
Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın çoxvektorlu xarici siyasətinin, beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi və yeni iqtisadi əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir.
Müasir dünyada geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq iqtisadi münasibətlərin yeni reallıqlar əsasında formalaşdığı bir dövrdə Azərbaycanın müxtəlif regionlarla əlaqələrini genişləndirməsi, yeni tərəfdaşlıq platformaları yaratması və milli iqtisadi maraqlarını daha geniş coğrafiyada təmin etməsi xüsusi əhəmiyyət kəsb edir.
Vyetnam bu baxımdan Azərbaycanın mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında tarixi dostluq münasibətləri, qarşılıqlı siyasi etimad və ötən il strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələr gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Vyetnamın son illərdə sənayeləşmə, ixracın artırılması, texnologiyaların tətbiqi və investisiyaların cəlb edilməsi sahəsində əldə etdiyi uğurlar Azərbaycan üçün də böyük maraq doğurur. Azərbaycanın enerji, nəqliyyat-logistika, sənaye və investisiya imkanları isə Vyetnamla iqtisadi əlaqələrin daha geniş müstəvidə inkişafına şərait yaradır.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan artıq yalnız regionun deyil, daha geniş coğrafiyanın mühüm siyasi və iqtisadi tərəfdaşına çevrilir. Şərq ilə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağı olan ölkəmizin Orta Dəhlizdəki strateji mövqeyi Asiya dövlətləri ilə əməkdaşlığın inkişafında yeni imkanlar açır.
Düşünürəm ki, Vyetnama səfərin ən mühüm nəticələrindən biri siyasi münasibətlərin konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar, yeni bazarlara çıxış və biznes əlaqələrinin genişləndirilməsi ilə möhkəmləndirilməsi olacaq.
Bu səfər Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və iqtisadi tərəfdaşlıq potensialının daha da gücləndirilməsinə xidmət edir. Eyni zamanda, ölkəmizin müasir geosiyasi reallıqlara uyğun çevik və praqmatik xarici siyasət yürütməsinin növbəti təzahürüdür.
Azərbaycanın milli maraqlara əsaslanan, qarşılıqlı faydalı əməkdaşlığı prioritet seçən xarici siyasət kursu ölkəmizin gələcək inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi və beynəlxalq mövqelərimizin daha da möhkəmləndirilməsi üçün mühüm təminatdır.
Prezident İlham Əliyevin Vyetnama səfərinin Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında yeni səhifə açacağına və ölkəmizin iqtisadi diplomatiyasına mühüm töhfə verəcəyinə inanıram.
www.AzadMedia.az