Şair-publisist Qurban Hüseynin təssüratlarından:
Qızmar yayın atəşi, müqəddəs ana torpağı qovurduğu kimi, ürəklərimizi də atəşə qərq etdi. Həmin vaxt da göydən od ələnir, gözlərimizdən su ələnirdi. Bu ağrılı duyğuları ifadə etmək o qədər də asan deyil. El-obanın təəssübünü canı qədər əziz bilən, Azərbaycan xalqının dəyərlərini göz bəbəyi qədər qoruyan bir oğul köçdü dünyadan. Cismən haqq dünyasına əbədi köçsə də, adı yaddaşlara köçdü.
Bu köç, heç bir köçə bənzəmədi. Vaxtsız köçün iztirabını çəkən biz dostlar, yenə də yollara baxırıq. El köçünə bənzəməyən-Elşad köçdü.
El köçü deyiləndə, fəsillər təzələndikcə, köçün qayıtmasını, yaylaqlarda səsin-küyün bərqərar olacağını, məclislərin qurulacağını düşünərdik.
Elşad müəllimin əbədiyyət köçü, bu köçlərə bənzəmədi. Haqqın dərgahına yol alan insan oğlu, hər zaman haqqın keşiyində oldu.
Bu üzü nurlu insan, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Nəcməddin oğlu Həmidov idi.
Əziz və unudulmaz xatirələr keçmişdə qalsa da, xeyirxah və mütərəqqi ziyalı Elşad müəllimin əməlləri gələcəyə nur saçır.
Fədakar valideyn, qeyrətli Vətən oğlu, qayğıkeş qardaş onu tanıyanların sevimlisi oldu.
Allah sevdalı, Vətən təəssüblü Elşad müəllim!
Ruhunuza o da ayandır ki, yağı tapdağı altında olan doğma torpaqlarımız bu gün azaddır. Müzəffər ordumuz, Şanlı döyüşçülərimiz ən ucqar torpaqlarımızı, Qədim Şuşanı, yüzlərlə yaşayış məntəqələrimizi azad etdi. Kaş bu günləri görəydiniz. Kaş ki, azad edilmiş Vətən torpağını birgə gəzəydik.
Uyuduğun torpaq yumşaq!
Ruhunuz şad olsun!
Əzizimiz Elşad müəllim!
Fərid Səfərov
AJB-nin üzvü