ÇİNGİZ QURBANOV: “GİZLİ SAVAŞ”
(roman)
Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər, zabit və xüsusi təyinatlıların əziz xatirəsinə həsr olunmuşdur.
(davamı - III hissə)
Anna Mübarizdən teleqram aldıqdan sonra hava limanına zəng edib əlindəki məlumatları bir daha dəqiqləşdirdi. Hər şeyin öz qaydasında olduğuna əminlik yarandıqdan sonra bu barədə Minas Davidoviçə məlumat verdi. Aşotu qarşılamaq üçün əvvəlcədən ondan icazə istədi. Minas Davidoviç Aşot Balayan gəldiyi gün bu məsələni bir daha ona xatırlatmasını Annaya tapşırmışdı.
Minas Davidoviç Qriqoryan vətənə döndükdən sonra bir az səksəkəli olmuş, xaricdə olarkən yaşadıqlarının iş yerində bəlli olacağından çox ehtiyat edirdi. Anna onun həbsdən azad olunması üçün Aşot Balayanın nələr etdiyini danışmış, xoş təəsürrat yaratmaq üçün hadisələri dramatikləşdirib, çəkilmiş xərcləri bir qədər də şişirtmişdi. Qriqoryan çox gözəl başa düşürdü ki, doğma qardaşının ona etmədiyi jestləri Aşot Balayan etmişdi. Anna Minas Davidoviçə bildirmişdi ki, polis tərəfindən nazirliyə məktub göndərilməməsi üçün Aşot vəkildən təkidlə xahiş etmiş və bunun müqabilində çoxlu pul xərcləmişdi.
Qriqoryan çiynində daşıdığı general-mayor paqonlarına görə rəhbərlikdən öncə Aşot Balayana borclu idi. Xaricdə yaşadığı sərgüzəştlərin iş yerində bəlli olması ən azı tutduğu vəzifəni itirməklə nəticələnəcəkdi. İndi isə general-mayor olmuş, Nazir müavini vəzifəsini tutmağa bir addım qalmışdı. Bütün bunları nəzərə alaraq Minas Davidoviç Aşotla tanışlığı özü üçün çox düşərli hesab edirdi. Bu qədər yaxşılıqların müqabilində başqa cür hərəkət etməyə vicdanı yol vermirdi. Qriqoryan İrəvanda baş tutacaq ilk görüşdə Aşot Balayana yaxın olmağı, çəkdiyi maddi və mənəvi əziyyətləri dəyərləndirdiyini göstərmək və onun şəxsində dəyərli və maddi cəhətdən imkanlı bir dost qazanmaq istəyirdı.
Annanın Aşota yanaşması Qriqoryanın mövqeyindən fərqlənirdi. O fikirləşirdi ki, Aşot ondan iki, üç yaş böyükdür, hərbi xidməti və gəncliyi Russiya Federasiyasında keçmiş, deməli, bizimkilərdən fərqli bir mədəniyyətə sahibdir. Ən əsası isə diribaşdır, pul qazanmağın yollarını bilir. Əli açıqdır, ilk tanışlıqlarında bahalı saat hədiyyə edib. Deməli, qadını dəyərləndirməyi bacarır. Ona görədə Aşotla aralarında məhəbbət macəralarının yaranmasını və bu məhəbbətin evliliyə qədər daşınmasını istəyirdi.
Qriqoryanın xidməti işlər üçün istifadə etdiyi Volqanın interyeri və xarici görünüşü qonaq qarşılamaq üçün yaramadığına görə dostundan BMW markalı avtomobil və sürücünü onun sərəncamına verməsini xahiş etmişdi. Dostu vacib bir məsələ ilə bağlı olduğunu düşünüb Minas Davidoviçin sözünü yerə salmamışdı. Qriqoryan və Anna Mübarizi qarşılamaq üçün BMW markalı avtomobildə hava limanına yola düşdülər. Hava limanında onları növbə rəisi qarşılayıb VİP qonaqlar üçün nəzərdə tutulmuş otağa apardı. Otaq çox səliqəli və işıqlı idi. Divar boyu divan və kreslolar düzülmüş, onların önünə isə kiçik masalar qoyulmuşdu. Qriqoryanla Anna tez gəldikləri üçün əyləşib kofe içərək gözləyirdilər.
Ölkəyə gələn VİP qonaqlar üçün nəzərdə tutulmuş qapı açıldı. Mübariz polis məmurunun müşayiətilə otağa daxil oldu. Divanda oturan hərbiçilər ayağa qalxıb sağ əllərini gicgaha apararaq, Mübarizə hərbi tərzdə salam verdilər. Mübariz bir anlıq çaşıb qalmış, nə edəcəyini müəyyənləşdirə bilmirdi. Hərbiçilərin onu qarşılaması Mübarizi çaşdırmışdı. Annanın cingiltili gülüşü sanki onu yuxudan ayıltdı. O, dostlarını tanıyıb onlara doğru istiqamət aldı. Mübariz Minas Davidoviç və Annanı hərbi formada görmədiyi və bir qədər əvvəl pasport nəzarəti məntəqəsində yaşadğı həyacanlı anlardan dolayı, ilk baxışda onları tanımamışdı. O, dostlarını dərhal tanımadığına görə üzrxahlıq edib qucaqlaşdı.
