Atatv.az saytı tanınmış şairə Mahirə Nağıqızının vətənpərvərlik ruhunda yazdığı Azərbaycan Ordusunun əsgərlərini qələbəyə, zəfər gününə səslədiyi şeirlərini təqdim edir:
Salam, Qarabağım, salam!
Dönüb başına dolannam,
Salam, Qarabağım, salam!
Qadan allam, balan allam,
Salam, Qarabağım, salam!
De, Vaqifin sözünnən de,
Şairlərin yüzündən de.
Səslən Cıdır düzündən de,
Salam, Qarabağım, salam!
Adla yağının fəndini,
Keç bərəsini, bəndini.
De, oxşayım Xankəndini,
Salam, Qarabağım, salam!
Nə nazlanır Xarı bülbül,
Görüb ömrə yarı bülbül.
Oxu ona sarı, bülbül,
Salam, Qarabağım, salam!
Könlüm uçur Kəlbəcərə,
Çəmən sala, gül becərə.
Umudum sənlə cücərə,
Salam, Qarabağım, salam!
Qayasında xna qanım,
Gətirəcək cana qanım.
Halalımdır sana qanım,
Salam, Qarabağım, salam!
Fərmanını İlham verdi,
Dağa-dərəyə can verdi.
İgidlər imtahan verdi,
Salam, Qarabağım, salam!
Mahirə sevincdən ağlar,
Sinəsində ümman çağlar,
Dinər saza həsrət dağlar,
Salam, Qarabağım, salam!
GET!
Payız gəldi, ağacların bar vaxtıdır,
Dəymiş vüsal meyvəsini dərməyə get.
Düşmənimdən qısasımı al, vaxtıdır,
Sinəsi çat torpaqları görməyə get...
İstədim ki, tək Tanrıya qoşam səni,
Dualarım qoruyacaq, paşam, səni.
Get, gözləyir, Laçın səni, Şuşam səni,
Bulaq üstə süfrəmizi sərməyə get.
İllər keçdi o gündən ki, yaralandım,
Yağı vurdu, paramparça paralandım.
Köçkün oldum, el-obamdan aralandım,
Get, onların cavabını verməyə get.
Gücün sənin - bu dünyada olan haqqım,
Göz dağımdır düşmanımdan qalan haqqım.
Yağı versin: o can haqqım, bu qan haqqım,
Haqq sənindir, öz haqqını almağa get.
Bərkiyibsən tənə, qınaq sınağında,
Get, qalmayaq bu dünyanın qınağında.
Özü seçib boğulsun qan çanağında,
Tarix yarat, kitabında qalmağa get!
Komandanın özü verib dəyər sənə,
O güvəndi, arxalandı, ey ər, sənə.
Milyonların gözü baxır, əsgər, sənə,
Bu məqamdır, zəfərini çalmağa get