Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kaxeti bölgəsinin Laqodexi rayonunda olub.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Komitə sədri Laqodexi bələdiyyəsinin nümayəndələri ilə birlikdə Qabal kəndindəki İctimai Mərkəzlə tanış olub, azərbaycanlılarla görüşüb. Görüşdə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Gürcüstan parlamentin deputatı Quram Maçarişvili Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfərini, xüsusən də bölgələrlə tanışlığını yüksək qiymətləndirib. Bildirib ki, bu cür səfərlər və görüşlər dost və qardaş xalqlarımız arasında əlaqələrin inkişafına, strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsinə xidmət edir.
Sonra rayon bələdiyyəsinin sədri Kaxa Camburiya, Sakrebulonun sədri Canda Mdivniaşvili Azərbaycan-Gürcüstan dostluğundan söz açıb, bölgədə yaşayan azərbaycanlıların Gürcüstanın inkişafında mühüm rol oynadıqlarını qeyd edib.
Görüşdə F.Muradov deyib ki, azərbaycanlılar harada yaşamasından asılı olmayaraq həmin dövlətin möhkəmlənməsində yaxından iştirak edirlər. Burada yaşayan soydaşlarımız da Gürcüstan dövlətçiliyinə sadiqdirlər. Azərbaycanlılar və gürcülər arasında heç zaman problemin olmadığını vurğulayan Komitə sədri bildirib ki, bəzi hallarda müəyyən qüvvələr dostluğumuza xələl gətirməyə cəhd edirlər. Lakin xalqlarımızın müdrikliyi nəticəsində onların bütün cəhdləri uğursuzluqla nəticələnir.
F.Muradov Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiyası və sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihə və tədbirlərdən də söz açıb.
Qabal sakinləri kənddə onları narahat edən problem və qayğılardan danışıb. Kənddə idman zalının tikintisinə ehtiyac olunduğu qeyd edilib, torpaq sahələrinin qeydiyyatı, uşaq bağçası və məktəblərlə bağlı məsələlər diqqətə çatdırılıb. Çıxışlar zamanı Kaxeti bölgəsində azərbaycanlıların mədəniyyət mərkəzinin yaradılması təklifi də səslənib.
F.Muradov qaldırılan məsələlərə münasibət bildirərək onların həlli istiqamətində gürcü həmkarlarla birgə işləməyə hazır olduğunu bildirib.
Sonda Qabal kənd məktəbinə noutbuklar, Gəncəli kənd məktəbinə isə Azərbaycanın milli rəqs paltarları hədiyyə olunub.
Görüşdə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin müşaviri Ayaz Məmmədov, Xarici İşlər Nazirliyinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.