-Minas Davidoviç, salam. Vətəndə bu qədər populyar olduğumu bilmirdim. Məni qarşılamağa şəxsən general-mayor təşrif buyurub. Çox sağ olun, təşşəkkür edirəm.
-Salam, Aşot can. Biz tərəfdə dostlar görüşərkən hərbi rütbəyə fikir vermirlər. Məgər siz bunu bilmirdiniz?
-Minas Davidoviç, bu yəqin yeni qaydadır. Vətənə yeni qədəm qoymuşam, İnşəallah öyrənərəm. -O, Minas Davidoviçi təkrar qucaqladı.
Anna kənarda dayanıb dostların görüşünə tamaşa edir, öz növbəsini gözləyirdi. Mübariz nəfəsini dərib Annanın əlini öpüb dedi:
-Anna can, siz həmişə olduğu kimi çox gözəlsiniz. Qeyd edim ki, hərbi forma və baş leytenant paqonları sizin gözəlliyinizi iki qat artırır.
Mübariz Anna ilə qucaqlaşarkən bir qədər həyacana qalib gəldiyinin fərqinə varmışdı. Onun ürək döyüntüləri azalmış, nəfəs çatışmamazlığı aradan qalxmışdı. Necə deyərlər həyat yavaş-yavaş normal axarına qayıdırdı.
Hər üçü birlikdə söhbət edərək çölə çıxdılar. Qonaqların gəlişini görən sürücü avtomobili dərhal onların yanında saxlayıb, sağ tərəf ön qapını açdı. Anna ön oturacaqda, Mübarizlə Minas Davidoviç isə arxa oturacaqda əyləşdilər. Sürücü yerində əyləşib sual dolu nəzərlərlə sərnişinlərinə baxır, Minas Davidoviçin əmrini gözləyirdı. Minas Davidoviçin işarəsindən sonra o, şəhərin mərkəzinə doğru istiqamət götürdü.
Onlar şəhərin mərkəzinə daxil olmuşdular. Avtomobil beş mərtəbəli binanın yanından keçərkən Minas Davidoviç şüşəni endirib binanı göstərdi.
-Aşot Nersesoviç, siz işləyəcəyiniz agentliyin ştab kvartirası bu binada yerləşir. Yaşayacağınız mənzillə tanış olub əşyalarınızı yerləşdirdikdən sonra mən sizi agentliyin sədri ilə tanış edərəm.
-Minas Davidoviç, bu çox gözəl olar. Sizin vaxtınızı aldığım üçün üzr istəyirəm. Çox əziyyət çəkirsiniz.
-Aşot can, bizim çəkdiyimiz əziyyət, çəkdiyiniz əziyyətlərin yanında dəryada damla kimidir. Narahat olmağa heç bir əsas yoxdur.
Anna Minas Davidoviçin tapşırığına əsasən, Mübarizin gələcək iş yerinə yaxın üç otaqlı mənzil tapmış və üç aylıq kirayyə haqqı əvvəlcədən ödənilmişdi. Avtomobil Annanın göstərdiyi yaşayış binasının qarşısında dayandı. Onlar düşüb üçüncü mərtəbəyə qalxaraq çöl qapısını açıb içəri daxil oldular. Otaqları gəzib divanda əyləşdilər. Mənzil yeni təmir olunmuş, səliqəli və təmiz idi. Normal yaşa¬yış üçün bütün şərait yaradılmışdı.
-Aşot can, mənzildən xoşunuz gəldi? Sizin rahatlığınız üçün bütün şərait yaradılmışdır. Anna xanımın əməyini xüsusi olaraq qeyd etmək istəyirəm. Sizin yerli şəraitə tez uyğunlaşmağınız üçün fədəkarlıq göstərmişdir. Çox sağ olsun. -Minas Davidoviç Annaya göz vurub gülümsədi.
-Əlbəttə çox sağ olsun. Dostlar, məni dəstəklədiyiniz üçün hər ikinizə təşəkkür edirəm. Çalışacam sizin ümüdlərinizi doğruldum. Çəkdiyiniz əziyyətləri halal edin. -Mübariz üzrxahlıq etdi.
Sürücü çamadanları gətirib dəhlizdə bir kənara qoymuş, otaqların qapısını bir-bir açıb içəri boylanırdı. Mübariz artıq mənzildə qalmağa lüzum görməyib dedi:
-Minas Davidoviç, sizə və Anna xanıma təşşəkkür edirəm. Mənzil çox xoşuma gəldi. Mənə elə gəlir ki, yeni iş yerilə tanış olmağın vaxtı çatmışdır.
