Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə, ötən ilin iyul ayından bugünədək ölkədə ebola virusundan ölənlərin sayı 777 nəfərə çatıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 1976-cı ildə bu ölkənin Yambuku kəndinin yaxınlığındakı Ebola çayında aşkar edilən virus insanların sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir. 2018-ci ilin iyul ayında bu xəstəliyin Şimali Kivu əyalətində başlayan yeni epidemiyası sürətlə ətraf ərazilərə yayılıb. Əvvəllər 280 insanın ölümünə səbəb olan bu xəstəlik son 10 ay ərzində 777 nəfərin dünyasını dəyişməsi ilə nəticələnib. Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, hazırda 1185 nəfər bu virusun daşıyıcısıdır.
Ebola 2014-2017-ci illərdə Qərbi Afrika ölkələrində, o cümlədən Qvineya, Liberiya və Syerra-Leonedə 11 mindən çox insanın ölümünə səbəb olan dünyada ikinci ən böyük epidemiyadır. Lakin Dünya Səhiyyə Təşkilatı bu xəstəliklə bağlı həmin ölkələrdə fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olmadığını və ötən ilin iyulundan bəri virusun qarşısının alınmasına 104 milyon dollar vəsait ayırdığını bəyan edib.