Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sambalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baximindan Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu Öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu mərhələləri təhlil etməzdən əvvəl belə bir vacib aspekti önə çəkmək lazımdır ki, Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq, öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib.
Ulu Öndərimiz zamanı qabaqlayan, onun fövqündə dayanan elə bir dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindən biri də, məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi isrimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır. Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Onun qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas böyük istedadı bizim hamımıza, onun müasirlərinə və həmvətənlərinə dərin təsir bağışlayır və siyasətçilərin, tədqiqatçıların və jurnalistlərin diqqətini ona cəlb edir. Heydər Əliyev fenomeninə maraq illər ötdükcə azalmır, əksinə, getdikcə daha da artır. Ölkəmizdə və xaricdə çap edilən bir çox yazılarda, tədqiqatçıların əsərlərində biz Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasətinin və mahir idarəçilik bacarığının yeni-yeni cəhətlərini görürük.
XX əsrdə Azərbaycanın yetirdiyi ən böyük şəxsiyyət - ümummilli liderimiz Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq onu praktik surətdə gerçəkləşdirmiş dahi strateqdir. Yalnız bir yolla - bütöv və tam həqiqətin yolu ilə gedən və böyük uğurlar qazanan ulu öndər Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Reallıq və həqiqət böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən və onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlı idi. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub" - deyən böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb. Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.
Elman Aslanov
Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi