Son illər müstəqil Azərbaycan böyük uğurlar qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmuşdur. Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.
Aparılmış islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün əlverişli imkan yaradılmış, azad rəqabət mühiti təmin edilmiş, bazar institutları formalaşmış, xarici iqtisadi fəaliyyət liberallaşdırılmış, ölkə iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrilmişdir. Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunmuşdur. Cəmi 20 il ərzində Azərbaycanda bütün sahələrdə böyük keyfiyyət dəyişiklikləri baş vermiş, ölkəmiz keçid dövrünü qısa müddətdə başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 120 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur ki, bunun da 80 milyardı məhz Prezident İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Bu da Azərbaycanın layiqli və etibarlı tərəfdaş olduğunu sübut edən amillərdən biridir. Dövlət başçımızın müəyyənləşdirdiyi və uğurla həyata keçirdiyi siyasətin əsas məqsədi Azərbaycanı yüksək gəlirli ölkələr sırasına çıxarmaqdır. Bunun üçün bütün elmi-siyasi proqnozlar hazırlanmışdır. Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçərək birinci onillikdə qarşıya qoyulmuş məqsədə çatmış, dünyada yüksək orta gəlirli ölkələr sırasına çıxmışdır. İndi isə əsas məqsəd ölkəmizi daha da inkişaf etdirərək yüksək gəlirli ölkələr sırasına çıxarmaq və əhalinin rifah halını daha da yaxşılaşdırmaqdır.
Azərbaycanın gələcəkdə daha mühüm uğurlara imza atacağına əminlik yaradan milli sosial-iqtisadi inkişaf modelinin reallaşması nəticəsində əldə olunmuş nailiyyətlərimiz bu gün təkcə ölkə daxilində deyil, bütün dünyada da geniş əks-səda doğurmuşdur. 2004-cü ildən bu günədək ÜDM-in 3 dəfə, qeyri-neft sektorunun 2,4 dəfə, əsas kapitala investisiyaların 4,2 dəfə, qeyri-neft sektoru üzrə əsas kapitala investisiyaların 14,4 dəfə, dövlət büdcəsi gəlirlərinin 14 dəfə, strateji valyuta ehtiyatlarının 28 dəfədən çox artması Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların, beynəlxalq aləmdə qazandığı nüfuzun və gündən-günə möhkəmlənən mövqeyinin, iqtisadi təhlükəsizliyinin göstəricisidir.
Son doqquz il ərzində Azərbaycan özünəməxsus uğurlu strategiyanı reallaşdırmaqla təmin etdiyi iqtisadi artım nəticəsində xalqın rifah səviyyəsini daha da yüksəltmişdir. 2004-cü ildən bu günədək əhalinin gəlirləri 5 dəfədən, orta aylıq əmək haqqı isə 4 dəfədən çox artmışdır. Bu dövrdə ölkədə yoxsulluq səviyyəsi 6,5 dəfə azalaraq 40 faizdən 7,6 faizə enmiş, yoxsulluq həddi isə 2004-cü ildəki 39 manatdan 2012-ci ildə 108 manata qədər artırılmışdır. Təsadüfi deyil ki, sosial və iqtisadi sahədə əldə edilmiş nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə layiqincə qiymətləndirilmişdir. Belə ki, Dünya Bankının hesablamalarına əsasən 2009-cu ildə adambaşına düşən ümumi milli gəlirin səviyyəsinə görə Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupuna daxil edilmişdir. BMT-nin İnkişaf Proqramı tərəfindən dərc olunmuş “İnsan İnkişafı Hesabatı”na əsasən Azərbaycan 2005-ci ildə tutduğu 101-ci yerdən 2011-ci ildə 76-cı yerə yüksəlmiş, “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək “yüksək insan inkişafı” kateqoriyasına daxil edilmişdir. Həmin dövrdə İnsan İnkişafı İndeksində reytinq irəliləməsinə görə Azərbaycan dünya liderliyinə yüksəlmişdir.
Son illər ərzində biznes mühitinin yaxşılaşdırılması sahəsində reallaşdırılan islahatlar, həyata keçirilən səmərəli tədbirlər nəticəsində “Dooing Business” hesabatı Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirmiş, 2009-cu ildə dərc olunmuş hesabatda ölkəmiz “ən islahatçı” ölkə elan edilmişdir. “Dooing Business 2012” hesabatında Azərbaycan işgüzar mühitin əlverişliliyi səviyyəsinə görə tədqiqatın aparıldığı 185 ölkə arasında 67-ci yerdə qərarlaşmışdır. Ölkəmizdə əlverişli rəqabət mühitinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar da bəhrəsini verir. Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə dair tədqiqatın aparıldığı 144 ölkə arasında 46-cı yerdə qərarlaşmış və ardıcıl olaraq 4-cü ildir ki, MDB məkanında 1-ci olmuşdur. Azərbaycan Cənubi Qafqazda investisiya reytinqi alan ilk və yeganə ölkədir. Regionda inkişaf parametrlərinə görə lider ölkəyə çevrilmiş Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə və qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur.
Əhalinin ərzaqla etibarlı təminatı Azərbaycan Prezidentinin daimi diqqət mərkəzində olmaqla aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilmiş, kənd təsərrüfatı məhsulları istehsalı və emalı genişləndirilmiş, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Ölkə iqtisadiyyatında qazanılmış uğurların daha da möhkəmləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması işi davam etdirilir. Bu konsepsiyada müəyyənləşdirilmiş hədəflərə əsasən qeyri-neft sektorunun şaxələndirilməsi və sürətli inkişafı hesabına nail olunacaqdır.
İqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifahının yüksəlməsi və ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın simasının daha da yaxşılaşdırılması, regionlarımızın inkişafının təmin edilməsi baxımından 2013-cü ilin böyük layihələr və böyük nailiyyətlər ili olacağına dərindən inanırıq. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inam və böyük uğurla aparır.
Əfsanə Kərimova – Masallı rayon Hacıtəpə kənd sakini