UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Allianz Arena” stadionunda baş tutan görüşdə Almaniyanın “Bavariya” komandası doğma azarkeşlər önündə İngiltərənin “Liverpul” komandasını qəbul edib.
Bu komandaların arasında ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı.
Gərgin idman mübarizəsi şəraitində keçən cavab qarşılaşmasında hesabı “Liverpul” açıb. Sadio Mane müdafiəçilərin səhvini bağışlamayıb - 0:1. İngilislər 13-cü dəqiqədə məcburi əvəzləmə aparıblar. Belə ki, komandanın kapitanı Jordan Henderson zədələndiyi üçün oyunu sona kimi davam etdirə bilməyib.
Qoldan sonra irəli atılan meydan sahibləri matçın 39-cu dəqiqəsində hesaba tarazlıq gətiriblər. Joao Matip öz qapısına qol vuraraq avtoqola imza atıb - 1:1. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissəsinin 69-cu dəqiqəsində qonaqlar yenidən hesabda önə keçib. Belə ki, Ceyms Milnerin künc ötürməsini komandanın müdafiəçisi Virjil van Diyk dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:2. Bu da oyunda son qol olmayıb. Sadio Mane qarşılaşmada dubl edərək komandasının dörddəbir finala yüksəlməsində həlledici rol oynayıb - 1:3.
Sonrakı dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, bu qələbə sayəsində “Liverpul” dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Onların növbəti rəqibi martın 15-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimindən sonra bəlli olacaq.