Bu günlərdə Ali Məhkəmədə hakim İlqar Xələfovun sədrliyi ilə mərhum hüquq müdafiəçisi Elçin Behbudovun xanımı Elmira Behbudovanın kassasiya şikayətinə baxılıb və onun iddiası təmin olunmayıb.
Qeyd edək ki, kassasiya şikayəti Elşad Həmidovun iddiası əsasında Bakı şəhəri Yasamal rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Elmira Behbudova barəsində çıxartdığı qətnamələrdən verilmişdi.
Həmin qətnamələrdə bildirilib ki, Elmira Behbudova Elşad Həmidovun şərəf və ləyqəqinə, işgüzar nüfuzuna vurduğu zərərə görə təkzib verməlidir. Lakin E.Behbudova bununla razılaşmayaraq, əvvəlki məhkəmə instansiyalarının qətnamələrinin ləğvi üçün Ali Məhkəməyə şikayət etmişdi.
Xatırladaq ki, tərəflər arasındakı mübahisəyə səbəb 19.02.2016-cı il tarixində Modern.az saytında dərc olunmuş, “Elçin Behbudovun xanımı: “Elşad Həmidov dələduzdur, o, sədr deyil, məhkəməyə verilib” başlıqlı məqalə səbəb olmuşdu. Məqalə yayımlandıqdan sonra Elşad Həmidov heç vaxt dələduzluğa görə məhkum olunmadığını və bu məlumatın onun şərəf və ləyaqətinə xələl gətirdiyini əsas tutaraq Elmira Behbudovanı məhkəməyə vermişdi.
Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Elşad Həmidovun iddiası təmin edilmiş, Elmira Behbudovanın Modern.az saytında təkzib verməsi tələb olunmuşdu. Sonradan Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlamışdı.
Bu günlərdə Ali Məhkəmədə hakim İlqar Xələfovun sədrliyi ilə Elmira Behbudovanın həmin məsələylə bağlı kassasiya şikayətinə baxılıb və qərara alınıb ki, o, Elşad Həmidov barəsində işlətdiyi “dələduz” ifadəsinə görə təkzib verməlidir.
Beləliklə, Ali Məhkəmədə də Elşad Həmidova uduzan Elmira Behbudova Modern.az saytına müraciət edərək, Elşad Həmidovun şərəf və ləyqəqinə, işgüzar nüfuzuna vurduğu zərərə görə təkzib verdiyini etiraf edib. Elmira Behbudova Ali Məhkəmənin qərarına uyğun olaraq, onun təkzibinin Modern.az saytında dərc olunmasını xahiş edib.
Bununla da Elmira Behbudovanın sözügedən məqalədə işlətdiyi “dələduz” ifadəsinin həqiqətə uyğun olmadığı sübuta yetirilib.