Onlar yenidən həyətə düşdülər. Ştab kvartira yaxınlıqda yerləşdiyi üçün ofisə piyada yollandılar. İkinci mərtəbəyə qalxıb üzərində «Qəbul otağı» yazılmış qapını açıb içəri keçdilər. Təqribən iyirmi iki, iyirmi beş yaşında, ortaboylu, gülərüz bir xanım ayağa qalxıb onları qarşılayaraq dedi:
-Minas Davidoviç, salam. Xoşgəldiniz. Buyurun keçin içəri. Gəlişiniz barədə məlumat vermişəm, sədr gözləyir.
-Təşəkkür edirəm, Rita xanım.
Ritanın Minas Davidoviçə qaş-göz süzdürməsi, Annanın isə qısqanc tərzdə yanaşması Mübarizin diqqətindən yayınmadı. O, diqqətlə ətrafa göz gəzdirməyə başladı. Qəbul otağına daxil olarkən, sol tərəfdə yerləşən qapının, sağ tərəfinə vurulmuş parlaq lövhənin üzərinə «Sədr, Artur Abramoviç Poladyan», sağ tərəfdə yerləşən qapının sol tərəfinə vurulmuş lövhənin üzərinə isə «Sədr Müavini, Aşot Nersesoviç Balayan» sözləri yazılmışdı.
-Minas Davidoviç, mən işə başlamamışdan adım rəsmiləşdirilmişdir. –Mübariz «Sədr Müavini, Aşot Nersesoviç Balayan» sözləri yazılmış lövhəyə işarə etdi.
Minas Davidoviç baş işarəsilə razı olduğunu bildirib gülə-gülə sədrin kabinetinə daxil oldular. Geniş və işıqlı kabinetin baş tərəfində, masanın araxasında orta yaşlı bir kişi əyləşmişdi. O, ağır bir hərəkətlə yerindən qalxıb qonaqlara yaxınlaşdı. Əvvəlcə Anna ilə görüşüb əlindən öpdükdən sonra Minas Davidoviçlə qucaqlaşıb hal-əhval tutdu. Sonda sanki istəmədən, lakin etika xatirinə əlini yeni müavini Mübarizə uzadıb dedi:
-Artur Abramoviç Poladyan.
-Aşot Nersesoviç Balayan. -Etiketə uyğun olaraq bir addım kənar dayanıb, gülümsər üzlə sədrin əlini sıxdı.
Söhbət əsasən köhnə tanışların arasında gedir, Mübariz hərdən bir nəyisə təsdiq və ya təkzib üçün söhbətə qoşulurdu. Minas Davidoviç Mübarizi ağızdolusu tərifləyir, çox bacarıqlı kadr olmasını təkrar-təkrar vurğulayırdı. Sədrin sifət cizgilərindən Minas Davidoviçin onu tərifləməsindən xoşu gəlmədiyi açıq hiss olunurdu. Hər halda Mübariz intuisiyasından çıxış edərək belə fikirləşirdi. Sədrin davranışları, xüsusilə ədəbaz və saymazyana hərəkətləri Mübarizin xoşuna gəlmir, lakin ürəyində «bəy dediyin nədir, bəyənmədiyin nədir» fikirini əsas tuturdu.
Onlar agentlikdən çıxıb Minas Davidoviçin iş yerinə Nazirliyə yollandılar. Nazirlik klassik üslubda tikilmiş, müxtəlif arxitektor elementlərilə bəzədilmiş çoxmərtəbəli binada yerləşirdi. Foyedə foto stend qurulmuş, kiminsə büstü qoyulmuşdu. Yuxarı mərtəbələrə qalxmaq üçün enli pilləkən inşa edilmiş, kənarlarına mərmər məhəccər quraşdırılmışdı. Onlar pilləkənlə qalxıb, Minas Davidoviçin kabinetinə daxil oldular. Anna kofe dəmləmək üçün mətbəxə yollandı.
Minas Davidoviçin kabineti sadə və ciddi görkəmilə seçilirdi. Klassik ofis mebelləri divar boyu düzülmüş sonda böyük bir seyf yerləşdirilmişdi. Tini zədələnərək boyası qopmuş, üstünə 1962 inventar nömrə həkk olunmuş lövhə bərkidilmiş seyf Mübarizin diqqətini çəkdi. Bu rəqəm Bu¬dapeştdə surətini əldə etdiyi açarın halqasına keçirilmiş lövhənin üzərindəki rəqəmlə eyni idi. Hətta açarın halqasına taxılmış lövhənin ölçüləri seyfin üzərinə bərkidilmiş lövhənin ölçülərinə uyğun gəlirdi. O, bunun təsadüfi olmadığına və əldə etdiyi açarların məhz bu seyfə aid olduğuna əmin olmuşdu. Seyfin açarlarının surətlərini əldə etdiyinə görə sevinirdi.
