Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi Astara rayonunda “İcbari tibbi sığorta ilə sağlam gələcəyə doğru” layihəsi çərçivəsində fəal gənclər və tibb işçiləri üçün seminar təşkil etmişdir.
Təşkilatın rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanı ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməyə başlamışdır. Layihə çərçivəsində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilmiş, icbari tibbi sığortanın tətbiqinin üstünlükləri və əhəmiyyəti barədə əhaliyə məlumat verilmişdir. Fərmana görə Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmış və 2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığorta sisteminin Azərbaycan Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərinin və tədbirlərin görülməsi barədə göstəriş verilmişdir. Həyata keçirdiyimiz bu layihənin də məqsədi ictimaiyyət arasında və sosial mediada icbari tibbi sığorta ilə bağlı maarifləndirmə işini gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində Astara rayonunda 25 nəfər fəal gənclər və tibb işçiləri üçün maarifləndirici seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Rövşən Bağırov açaraq layihənin rayon əhalisi üçün əhəmiyyətindən, bu sahədə görülmüş və görüləcək işlərdən söz açmışdır. O, həmçinin qeyd etmişdir ki, icbari tibbi sığorta sisteminin tətbiqi əhalinin asan şəkildə tibbi yardım almaq hüququnu təmin edəcək və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaldacaqdır.
Daha sonra dəvət olunmuş həkim-ekspert Allahverdi Alıyev tədbiri davam etdirərək icbari tibbi sığortanın məqsədi, xidmətlər zərfi və ona daxil olan tibbi xidmətlər, müraciət qaydaları, ambulator və stasionar müayinə və müalicə, sığorta üçün ödəniləcək məbləğ və onun qaydaları, sığortalıların hüquq və vəzifələri və sair haqqında iştirakçılarla geniş müzakirə və fikir mübadiləsi aparmışdır. İnteraktiv müzakirələr zamanı tədbir iştirakçıları tərəfindən maraqlı fikirlər və təkliflər səsləndirilmişdir...Sonda icbari tibbi sığorta ilə bağlı hazırlanmış video çarx iştirakçılara nümayiş olunmuşdur.
Qeyd edək ki, silsilə seminar və dəyirmi masalar növbəti günlərdə Cəlilabad, Lənkəran, Masallı və Lerik rayonlarında davam etdirilərək birbaşa 100 nəfər fəal şəxsi maarifləndirəcək. Daha çox insanların məlumatlanması üçün icbari tibbi sığorta mövzusunda 500 ədəd buklet paylanacaq və hazırlanmış video çarx youtube kanalına yüklənərək sosial şəbəkələrdə yayımlanacaqdır.
Fərid Sədərov[b][/b]