Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə 603 milyon doza peyvənd vurulub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.
Çində ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib.
Çinin səlahiyyətli qurumları iyunadək ölkə əhalisinin 40 faizini, gələn ilin əvvəlinədək isə 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Bu məqsədlə müvəqqəti peyvənd məntəqələrinin sayı artırılıb, bəzi şəxslərə evlərində vaksin vurulur. Bundan başqa, mobil vaksin avtobusları da istifadəyə verilib.