-Qismət olsa içərisindəkilərlə bir gün tanış olaram. –O fikirləşir, daxili sevincini biruzə verməməyə çalışırdı.
***
Mübariz adəti üzrə səhər tezdən oyanıb idman etdikdən sonra axşamdan hazırladığı tünd rəngli sevimli kostyumu və ağ köynəyi geyinib mavi çalarlı əlvan qalstkunu bağladı. Fransız ətrini üzünə çilədikdən sonra güzgünün qarşısında bir neçə dəqiqə fırlanıb özünə tamaşa etdi. Sonra dolabdan sənədlə dolu dəri çantanı götürüb, içərisindəkiləri təkrar yoxladı. Kursu bitirməsi barədə sertifikat və yeni tanışları üçün aldığı suvenirlərin yerində olmasına əmin olduqdan sonra işə yollandı.
Bu gündən etibarən agentlikdə yeni sədr müavininin fəaliyyətə başlayacağını bilir və gəlişini səbrsizliklə gözləyirdilər. Onun cavan, ucaboy, yaraşıqlı, savadlı və subay olması barədə kollektivin qadın üzvləri arasında, hətta qonşu və tanış ofislərdə xəbərlər dolaşırdı. Mübariz ofisə daxil olub qarşısına çıxan hər kəslə nəzakətlə salamlaşır, onları çoxdan tanıyırmış kimi davranırdı. İkinci mərtəbəyə qalxıb qəbul otağına daxil oldu.
-Rita xanım, salam. Necəsiniz?
-Təşəkkür edirəm, Aşot Nersesoviç. Siz yaxşı olun. -Rita qaş-gözünü süzdürərək cavab verdi.
-Rita xanım, Artur Abramoviç yerindədir?
-Əlbəttə. Hara gedəsidir? Kişinin göbəyi bu idarədə kəsilib, qınayan olmasa heç evlərinə getməz.
Mübariz kollektivin Artur Abramoviçi sevmədiklərini ilk gündən anlamışdı. O, Ritanın sözlərini təsdiq edirmiş kimi başını yelləyərək sədrin kabinetinə daxil oldu.
-Artur Abramoviç, sabahınız xeyirli olsun. Gəlmək olar? Necəsiniz?
-Sabahınız xeyir olsun, Aşot Nersesoviç. Siz necəsiniz? Mən sizi ilk iş günü münasibətilə təbrik edirəm və güman edirəm ki, bizim işgüzar münasibətlərimiz səmimi və şəffaf olacaqdır. Kollektivimizin əksəriyyəti cavanlardan ibarətdir. Güman edirəm ki, onlarla dil tapmaqda çətinlik çəkməyəcəksiniz.
-Artur Abramoviç, təbrikə görə təşəkkür edirəm. Diqqətinizə çatdırım ki, mən çox səmimi və işgüzar insanam. Özümdən yaşca və vəzifəcə böyük insanlara xüsusi rəğbət bəsləyirəm. Siz mənim səmimiyyətimə əmin ola bilərsiniz. Tutduğum vəzifədən dolayı qərar qəbul etməmişdən öncə həmişə sizinlə məsləhətləşəcəm. Qaldı kollektivlə dil tapmağa, o barədə narahat olmayın, müəyyən təcrübəyə malikəm. Cavanlarla sizin aranızda komunikasiya qurmağa hazıram.
-Siz nəyə eyham vurursunuz, mən artıq qocayam?
-Əsla yox, Artur Abramoviç.
-Aşot Nersesoviç, zarafat edirəm, mən sizin nə demək istədiyinizi anladım. Siz Avropa təhsili almış insansınız. Optimal qərarlar qəbul edəcəyinizə inanıram. Ona görədə qərar qəbul etməkdə sərbəstsiniz. Gördüyünüz kimi mən bəlli bir yaşa çatmışam, siz isə cavansınız. Hər halda bu yaş fərqi zahiri görnüşdən əlavə, işə münasibətdə özünü göstərməlidir.
-Çox sağ olun, Artur Abramoviç. Sizdən xahiş edirəm, mənə Aşot deyə müraciət edəsiniz, özümü onda daha rahat hiss edirəm. -O, söhbətə davam etməyə lüzum görməyib, öz kabinetinə yollandı.
Mübariz Ritadan kadrlar şöbəsinin rəisini onun yanına dəvət etməsini xahiş edib kresloda əyləşdi. Kabinet sədrin otağına nisbətən kiçik olsa da, eyni mebellərlə bəzədilmişdi. Otağın hər iki tərəfə açılan pəncərələri olduğu üçün havası təmiz idi. Qapı açıldı. Astanada otuz beş, qırx yaşlarında bir qadın dayanmışdı.
