Böyük Britaniyanın Mülki Aviasiya Təşkilatı (CAA) “Boeing 737 Max 8” təyyarələrinin İndoneziyada və Efiopiyada qəzaya uğraması ilə əlaqədar bu tipli avialaynerlərin ölkənin hava məkanında uçuşlarına və aeroportlarına enişinə qadağa qoyub.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, CAA bu barədə qərarın növbəti xəbərdarlığa qədər qüvvədə olacağını açıqlayıb.
Xatırladaq ki, Əddis-Əbəbədən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da səhər saatlarında Efiopiya paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son beş ayda bu tipli təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.