İran parlamenti bu gün milli valyutanın adının dəyişdirilməsi və denominasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, qanun layihəsinə görə artıq İranda milli valyuta rialın adı dəyişdirilərək tümən olaraq qəbul olunacaq. Bir tümən isə 10 000 riala bərabər sayılacaq.
Bununla da İranda milli valyutadan 4 sıfır silinərək denominasiya elan olunub.
Qanun layihəsinin birinci abzasına görə, tümənə qarşı xarici valyutaların dəyəri İran İslam Respublikası Mərkəzi Bankının hazırkı mübadilə sisteminə və İranın BVF qarşısında öhdəliklərinə uyğun olaraq müəyyən ediləcək. Həmçinin yeni valyutaya keçid dövrü olaraq tümən və rial valyutalarının eyni vaxtda istifadə müddəti üç il təyin olunub.
Xatırladaq ki, İranda yüksək inflyasiya və rialın aşağı dəyəri 2017-ci ildə kütləvi küçə nümayişlərinə səbəb olmuşdu.