-Aşot Nersesoviç, salam. Gəlmək olar?
-Salam. Buyurun, Aksana xanım.
-Siz, mənim adımı da bilirsiniz?
-Əlbəttə, dəyərli kadırları tanımaq mənim vəzifə borcumdur. -Mübariz güldü.
-Diqqətinizə görə çox sağ olun, minnətdaram.
-Aksana xanım, mən xahiş etdiyim sənədlər toplusunu gətirmisiniz?
-Bəli, Aşot Nersesoviç.
-Xahiş edirəm, əyləşin. Vəziyyəti öyrənməkdə mənə kömək lazımdır.
Mübariz Aksana xanımla yarım saat söhbət edib kadrların siyahısını, agentliyin strukturunu, ştat cədvəli və digər sənədlərin ona verməsini xahiş edib, bölmə rəhbərlərinin iştirakı ilə müşavirə keçirmək istəyini bildirdi.
Bir saat idi, müşavirə davam edirdi. Artur Abramoviç iclasa qatılmamışdı. Mübariz müşavirəni dialoq formatında aparırdı. Öncə bölmə rəhbərləri özlərini təqdim edir, sonra gördükləri işlər barədə məlumat verirdilər. Mübariz diqqətlə qulaq asır, bəzi qeydlər edirdi. Struktur rəhbərləri çıxışlarını tamamladılar. Çıxışlardan sonra kiçik fasilə yaranmışdı. Əməkdaşlar öz aralarında pıçıltı ilə danışır, Mübarizin sözə başlamasını gözləyirdilər. O, fasilənin uzanmasına imkan verməyib əlindəki qeydlərə bir daha nəzər salıb ayağa qalxdı. Pencəyinin düyməsini bağlayıb qalstukunu düzəltdi. O, çıxışları ümumiləşdirib müşavirə iştirakçılarını çoxdan tanıyırmış kimi onlara adı və atasının adı ilə müraciət edirdi. Mübariz müasir tələblərə cavab verən yeni iş prinsiplərini izah edib, üç illik strateji planın hazırlanması üçün müvafiq göstərişlər verdi. Onun işə yanaşması və fenomenal yaddaşı müşavirə iştirakçılarını heyran etmişdi. O, bir neçə saat ərzində kollektivin rəğbətini qazanmış, sanki əvvəldən işin kökündə Aşot Balayan dayanırdı.
Mübariz təmas xətinə sərbəst gedib gəlmək üçün xüsusi icazə almış, əsas olaraq işğal altında olan ərazilərdə fermer təsərrüfatı təşkil etməsini göstərmişdi. İstədiyi yerə gedə bilməsi üçün təsərrüfat qurmağa xüsusi ərazilər seçmişdi. Təmas xəttində xidmət edən hərbiçilər ət və digər ərzaq məhsulları gətirdiyinə görə Mübarizi tanıyırdılar. Hətta onun gəlişinə çox sevinirdilər. Nə etmək olar, dövlətin ərzaq təminatı çox yarıtmaz vəziyyətdə idi. Mübariz bu faktoru öz xeyrinə həll etmiş, hərbiçiləri ələ almaq üçün onlara ərzaq, bəzən, hətta spirtli içkilər gətirirdi.
Mübariz təmas xəttində olarkən Azərbaycanın «Bayraktar», «Zərbə» və «Harop» dronlarının səmada uçduğu zaman təhlükə hiss etmiş düşmən hərbiçiləri həşaratlar kimi yeraltı qazmalarda gizlənmək üçün tələsirdilər. O, dəfələrlə belə hadisələrin şahidi olmuşdu. Düşmən yeraltı qazmalarda saatlarla zaman keçirir, hətta təhlükənin sovuşduğuna əmin olduqdan sonra öz mövqelərinə qayıtma¬ğa tələsmirdilər. O, bu faktordan polkovnik Əzimovun son tapşırığını icra etmək üçün istifadə etmək istəyirdi.
Mübariz təmas xəttində yerləşən qərargah rəisinin otağındakı seyfi tanımışdı. Bu Minas Davidoviçin kabinetindən qəflətən yoxa çıxmış, tini zədələnərək boyası qopmuş, üstünə 1962 inventar nömrə həkk olunmuş lövhə bərkidilmiş seyf idi. Mübariz seyfin yerinin dəyişdirilməsi barədə mərkəzə məlumat vermiş, onun içərisindəki sənədləri əldə etmək tapşırığı almışdı.
***
Polkovnik Əzimovun rəhbərliyi ilə «Medvejatnik» şifrələnmiş ad altında əməliyyat planı hazırlanmış, düşmən qərargahına mayor Abdullayevin rəhbərliyi ilə əməliyyat qrupu göndərilməsi barədə qərar qəbul edilmişdi. Abdullayevin əməliyyatda iştirakı Mübarizi şəxsən tanıması ilə bağlı idi. Mübariz mümkün risklərdən sığortalanmaq üçün əməliyyat qrupunda onu şəxsən tanıyan adamın olmasını vacib hesab edirdi. Mayor Abdullayevin rəhbərliyi altında əməliyyat qrupu əldə edilmiş operativ məlumatlar əsasında bütün detalları araşdırmışdı. Onlar bir həftəlik qida tədarükü görüb müvafiq silah-sursat və seyfin açarlarının surətini özlərilə götürmüşdülər. Qrup artıq iki gün idi təmas xəttində mina axtaranların təmizlədiyi dəhlizdən keçərək meşə massivində gizlənmişdi. Mayor Abdullayevin təklifi ilə əməliyyat keçiriləcək ərazini tanıyan və əvvəllər orada yaşamış Namiq Qurbanov adlı döyüşçü bələdçi qismində əməliyyata cəlb olunmuşdu. Namiq əraziyə yaxşı bələd idi. O, xüsusi cihazların köməyi olmadan meşədə istənilən istiqaməti müəyyən edir, tala və gizli mə¬kanları tanıyırdı. Əməliyyat qrupu ovçuların qazıb hazırladığı yeraltı qazmada yerləşmişdi. Qazma qrup üçün darısqal olsa da quru idi. Torpaq uçmasının qarşısını almaq üçün onun divarları ağac budaqları ilə bərkidilmişdi. Giriş qapısı çöl tərəfdən ağac budaqları ilə kamuflyaj edilmişdi. Düşmənin qazmanı tapması çətin məsələ idi. Qazmada çox qalmaq olmazdı. Qrup növbəti iki gün ərzində yerini bir neçə dəfə dəyişərək hədəfə xeyli yaxınlaşmışdı. Payız mövsümü olduğundan leysan yağışlar yağırdı. Əslində arzuolunmaz şəxslərlə qarşılaşmamaq üçün yağışın böyük faydası vardı. Mayor Abdullayev ətrafdakı sakitlikdən istifadə edərək, qərargaha bir qədər də yaxınlaşmaq barədə əmr verdi. Qrup kiçik fasilələrlə sürünə-sürünə hədəfə doğru irəliləyirdi. Uzun müddət yaş otun üstündə uzandıqları üçün, paltarları tam islanmışdı. Gecələmək üçün diametri kiçik, lakin adama boy verən dərin, mərmi partlaması nəticəsində yaranmış bir xəndək seçərək dayandılar. Əməliyyat qrupunun üzvləri rüqzaqları çıxarıb bir qədər rahatladılar. İndi ocaq qalamaq olmazdı. Çünki, uzaq məsafədən tüstü görünüb şübhə doğura bilərdi. Müəyyən hazırlıq görüb qaranlıq düşənə qədər gözləməyə qərar verdilər. Mayor Abdullayev hava qaraldıqdan sonra Namiqi kəşfiyyata göndərdi. Yağışdan qorunmaq və alovun görünməsinin qarşısını almaq məqsədilə xəndəyin üstünü çadırla bağladılar. Üstü bağlanmış xəndəyin dibində ocaq qalanmışdı. Bir qədər hazırlıqdan sonra əməliyyat qrupu isti çay içir, çəkmələrini çıxardıb islanmış paltarlarını qurudurdular.
Namiq ətrafı diqqətlə dinləyib şübhəli bir şey hiss etmədiyinə görə sürünə-sürünə irəliləyib qərargahın ərazisinə çatdı. O, gecə görüntüsünə imkan verən binoklla ətrafı müşahidə edirdi. Qərargahı iki gözətçi postu qoruyur, amma bu postlardan biri onların əməliyyatı həyata keçirmələrinə mane olurdu. Namiq ətraflı kəşfiyyat məlumatları toplayıb geriyə xəndəyə qayıtdı. O, əldə etdiyi kəşfiyyat məlumatları barədə mayor Abdullayevə məruzə edib keşikçini neytrallaşdırmaq haqqında öz təkliflərini verdi. Əməliyyat qrupunun üzvləri müəyyən olunmuş ardıcıllıqla keşik çəkir, istirahətlərinə davam edirdilər. Mayor Abdullayev hava işıqlaşmamış durub əməliyyat qrupunu oyatdı. Xəndəyin qaydaya salınması barədə göstəriş verib əvvəlcədən müəyyən edilmiş məkanda qərarlaşmaq üçün hərəkətə keçdilər. Qrup qərargah ətrafında öz yerini tutmuş, əməliyyata başlamaq üçün «Bayraktar» və «Harop» dronlarının səmada görünməsini gözləyirdilər.
