“Dünyada gedən proseslər beynəlxalq münsaibətlərə tənəffüs verib. Hazırda Avropa Şurası Büro iclasında aprel ayında Avropa Şurasının keçirilməsi nəzərdə tutulan iclasının olub-olmayacağı ilə bağlı qərar qəbul edilir. Dünyada da koronavirus infeksiyasının yayılması ilə bağlı beynəlxalq tədbirlər təxirə salınır”.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Azərbaycan-Türkiyə arasında sərhədlərin bağlandığını, bir sıra beynəlxalq uçuşların təxirə salındığını deyən komitə sədri söyləyib ki, bütün bunlar beynəlxalq tədbirlərin, eləcə də bundan bir neçə ay sonra keçirilməsi nəzərdə tutulan tədbirlərin təxirə düşməsinə səbəb olur: “Amma baş verənlər nəticəsində işimizi məhdudlaşdırmamalıyıq. İşimiz təkcə səfərlərlə bağlı deyil. Müasir texnolgiyalardan istifadə edərək, beynəlxalq sənədləri nəzərdən keçirmək, yüksək əlaqələri təşkil etmək, ölkəmizin mövqeyini müdafiə etmək çox vacib və əhəmiyyətlidir”.
S. Seyidov söyləyib ki, Milli Məclisin sabah keçirilən iclası da koronavirusla bağlıdır: “Amma biz bilməliyik ki, beynəlxalq əlaqələr çox vacibdir. Milli Məclisdə 80-nə yaxın dostluq qrupları fəaliyyət göstərir. Hər bir parlament üzvü komitəsindən asılı olmayaraq beynəlxalq məsələlərdə iştirak etməlidir”.