Ailə qurmaq insan həyatının ən əlamətdar hadisəsidir. Bu addımı elə atmaq lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Belə problemlərin bir çoxunun mənbəyi isə erkən nikahla bağlıdır. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan ailələr hesab olunur. Erkən nikah iki cür həyata keçirilir. Valideynlərin istəyi və məcburiyyəti ilə və bilavasitə qızın öz razılığı əsasında. Yəni onların həyatında sevdikləri şəxs olur və erkən yaşda onunla ailə qurmaq qərarına gəlirlər. Bunları bir-birindən fərqləndirmək lazımdır. Birmənalı şəkildə demək olmaz ki, erkən nikahlar hamısı uğursuz olur. Lakin son zamanlar xüsusilə bəzi regionlarda sırf valideynlərin təkidi ilə qızların erkən yaşda ailə həyatı qurması hallarına rast gəlirik və bu, öz fəsadlarını biruzə verir.
Görəsən bəzi qızlar niyə təhsilə yox, məhz ailə qurmağa tələsirlər? Bu gün Azərbaycanda nə qədər qız məktəbi bitirmədən, həyatı başa düşmədən ər məktəbinə daxil olur. Bu hal regionlarda daha çox baş versə də qarşısını alan yoxdur. Maraqlı burasıdır ki, 15-16 yaşlarında ailə quran və ya nişanlanan qızların adları məktəb jurnallarında qeyd olunur, lakin dərsə getməmək şərti ilə. Bunu hansısa savadsız valideyn edə bilər, amma həmin məktəbin müdirinin də buna normal münasibət göstərməsi nə dərəcədə düzgündür?!
Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur.
Son vaxtlar xüsusilə ölkənin bəzi bölgələrində sırf valideynlərin təkidi ilə qızların məktəb həyatından zorla uzaqlaşdırlması və erkən yaşda ailə həyatı qurması və hallarına rast gəlinir ki, bu da sonralar ağır fəsadlarının büruzə verməsi ilə nəticələnir. Bu cür erkən yaşda qurulan ailələr elmdə “erkın evliliklər” adlanır.
Erkən evliliklər bir çox xalqların cəmiyyətində mövcud olan sosial hadisədir. Təəssüflə qeyd etmək lazımdır ki, əsasən şərq xalqlarının cəmiyyətində rast gəlinən bu sosial hadisəyə bizim cəmiyyətimizdə rast gəlinir. Nə qədər desək də ki, cəmiyyətimizdə erkən evliliklər qadağandır və bizdə erkən evliliklər yoxdur və statistik göstərici də hədsiz az olsa da, erkən evliliklərin mövcudluğu danılmaz faktdır. Çox təəssüflə qeyd etməliyik Azərbaycanın demək olar ki, əksər bölgələrində erkən evliliklər mövcuddur və bu evliliklərin özlərinə məxsus olan səbəb və fəsadları var. Bəs nədir bizi narahat edən erkən nikah? Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik qız və oğlanların ailə qurması və birgə yaşamasıdır. Bu uşaqlar (BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə 194 olkədən 192-də 18 yaşına çatmayan, ABŞ-da isə 21 yaşından aşağı bütün şəxslər uşaq hesab olunur)(UNİCEF, 2006)) 99% ailələrinin təkidi ilə ailə qururlar. Həmin uşaqlar çox vaxt el adət-ənənəsi və ata-ana xeyir-duası ilə ailə həyatı qursalar da, bu nikahlar nikah yaşına düşmədiyi üçün rəsmiləşdirilmir. Erkən nikahlarda bir çox hallarda bir tərəfin (əsasən qızın) yaşının rəsmi nikah üçün uyğun olmaması və az olması, bəzi hallarda isə hər ikisinin azyaşlı olması təsadüf edilir.
Azyaşlıların evləndirilməsi gələcəkdə bir çox problemlərə, o cümlədən, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklərə yol açır. Nikahın rəsmiləşdirilməməsi isə dünyaya göz açan körpələrə doğum şəhadətnaməsinin verilməməsi (rəsmi nikah olmadığı üçün), boşanma olduğu təqdirdə aliment probleminin yaranmasına şərait yaradır. Ancaq ən böyük problemlərdən biri isə bu evliliklərdə gənclərin formalaşmaması, əsasən isə qızların yetkinlik yaşına çatmadıqları üçün sağlıqlarında yaranan problemlərdir. Belə ki, tibb elmi birmənalı şəkildə subuta yetirib ki, erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaranır. Erkən nikah zamanı onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olur. Digər tərəfdən, onların səhhətində ciddi psixoloji problemlər yaranır. Erkən yaşda ana olmaq həm onların öz səhhətində fəsadlar ortaya çıxarır, həm də xəstə, müxtəlif çatışmazlıqları olan uşaqların dünyaya gəlməsinə səbəb olur.
Bundan başqa, hamıya məlumdur ki, erkən nikah savadsızlığın da artmasına səbəb olur. Belə ki, erkən nikaha daxil olan qızların əksəriyyəti nəinki ali təhsil, hətta tam orta təhsil belə almırlar ki, bu da digər bir problemin təməlini qoymuş olur. Erkən nikaha daxil olan yeniyetmə qız gələcəkdə ali savadlı bir xanım kimi formalaşmaq imkanından məhrum olur.Həmçinin ixtisas sahibi olmayan belə qadınlar hər hansı bir yüksək məvacibli işə qəbul ola bilmir və son nəticədə daha az əmək haqqı ilə işləmək məcburiyyətində qalırlar. Bu da ailənin maddi vəziyyətində çətinliklər yaradır.
Erkən nikah zamanı müəyyən problemlərin vaxt aşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik atakları olaraq özünü biruzə verir.
Qohum nikahlarının da bəzi fəsadları barədə maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu gün də kifayət qədər qohumlar arasında nikahlar bağlanır. Xüsusilə də, kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir.
Qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından doğulan uşaqlarla müqayisədə daha çox xəstə olurlar: Qohum nikahların fəsadları barədə maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu gün də kifayət qədər qohumlar arasında nikahlar bağlanır. xüsusilə də, kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir.
Qohum nikahların əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Qohumlar arasında bağlanmış nikah sonsuzluğun da səbəbi ola bilər, ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olur və ya bu uşaqlar anadangəlmə qüsurlarla da dünyaya gələ bilər. Şikəst uşaqların doğulmasında genetik yaxın olan xəstəlik daşıyan genlərin büruzə verilməsidir. Bütün insanlar istəyir ki, xoşbəxt ailəyə və onu başa düşən, onun qayğısına qalan, onu sevən bir həyat yoldaşına malik olsun. Bəzi insanlar öz qız və oğlanlarını evləndirmək istəyən zaman ancaq qohumlar arasında seçim etməyi sevirlər və ondan qırağa çıxmağı sevmirlər.
Erkən yaşda nikaha daxilolma sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər.
Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur.
Erkən nikahların fəsadları:
• fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uçaq ölümünün azalmasına gətirib çıxarar.
• təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur; Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.
• peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir;
• intihar hadisələrinin sayı artır; Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır.
• boşanma hallarının sayı artır;
• erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır;
• HİV infeksiyası ilə cinsi istismar riski artır və s.
Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır.
Lətafət Hacıyeva
Sabunçu rayon Qeydiyyat Şöbəsinin rəisi