
Hər bir insanın həyatda bir ömür payı vardır. Bu ömrü səmərəli yaşamaq, özünə, ailəsinə, xalqına və cəmiyyətə fayda vermək isə heç də hər kəsə nəsib olmur. Xoşbəxt insan odur ki, yaşadığı torpaqda mənəvi saflığı ilə seçilə bilir, yeni ideyalarla çıxış edir və həyatda örnək bir yol keçir. Bu xüsusiyyətlərə sahib olanlardan biri də fərəhlə deyə bilərik ki, şair - publisist Tapdıq Əlibəylidir.
Tapdıq Əlibəyli təkcə şair deyil, həm də bir insan olaraq dərin düşüncəli, əxlaqlı və prinsipialdır. Bu xüsusiyyətləri onun həyatını təhlil edərkən açıq şəkildə görünür. Onun həyat yolunun hər addımında, hər kəlməsində, hər şeirində özünü xalqına xidmət etməyə, cəmiyyətə faydalı olmağa həsr etmiş bir insan obrazı canlanır. Onunla tanışlığımız 2000-ci ilə təsadüf edir.
İdman Akademiyasında prorektor vəzifəsində çalışırdım. Bir gün iş vaxtının sonu idi və evə getməyə hazırlaşırdım. Birdən qapı döyüldü... Kim ola bilərdi? Üzünü görmədiyim, ancaq adını eşitdiyim və yaradıcılığı ilə fəxr etdiyim şair Tapdıq Əlibəyli. Özünü təqdim edərək: “Məni tanıdınızmı?” – deyə soruşdu.
- Şairi tanımamaq olar...
Şair gəlişinin səbəbini söylədi və məlum oldu ki, Qəhrəman Məmmədyarovun otağı ilə buranı dəyişik salıb. Mən şairi Qəhrəman müəllimin yanına apardım və gəlişi haqqında məlumat verdim. Qısa bir vaxtdan sonra o, yenidən mənim otağıma qayıtdı. Mənim otağımda divardan asılmış iki saz (Azərbaycan və türk sazı) sən demə onun diqqətindən yayınmayıb...
Xeyli söhbət etdik və biləndə ki, 50 illik yubileyim yenicə tamam olub söhbəti bu ovqata köklədi. Bildirdi ki, elə yaxşı oldu... əslində yanılmamışam. Dilqəm müəllim, zəhmət olmasa o sazı dilləndir görək. Sazı sinəmə basan kimi şair sanki kükrədi və bədahətən söylədi:
Məsləkinin təməlində ədalət,
İnancının mayasında həqiqət,
Umacağın olmayıbdır şan-şöhrət.
Əlli ildə yaşatmısan saf ürək,
Dilqəm qardaş, əlli ilin mübarək!
Muğam, sazdan bələnibdir heyrətin
Xürrəmidən boy alıbdır qeyrətin,
Tapındığın Dədə Qorqud – hörmətin,
Keçdiyin yol əməlinlə bir örnək.
Dilqəm qardaş, əlli ilin mübarək!
Aylar, illər ömrümüzə bir izdir,
Ötən günlər xatirə tək əzizdir,
Qəlbdə arzu nə gecikmiş, nə tezdir...
Ömür bağın açsın hər vaxt gül-çiçək,
Dilqəm qardaş, əlli ilin mübarək!
El güvənir yetirdiyi mərdinə,
Şərik olur sevincinə, dərdinə.
Ömrün sığmır əlli ilin həddinə...
İnnən belə yenə səni şux görək,
Dilqəm qardaş, əlli ilin mübarək!
İnam, ümid ruhumuza məlhəmdir,
Sevincimiz can evinə məhrəmdir,
Dünyanızın zirvələşən dəmidir..
Tapdıq hörüb sözdən sənə bir çələng,
Dilqəm qardaş, əlli ilin mübarək!
Beləcə, 50 iliyimə həsr olunmuş “Yol gedənindir” kitabının deyərdim ki, ilk səhifəsi yazıldı. Bu şeir mənə yalnız şəxsi təbrikdən ibarət deyildi. O, insanın həyatına, onun məqsədlərinə, mübarizələrinə və səmimi duyğularına dərin bir nəzər salır. Bu, bir şairin oxucuya özünün dediyi kimi təqdim etdiyi "könül ziyarəti" idi.
Onun şeirə marağı 5-ci sinifdən başlayıb və bu maraq ona yeni-yeni uğurlar gətirib. İndiyə qədər 30-a yaxın kitabı nəşr olunub. Kitabları arasında "Torpağın səsi", "Fəzilət yolu", "Soyqırım" və "Azərbaycan" kimi əsərlər var ki, hər biri oxucusuna dərin mənalar verir. Şairin yaradıcılığında lirik və fəlsəfi elementlər bir arada mövcuddur və bu, onun poeziyasının ən maraqlı cəhətlərindəndir.
