Azərbaycan dövləti və xalqımız artıq yeni mərhləyə addım atdı. Bu gün ölkəmiz ən şanlı, qürurlu və fəxarət dolu günlərini yaşayır. Vətən müharibəsində Böyük Qələbəmizdən yazarkən qeyd edilməsi vacib olan amillərdən biri də ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla, uğurla davam edilməsidir. Prezident İlham Əliyevin son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Həmçinin qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib. Keyfiyyətli təşkil edilən, səmərəli keçirilən təlimlərdə təcrübə toplayan, peşəkarlığını yüksəldən müasir Ordu, döyüş əməliyyatlarının səriştəli, düzgün, eyni zamanda, hərbin bütün qanunlarına uyğun olaraq planlaşdırması, həyata keçirilməsi və hərtərəfli, planlı şəkildə hazırlıq ölkəmizin döyüş meydanında qələbə qazanmasını səciyyələndirən faktorlardır. Məhz sadaladığımız bu müsbət xüsusiyyətlərin nəticəsi olaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. Vətən müharibəsinin ilk günlərindən taktiki üstünlüyü ələ alan Azərbaycan Ordusunun qəlbi vətən eşqi ilə döyünən şəxsi heyəti hər gün yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etməklə daha bir uğura, yeni qələbəyə imza atmaqla növbəti günlərdə düşmən üzərində tam üstünlüyə nail oldu. Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizlərə nəsib etdi. Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən döyüşlərə atılan cəsur hərbçilərimiz düşmənin illərlə hazırladığı eşelonlaşdırılmış müdafiə xəttini qısa müddətdə yararaq irəliləməyə başladı. Döyüş meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Həm canlı qüvvə, həm də döyüş texnikası sardan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
Bir çox hərbi ekspertlər, mütəxəssislər bizim müharibəni XXI əsrin müharibəsi adlandırmışlar. Hərbi ekspertlərin fikrinə əssən Azərbaycan Silahlı Qüvvələrinin hazırlıqlı, effektli təchiz edilmiş və yüksək mənəvi ruh yüksəkliyi ilə döyüşmək qabiliyyətində olan ordusu Azərbaycanın qalib ölkə olmasına səbəb olan əsas faktordur. Cəsur ordumuz sayəsində xalqımız şanlı qəhrəmanlıq tarixini yazdı. Ölkə başçısının tapşırığı ilə azad edilmiş torpaqlarda bu gün yenidənqurma işləri aparılır, böyük infrastruktur layihələri həyata keçirilir. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və onlar verilən təlimatı yerinə yetirib əzəli torpaqlarımızı bizə qaytardılar.
Hər gün vətən torpağı bir az böyüyür, bir az tamlaşır və bütövləşir. Bu bütövlük təkcə ərazicə yox, həm də hər bir kəsin baxışında, duruşunda, əzmində, danışığında özünü büruzə verir. Biz sanki hər gün işğaldan azad olunan Vətən torpağı kimi bir qarış böyüyürük, mətinləşirik. Bu gün mübarizəmizin mənası, qayəsi bütöv Azərbaycandır. Çünki son 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil, bütünlükdə Azərbaycan Respublikasıdır, müstəqilliyimizdir, ərazi bütövlüyümüzdür.
Fərid Hüseynov – Fəal gənc