Azərbaycan Respublikasının Gənclər Fondunun 13- cü qrant müsabiqəsinin qalibi, gənc fəal Şəbnəm İbadzadənin “Region gənclərinin sahibkarlıq bacarıqlarının artırılması” layihəsi çərçivəsində Astara rayonunda yaşayan gənclər üçün Astara Rayon Heydər Əliyev Mərkəzində 20 və 21 fevral 2020- ci il tarixlərində iki günlük təlim proqramı həyata keçirilib.
Təlimdə xüsusi müraciət forması əsasında seçilmiş 27 nəfər gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rufan Şirinov dövlət gənclər siyasəti, gənclərə dövlət qayğısı və Astara rayonunda gənclər sahəsində görülən işlərdən söz açıb.
Layihə rəhbəri Şəbnəm İbadzadə Azərbaycan Gənclər Fondu və Fondun fəaliyyət istiqamətləri haqqında məlumat verdikdən sonra bildirib ki, layihənin həyata keçirilməsində məqsəd sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən regionda yaşayan gəncləri üzə çıxarmaq, onları biznes istiqamətində maarifləndirilmək və öz ideyalarını reallaşdırmaq üçün onlara dəstək olmaqdan ibarətdir.
Layihə əməkdaşı Vamiq Babayev gənclərin bütün sahələrdə, o cümlədən sahibkarlıq sahəsində fəal iştirakını qeyd edərək müasir dövrün tələblərinə uyğun daha kreativ ideaların həyata keçirilməsində gənclərin iştirakının vacib olduğunu diqqətə çatdırıb.
Astara Pedoqoji Kollecinin əməkdaşı Xanımnisə İsayeva isə çıxışında hazırkı layihənin gənclər üçün əhəmiyyətini önə çəkib və təlim iştirakçısı olan bütün gənclərə və layihə kollektivinə uğurlar arzulayıb.
Biznes və karyera planlaşdırılması üzrə təlimçi Rafət Şirəliyev təlimin 1-ci və 2-ci günü, Sahibkarlıq fəaliyyəti, Biznes nümunələri, İnvestisiyaların cəlbi, maliyyə sektorları ilə əməkdaşlıq, Rəqabət yaradacaq üstünlüklər, Biznes etikası, Risklərin idarə edilməsi, Biznes plan strukturu və hazırlanması üsulu, SWOT təhlil, Rəqiblərin təhlili, Marketinq plan, 4 C üsulu, 4 P prinsipi, Biznes planların hazırlanması üçün ideyaların müzakirəsi və s. mövzularda təlim iştirakçılarını məlumatlandırıb, iştirakçılara uğurlu biznes nümunələr göstərib və qrup işləri təşkil edilib.
Tədbirin sonunda təlimin qiymətləndirilməsi aparılıb, iştirakçılardan Bəhmən Mikayılov, Mirtalıb Məmmədli, Emilya Talıbzadə, Şəbnəm Əhədova və digər gənclər təlimlə bağlı fikirlərini bildirərək layihənin gənclər üçün çox vacib olduğunu dilə gətiriblər. Belə bir layihənin icrası üçün Azərbaycan Gənclər Fonduna, layihə rəhbəri və təlimçiyə təşəkkürlərini bildiriblər.
Yekunda iştirakçılara sertifikatlar təqdim edilib və üzərində AzGF loqosu və layihənin adı yazılmış USB yaddaş kartları hədiyyə edilib. Əlavə olaraq iştirakçılar üçün Heydər Əliyev Mərkəzində ekskursiya da təşkil edilib.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib. Təlimin həyata keçirilməsinə Astara Rayon İcra Hakimiyyəti, Astara Rayon Gənclər və İdman idarəsi, Astara rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və Astara Pedoqoji Kolleci müvafiq texniki- təşkilati dəstək göstərib.
İlkin Dadaşzadə