Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövrdəki məqsədyönlü, düşünülmüş azərbaycançılıq siyasətini onun sonralar həyata keçirdiyi müstəqil dövlətçilik missiyasının möhkəm bünövrəsi, etibarlı təməli kimi dəyərləndirmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ulu öndərin sovet dövründəki milli maraqlara əsaslanan düşünülmüş siyasətini və fəaliyyətini haqlı olaraq "milli dövlətçiliyin təməl əsasları” kimi dəyərləndirmişdir: "Sovet hakimiyyəti illərində onun (Heydər Əliyevin - İ.H.) fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Bu gün Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai və sosial potensial məhz həmin illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır. Məhz həmin illərdən xalqımızın şüurunda azərbaycançılıq ideyası həmişəlik hökm sürməyə başlamışdır. ...Bu kontekstdə Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi ölkənin gələcək müstəqillik perspektivinə hazırlığının ilkin mərhələsi kimi səciyyələndirilə bilər.” Bu mənada akademik Ramiz Mehdiyevin tədqiqatlarında Heydər Əliyevin müstəqil dövlətçilik və azərbaycançılıq siyasətinin konseptual əsasları yaradılmışdır. Görkəmli elm xadiminin "Heydər Əliyevin dövlətçilik idarəçiliyinin nəzəriyyə və təcrübəsinə töhfəsi” (2000), "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” (2001), "XXI əsrdə milli dövlətçilik” (2003), "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə” (2006) kimi tədqiqatlarında müstəqil dövlətçiliyin fəlsəfi mahiyyəti müəyyən olunmuş, milli dövlətçilik ideologiyası olan azərbaycançılıq təliminin siyasi-mənəvi tutumu və hədəfləri nəzəri cəhətdən əsaslandırılmışdır. Xüsusən Ramiz Mehdiyevin 2017-ci ildə Moskvada çap olunmuş "Milli ideyanın formalaşmasında tarixi dərketmənin əhəmiyyəti” və "Qlobal dəyişmələr dövründə Azərbaycanın milli ideyası” ikicildliyi Heydər Əliyev, müstəqil dövlətçilik fəlsəfəsi, azərbaycançılıq və müasirlik ideologiyası işığında yaradılmış əhəmiyyətli monoqrafik külliyyatdır.
Azərbaycan HeydərƏliyevşünaslığında ən geniş yer tutan mövzu ölkəmizin inkişafının Heydər Əliyev epoxasına həsr olunmuş araşdırmalardan ibarətdir. Bu mövzuda yazılmış tədqiqatlarda Heydər Əliyev epoxasının Sovet Azərbaycanı və Sovetlər İttifaqı mərhələsi, keçid dövrü və dövlət müstəqilliyi illəri həm ayrı-ayrılıqda, həm də ümumiləşdirilmiş şəkildə təsvir və təhlil edilmişdir. Doğrudur, hələlik Azərbaycanın çoxəsrlik tarixində xüsusi mərhələ olan Heydər Əliyev epoxası (1969-2003) tam halda və sistemli şəkildə konkret bir ümumiləşdirilmiş elmi tədqiqatın əsas mövzusuna çevrilməmişdir, lakin onlarla elmi xarakterli və ya daha çox elmi-publisist üslubda yazılmış kitablarda bu möhtəşəm epoxanın ayrı-ayrı hadisələlərindən və faktlarından, ümumi gedişatından geniş bəhs edilmişdir.
Lətafət Hacıyeva
Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi