“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsi üzrə Quba-Xaçmaz iqtisadi regionundan olan gənclər növbəti təlimlərini yekunlaşdırıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa həvəsləndirmək və mövcud biznes ideyalarını daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır.
Quba şəhərində 2 gün ərzində ümumilikdə 115 iştirakçı təlimçi Sənan Həsənov tərəfindən keçirilən “İdeya generasiyası”, “Sahibkarlıq bacarıqları”, “Rəqəmsal marketinq” təlimlərində iştirak ediblər.
Layihə çərçivəsində Abşeron, Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi regionları üçün təlimlər və görüşlər fevral ayının sonuna qədər davam edəcək.
Qeyd olunub ki, “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”un dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə 2018-ci ildən həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Bir il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.