“Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2012-2019-cu illər ərzində həyata keçirilən “New Generation” layihəsinin III mərhələsi üzrə fəaliyyət davam edir.
“Youth Inc.” Sahibkarlıq Proqramından bildiriblər ki, “New Generation Laboratory” adlanan bu mərhələdə gənc startapçılar və sahibkarlardan seçilmiş 40 layihə iştirak edir.
Fərqli sahələr üzrə mütəxəssislər görüşlərdə layihələrin zəif və güclü tərəflərini müəyyən edərək, mentorinq və biznesin inkişafı proqramı müddətində istifadə olunacaq yol xəritəsi hazırlayıblar. Yekunda layihə müəllifləri 35 min manatlıq investisiyaya bir addım daha yaxın olacaqlar.
Üç gün davam edən görüşlərdə Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi regionlarından ümumilikdə 40 layihə “PAŞA Həyat Sığorta”, “Procter and Gamble”, “Horeca Azerbaijan”, Park Bulvar AVM, “INNOLAND”, “Master Coach Azerbaijan” qurumlarının nümayəndələri və fərdi sahibkarlar qarşısında təqdim olunub. Bu görüşlər nəticəsində layihələrin zəif cəhətləri ortaya çıxarılaraq, onlar üçün inkişaf xəritəsi hazırlanacaq. Sonra sözügedən layihələr mentorinq və biznesin inkişafı proqramına qoşulacaq.
AZƏRTAC