Azərbaycanda hər il 26 İyun – Milli Ordu Günü kimi qeyd edilir. Lakin bu il- Azərbaycan əsgəri Ordu Gününü həm özünün peşə bayramı, həm də keçən il Qarabağda mənfur düşmən üzərində çaldığı möhtəşəm zəfər bayramının ilk ili kimi qeyd edir. Çünki, müstəqillik tariximizdə ilk dəfədir ki, silahlı qüvvələrimiz Ordu Gününü Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və doğma Qarabağımızın işağldan azad olunması şəraitində keçirir. Belə xoş fürsət başda Prezident İlham Əliyev olmaqla, xalqımızın milli iradəsi ilə, Şanlı Ordumuzun keçən il reallaşdırdığı 44 günlük ikinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi ilə mümkün olmuşdur.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev söyləmişdir ki, “Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Son illər ərzində ordumuzun uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı görür və bilir”.
Ölkə başçısı bir neçə il qabaq bu fikri söyləməkdə tam haqlıdı idi və milli ordumuz öz gücünü və qüdrətini keçənilki 44 günlük Vətən müharibəsində əyani olaraq nümayiş etdirdi, işğalçı erməni ordusunu bir güclü həmlə ilə darmadağın edərək, işğal altındakı torpaqlarımızı qısa zaman kəsiyində azad etdi.
Milli Ordumuz belə gücü və qüdrəti 1993-cü ildən başlayaraq, başda Ümummilli Lider Heydər Əliyev olmaqla dövlətimizin ordu quruculuğuna yönəltdiyi yorulmaz fəaliyyət nəticəsində əldə etmişdir. Bu siyasət sonrakı illərdə- 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında dönmədən davam etdirilmiş, hakimiyyətin fəaliyyətimdə ordu quruculuğu birinci yerdə dayanmışdır.
Bu bayram ərəfəsində fürsətdən istifadə edərək, müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası və torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş bütün ŞƏHİDLƏRİMİZƏ Allahdan rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı verir, qazilərimizə şəfa diləyirəm!
Sabahkı əlmətdar gün münasibətilə Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı- Prezident İlham Əliyevi ürəkdən təbrik edirəm!
Müzəffər Ordumuzun bütün əsgər, matros və zabit heyyətini təbrik edirəm, Vətənin keşiyini çəkən insanların hər birinə möhkəm cansağlığı və ölkəmizin etibarlı müdafiəsi yolunda uğurlar arzulayıram!
Şanlı Ordumuza, Müzəffər
Ali Baş Komandanımıza və xalqımıza eşq olsun!
Uca Yaradan millətimizi, doğma Azərbaycanımızı və Vətən keşikçilərini qorusun!
AMİN!
Əli Həsənov
İctimai-siyasi xadim,
I dərəcəli dövlət müşaviri