***
Mübariz qərargahın ərazisinə daxil olarkən mayor Abdullayevin rəhbərlik etdiyi əməliyyat qrupunun təyin olunmuş mövqedə qərarlaşdığını hiss etmiş, gözətçini görüb bir qədər narahat olmuşdu. Mübariz əməliyyat qrupunun gözətçini neytrallaşdıracağına əmin olsada ehtiyat üçün bir neçə əlavə variant fikirləşmişdi. O, gətirdiyi ət və digər ərzaqları Nivanın baqajından yavaş-yavaş boşaldır və ətrafı müşahidə etməyə davam edirdi. Közün üstündə bişən ətin iyi ətrafa yayılırdı. İştahları açılmış hərbiçilər həvəslə Mübarizə kömək edir, gətirdiyi ərzaqları qazmaya daşıyırdılar. «Bayraktar»rın səmada manevr etdiyini görən düşmən hərbiçiləri kababı közün üstündən götürüb, tələsik qazmaya doğru qaçdılar. Dronların hərəkət edən obyektləri vurduğunun şahidi olmuş hərbiçilər çox qorxurdular. Mübariz bilərəkdən ləng hərəkət edir, qərargahın tam boşalmasını gözləyirdi. O, axırıncı hərbiçinin qərargahı tərk etdiyinə əmin olduqdan sonra ətrafa diqqətlə baxıb ora yollandı. Qərargah rəisinin otağına daxil olub kimsənin olmadığını görüb seyfin yanında dayandı. O, səbrsizliklə əməliyyat qrupunun gəlişini gözləyirdi.
Namiq keşikçinin dayandığı əraziyə yaxın çinar ağacının arxasında gizlənərək mayor Abdullayevin əmrini gözləyirdi. Hərbiçilər qazmaya doluşmuş keşikçidən başqa ətrafda kimsə görünmürdü. Mayor Abdullayev şərtləşdikləri kimi sağ əlinin şəhadət barmağı ilə Namiqə işarə verdi. Keşikçi yaxınlıqdan keçərkən Namiq bir göz qırpımında ağacın arxasından sıçrayıb sol əlilə onun ağzını tutdu. O, keşikçinin başını fırladıb boynunu sındırmaq istəyərkən gözləri mayor Abdullayevə sataşdı. Mayor başını bulayaraq onun keşikçini öldürməsinə icazə vermədi. Namiq keşikçinin yuxu damarlarına güclü zərbələr endirib əllərini çəkdi. Gücsüz və taqətdən düşmüş bədən yerə sərildi. Ke¬şikçi tərpənmirdi. Namiq mayor Abdullayevlə birlikdə qərargaha yollandı.
Qərargah rəisinin otağında mayor Abdullayev və Namiq Mübarizlə qarşı-qarşıya gəldilər. Namiq əlini dərhal belinə sancdığı tapançaya atdı. Mayor Abdullayev Namiqin əlindən tutub Mübarizə baxaraq gülümsündü. Mübariz seyfin yanında sakit dayanmışdı. Baş verənlərdən bir şey anlamayan Namiq gah mayor Abdullayevin, gah da Mübarizin üzünə tamaşa edir, təkidlə silahı çıxarmağa cəhd edirdi. Mayor Abdullayevin ona tərs-tərs baxdığını görüb əlini silahdan çəkdi. Hər üçünün baxışları toqquşdu, sanki yuxudan oyandılar. Mayor Abdullayev çantasından açarı çıxarıb seyfi açdı. İçərisindəki sənədləri və açarları çantasına yerləşdirib seyfin qapısını kilidləyib açarları yenidən cibinə qoydu. Vaxt itirmək olmazdı, mayor Abdullayev və Namiq dərhal qərargahı tərk etdilər. Mübariz əməliyyatın uğurla həyata keçirildiyini və təhlükənin nisbətən sovuşduğunu görüb qərargahdan çıxdı. O, Nivada gizlətdiyi viskini götürüb qazmaya yollandı.
Qazmaya doluşmuş hərbiçilər bişirdikləri kababı, Mübariz gətirdiyi turşu, konserva və kolbasaları stolun üstünə düzmüşdülər. Hamı ağac kötüyündən düzəldilmiş stolun ətrafına toplaşmış və rəisin yeməyə başlamasını gözləyirdilər. Qərargah rəisi əllərini bir-birinə sürtüb yeməyə girişərək dedi:
-Yüz qram olsa lap əla olardı.
-Bir litr olsa necə?
Qazmadakıların diqqəti səs gələn tərəfə yönəldi. Mübariz əlində bir litrlik viski butulkası tutub qapının ağzında dayanmışdı. Onun əhval ruhiyyəsi çox yüksək idi.
-Aşot can, sən sədaqətli və əvəz olunmaz dostsan, təkrar xoş gəldin. -Qərargah rəisi viskini görüb sevincək dilləndi.
