüş,
Torpağı müqəddəs ana tək bilmiş,
Oğul tək döyüşüb, oğul tək ölmüş,
Şəhid məzarların qucaqlayıram.
Dar gündə vətənin dadına çatan,
Günəş tək parlayıb, günəş tək batan,
Sönməz vulkan kimi məzarda yatan,
Şəhid məzarların qucaqlayıram.