“Ötən il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə 6 işə baxılması başa çatdırılıb. Pozuntuların dayandırılması və aradan qaldırılması məqsədilə bazar subyektlərinə göstərişlər verilib. Hazırda 5 işə - antiinhisar fəaliyyətlə bağlı 1 və haqsız rəqabətlə bağlı 4 işə baxılır”.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda bildirib.
O qeyd edib ki, “Haqsız rəqabət haqqında” Qanunun pozulması üzrə 4 işə baxılıb və 14 179 manat maliyyə sanksiyası tətbiq edilib. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun pozulması əlamətləri üzrə 2 işə baxılıb və 27 412 962 manat maliyyə sanksiyası tətbiq edilib.