Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə görüş bizim üçün müqəddəs ziyarət idi.
İçəri daxil olarkən qarşımda əzəmətli, alicənab və müdrik baxışlı bir ana gördüm.
Bəli, Polad Həşimov kimi oğulu belə ana böyüdə bilər. Milli qəhrəmanımızın ömür yolu hamıya bəllidir.
Səmayə ana oğlundan danışdıqca, həm qürurlanırdı, həm də kədərlənirdi. Özündən biixtiyar göz yaşları yanağından süzülürdü. Küskün baxışları nələr deyirdi İlahi...
Ananın ən böyük təskinliyi Qələbəmiz idi. Onun bu sözləri məni çox qürurlandırdı: " Polad Həşimovun qisasını onun yetişdirdiyi müzəffər ordumuz aldı. Qisas qiyamətə qalmadı."
Səmayə ana bildirdi ki, evimiz hər gün ziyarətçilərlə dolub-boşalır. Oğlum xalqın qəlbindədir. O, bu hörməti uşaqlıqdan başlayaraq, son nəfəsinə qədər qazanıb. Verdiyim tərbiyə, aldığı təhsil və dövlətə xidməti onun kimliyini hər kəsə bəlli etdi. Səmayə ana elə mükəmməl danışdı ki, Polad Həşimovu daha dərindən tanıdıq.
Fəxr edirik ki, Azərbaycanın Polad Həşimov kimi qəhrəman oğulları var.
Yasəmən Qəyyumlu General-mayor, Milli Qəhrəman, Şəhid Polad Həşimovun şərəfinə ithaf etdiyi şeiri
Səmayə ananın qarşısında oxudu.
Qeyrətin bükülməz qolusan, Polad
Vətən sorağından gələn haraydın.
Səfərin ucaydı, məqamın aydın.
Türkün şöhrətini cahana yaydın
Qeyrətin bükülməz qolusan, Polad.
Yurd haqqı çıxmadı heç vaxt yadından,
Onu uca tutdun öz həyatından,
Ərənlik boylanır şanlı adından,
Vətənin şərəfli oğlusan ,Polad.
Şəhadət şərbətin içərdin yenə,
Şəhidlik yolunu seçərdin yenə,
Vətənçün canından keçərdin yenə,
Bilirəm, yenidən doğulsan, Polad.
Sənin düşmənini vətən daşlayır,
Böyük hünərini el alqışlayır,
Qarabağ zəfəri səndən başlayır,
Yurdumun qələbə yolusan, Polad.
Yasəmən bacıntək durub qarşında,
Şəhid qoxusu var bu göz yaşında,
Əbədi yaşayır yurd yaddaşında,
Şəhadət ətirli bu ad-san , Polad
Allah bütün şəhidlərimizə rəhmət eləsin!