Tapdıq Əlibəyli həm də publisistdir. Onun yazdığı məqalələr, ön sözlər və araşdırmalar müasir Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə işıq tutur. Özünün "Zirvə işığında, dağlar qoynunda" adlı kitabında o, həyatın müxtəlif tərəflərini müzakirə edərək, oxucusunu düşünməyə təşviq edir. Onun sözləri, yazıları heç bir zaman hədəfdən yayınmır, əksinə aktual olaraq insanlar arasında güclü bir əlaqə yaradır.
Tapdıq müəllimin şeirləri və əsərləri, həmçinin onun həyatı bir çox məqamda oxucusunu dərindən düşündürməyə vadar edir. O, yalnız şair deyil, həm də həyatın əsl mənasını axtaran bir mütəfəkkirdir. Şairin şeirləri, sadəcə kəlmələrdən ibarət deyil, onlar bir həyat dərsi, bir mənəvi aydınlıq gətirən işıqlardır.
Əlibəyli Tapdıqın həyatı və yaradıcılığı, sadəcə şeir yazmaq deyil, daha dərin bir mənanın tapılmasıdır. O, öz şeirlərində həyatın müxtəlif cəhətlərini göstərərək, oxucusunu həm əxlaqi, həm də estetik baxımdan inkişaf etdirməyə çağırır. Onun yaradıcılığı xalqına xidmət etməyi özünə məqsəd qoymuş bir insanın həyat manifestidir.
Tapdıq müəllimin şeirləri yalnız estetik zövq yaratmaqla kifayətlənmir, eyni zamanda insanı daxili dünyasında təftiş etməyə çağırır. Onun "Bir əsrin sorağı" şeirində yazdığı kimi, hər kəlmə, hər söz bir tarixdir, bir ömrün izidir. O, həyatın hər anını, hər məqamını bir yoldaş kimi öyrənib, oxucusuna təqdim edir:
Bir əsrlik yoldur əsrin sorağı,
Qələmlə qət etdin, Dilqəm müəllim!
Azərbaycan adlı vətən torpağı
Sənin böyük sevgin, nəğməli dilin.
Sən tarix yazırsan, tarixsə zəfər,
Yüz illik bir dövrün salnaməsini.
Zamanın özünə etdikcə səfər,
Vüqarla yazırsan hər kəlməsini
Sanki hər səhifə açılan səhər,
Qələmin boyanır al şəfəqlərə.
Şərəf tarixindən boy verir hünər,
Bu yol sığışarmı heç üfüqlərə.
Himnimiz səslənir uzaq ellərdə,
Üçrəngli bayrağın təntənəsiylə.
Qaliblər ərəntək gəzir dillərdə,
“Zorxana” mehrinin ənənəsiylə.
Qələbə müjdəli idmançıların
Əzmi-əzəməti qürur doğurur.
Uğuru, yarışda sınananların
Nəslin pöhrəsində qüdrət yoğurur.
Bu şeir bir insanın, bir şairin həyatının izidir. Amma o iz yüz illərlə davam edəcək bir təfəkkürün, bir müdrikliyin və əzmin simvoludur.
O, bir şair olaraq yalnız öz poeziyasında deyil, həm də gündəlik həyatında və fəaliyyətində insanlara vətənpərvərlik, sevgi və səmimiyyət mesajları ötürür. O, şeirində olduğu kimi, həyatda da hər zaman ədalət, həqiqət və mərhəmət prinsiplərinə riayət edir. Onun hər deyimində işıqlı düşüncə maddiləşib. Yəni atalar sözlərini yaradan məhz Tapdıq kimi müdrik insanlar ola bilər. Bu məqamda qədim Çin filosofu Yan Çjou ilə bağlı oxuduğum bir əhvalat yadıma düşür.Начало формы
Bir nəfər filosofun yanına gəlib deyir:
-Mən xəstəyəm, məni sağalda bilərsənmi? Böyük filosof deyir:
-Xəstəliyin əlamətlərini sayın.
-Öz icmamda tərifi şöhrət hesab etmirəm. Əldə etdiyimə sevinmirəm, itirdiyimə kədərlənmirəm. Həyata ölüm kimi baxıram, özümə özgə kimi baxıram, öz evimdə qonaq kimi yaşayıram, heç bir rütbə və mükafat məni sevindirmir, heç bir cəza və ya vəd məni qorxutmur, heç bir müvəffəqiyyət və məğlubiyyət məni dəyişmir.
Yan Çjou bütün deyilənlərə qulaq asıb cavab verdi:
-Siz dünyanın ən xöşbəxt insanısınız. O ki, qaldı xəstəliyinizin səbəbinə, onun bir adı var: müdriklik.
Filosofun sözünü Tapdıq Əlibəyliyə şamil etmək istəyirəm. Ona görə ki, bütün yüksək insani keyfiyyətlər Tapdıq müəllimdə təcəssum olunur.
Tapdıq müəllim təbiətən şairdir. Onun danışıq tərzi, geyimi, məclislərdə özünü aparmağı, müsahibini diqqətlə dinləməsi, insanlara münasibəti, intellektual səviyyəsi, əxlaqı və davranış mədəniyyəti əsl şairə xas olan xüsusiyyətlərdir.
Конец формы
Qürurla vurğulayım ki, Tapdıq Əlibəyli 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Payız çöhrəsində yazdı 44 gün" (08.01.2021) kitabı ilə şair-publisist kimi ədəbi aləmdə ilkə imza atmışdır. Bütün varlığı ilə Vətənə və xalqa bağlı olan bu insan həddindən artıq həssas bir könülə və dərin söz sənətinə malikdir. Yeri gəlmişkən, fikrimin daha aydın görünməsi üçün bir məqamı dərin rəğbət hissi ilə qeyd etmək istərdim.
Bu günlərdə, İdman Akademiyasanın məzunu, Bakının Xətai rayonundan olan şəhid Rasim Məmmədovun ailəsini ziyarət etdikdən sonra qərara gəldim ki, onun haqqında bir məqalə yazım. Lokal antiterror əməliyyatı zamanı Xocavənd rayonunda şəhid olmuş Çevik Polis Alayının çavuşu, qəhrəman Rasim Oqtay oğlu Məmmədova həsr olunmuş bu məqaləni tamamladım, amma mənə elə gəldi ki, nəsə çatışmırdı... Həmin an dostum, şair Tapdıq Əlibəyliyə telefonla müraciət etdim və ondan şəhidin xatirəsinə bir şeir yazmağı xahiş etdim. O bədahətən bu şeiri ("Son nəfəsi cənnətdəki qoxudur") söylədi:
Körpələrin bəbəyində yuxudur,
Yağıların yuxusunda qorxudur,
Son nəfəsi cənnətdəki qoxudur,
Göy üzündə gülümsəyən şəhidlər.
Xocavənddə izi qalib Rasimin,
Könüllərdə közü qalıb Rasimin,
Şəhidliklə özü qalıb Rasimin...
Məqamından söz açmaqda şahidlər.
Şəhid-yaddaş, şəhid qutsal, pir-addır,
Zəfər ilə ruhları şad muraddır...
Fəda olmuş neçə canla abaddır,
Qəsb edilmiş neçə-neçə kənd, şəhər.
Düşünürəm ki, bu şeir vətənpərvər şairin şəhidlərə və onların qəhrəmanlıqlarına ehtiramının daha bir ifadəsidir və oxucuda çox güclü təsir yaratmaq gücündədir. Şəhidlərimizin qəhrəmanlığı, hər bir vətənsevər insanın ruhunu təmizləyir, əxlaqını zənginləşdirir və onları müqəddəs torpaqlarımıza, şəhid məzarlarına baş çəkməyə təşviq edir. Çünki hər bir şəhidin ruhu bu torpaqlarda, onların qanıyla suvarılmış yer üzündə yaşayır. Bu yer, onların əziz xatirələrinin əbədiyyətə qovuşduğu yerdir.
Şair Tapdıq Əlibəyli yalnız bir poeziya ustası deyil, həm də müdriklik, sadəlik və xeyirxahlığın timsalıdır. O, sözün gücü ilə insan ruhunu işıqlandırır, cəmiyyətin daha yüksək dəyərlər əsasında birləşməsinə xidmət edir.
Ədəbiyyatımıza yeni bir nəfəs gətirən Tapdıq Əlibəyli bu il 65 yaşını qeyd edəcək. Onun dünyaya gəlişi yay fəslinə təsadüf edib. Obrazlı ifadə etsəm, şairin əsərlərindəki hərarət qışın soyuqluğunda belə səngimir və hər zaman olduğu kimi oxucu könlünü poetik hərarətə qərq edir. Onun şeirləri yalnız poeziya sahəsində deyil, ümumilikdə ədəbiyyat xəzinəmizdə mühüm yer tutur.
Qarşıdan gələn 65 iliyiniz münasibətilə Sizi ürəkdın təbrik edirəm, qardaşım Tapdıq Əlibəyl! Əziz şairim, həyatınızın hər anı və hər bir şeiriniz bizim üçün daima dəyərlidir! Hər zaman dəyərli olasınız, çağdaş ədəbiyyatımızın fəzilət yolçüsu!
DİLQƏM QULİYEV,
pedaqogika üzrə elmlər doktoru, professor,
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi,
Prezidentin Fərdi təqaüdçüsü