Ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb və "Əkinçi"nin nəşri bütün Qafqazda əks-səda doğurub.Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat edib və iki il sonra fəaliyyəti dayandırılıb.
Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində "Molla Nəsrəddin" (1906), "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan" (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. 1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.Hazırda respublikada çox sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, onlayn xəbər portalları fəaliyyət göstərir.Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
XXI əsrin əvvəllərində də mətbuat özünəməxsus şəkildə inkişaf edirdi. Bir neçə xatırlatmanı etmək yerinə düşərdi. Belə ki, 2000-ci ilin mart ayında Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqamı" təsdiq olundu. Bir sıra qəzetlərin borcları tamamilə silindi. 2003-cü ilin mart ayında isə media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar, öz növbəsində, müstəqil mətbuat tariximizdə əlamətdar hadisələr idi. Həmin vaxtlardan etibarən ölkə mediasında ilk olaraq, məhz Heydər Əliyev jurnalistlərin dostu kimi qiymətləndirildi. Onun bir kəlamını xatırlatmaq istərdim: “Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri daim sevmişəm”. Son illər Azərbaycanda kompüter texnologiyalarının, eləcə də söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoydu. Uzun illər informasiya blokadalarının əsiri olmuş, dünyada baş verən hadisələrdən bir qədər uzaq olan ölkəmizdə hazırda media özünün uğurlu transformasiya mərhələsini yaşamaqdadır. Azərbaycanda da azad sözün ifadə vasitəsi olan internetin rolu artmaqdadır. Ölkəmizdə yeni media formalaşma prosesində olsa da, bloqlar, forumlar, xəbər portalları kifayət qədərdir.
Bu və bu kimi digər mühüm məsələlərin təhlilini apararkən əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev də Ümummilli Lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər,daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan dövlətimizin başçısı, cənab Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir, bu şərtin əsaslarını mükəmməlliklə təhlilini aparır. O, bu barədə fikirlərini bölüşərkən vurğulayıb ki, Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki,ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər birvətəndaş bütün azadlıqlardan istifadə etsin.
Hazırladı: Masallı Dövlət Regional Kollecinin MMQ-rəisi Əsədli Əsəd