-Mən dostlarıma nəyin nə vaxt və harada lazım olduğunu, hətta onların özlərindən yaxşı bilirəm. Mənim bu fikrimə kimin şübhəsi varsa ona viski verməyəcəm. –Mübariz qəh-qəhə çəkib gülməyə başladı.
-Aşot can, sənin vəfalı dost olmağına heç kim şübhə etmir. –Qərargah rəisi hamının əvəzindən cavab verdi.
-Kim mənim vəfalı bir dost olduğum barədə fikri dəstəkləyirsə buyursun. -O, əlindəki viski butulkasını kötüyün üstünə qoydu.
Əməliyyatın uğurlu keçməsi Mübarizin əhval ruhiyyəsini çox yüksəltmişdi. O, stolun arxasına keçərək digər hərbiçilərlə birlikdə yeyib içir, lətifə danışır, sözün əsl mənasında əylənirdi. Mübariz başa düşürdü ki, qərargahı tezliklə tərk etsə məsələnin üstü açıldıqdan sonra onun bu hərəkəti şübhə doğura bilərdi. Təcili bir işi olmadığına görə gecəni kazarmada qalmağa qərar vermişdi. O, əvvələr bir neçə dəfə qərargah ərazisində yerləşən kazarmalarda gecələmişdi.
***
Mübariz tezdən oyanıb hərbiçilərlə birlikdə səhər yeməyi yedikdən sonra yola düşdü. Yolun əksər hissəsi dağlıq ərazilərdən keçirdi. Uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq doğma kəndlərini ziyarət etməyə fürsəti olmamışdı. Ümumi vəziyyəti öyrənmək və uşaqlıq illəri keçən doğma məkanları ziyarət etmək istəyirdi. Kəlbəcər rayonunun ərazisindən keçib «Ağ yal» aşırımına qalxdı. Doğma kəndlərinə yaxın «Tellinin suyu» adlanan dərəyə çatmağa bir saatlıq yol qalırdı.
Nəhayət, «Tellinin suyu» dərəsinə yetişdi. Şimal və cənub yamaclarında qaynayan bulaqların suyu dərənin dibi ilə axan kiçik çaya qovuşurdu. Avtomobil yolundan yaxın bulağa yüz metr məsafə ancaq olardı. Mübariz Nivanı saxlayıb bulaq başına yollandı. Əllərini yuyub saçlarını tumarladı. Qara saçlar yaş olduğu üçün Günəş şüaları altında parıldayırdı. Soyuq bulaq suyunu üzünə və açıq sinəsinə çilədi. Bulaqların mənbəə və axarınca acı tərələr, lilparlar və yarpızlar bitmişdi. Bıçaqla lilparlardan birini kökündən dərib ağ gülünü kəsib uşaqlıq illərində olduğu kimi döş cibinə taxdı. Lilparın içərisi deşik olduğu üçün uzunluğu əlli, altımış santimetr olan gövdə boru rolunu oynayırdı. Borunun bir ucunu bulağın mənbəyinə dayayıb digər ucundan soyuq suyu sormağa başladı. Uşaqlıq dövründə bu cür halları dəfələrlə yaşamışdı. Bir qədər sərinlədikdən sonra yaşıl otun üzərinə uzanıb gözlərini yumdu. Mübariz bir neçə saat yatıb tam dincəlmişdi. Sanki bütün yorğunluğu müqəddəs torpağa hopmuşdu.
Payız fəslinin yaxınlaşması özünü göstərir, günlər qısaldığı üçün qaranlıq tez düşürdü. Əslində diqqəti cəlb etməmək üçün belə hava şəraiti ona əl verirdi. Kənddə bir neçə evin bacasından tüstü çıxdığını görüb fikirləşdi. Yəqin çoban çoluq yaşayır, bu yerlərin qışı çox sərt keçirdi. Qarlı çovğunlu günlər bir anlıq gözlərinin qarşısından keçdi. O, dünyaya göz açdığı evi görmək, daşa-divara toxun¬maq istəyirdi. Kəndə yaxınlaşdıqca özündən asılı olmayan səbəblərdən ürək döyüntüləri artmağa başlamışdı.
Mübariz doğma kəndlərinin ərazisinə çatana qədər avtomobilin işıqlarını yandırmamış, avtomobili endirilmiş şüşədən baxaraq idarə etmişdi. O, Nivanı dağılmış evlərdən bir qədər aralı saxlayıb avtomobildən düşdü. Gözünə salamat qalmış ev dəymirdı. Qaranlıqda hərəkət etmək çətin idi. O, yerə səpələnmiş daşlara ilişir, müvazinətini saxlamaq üçün uçub-dağılmış divarlardan tuturdu. Havanın qaralması hərəkət etməsinə mane olsada, kənardan kimsənin onu görmə təhlükəsini aradan qaldırırdı. Nəhayət, evlərinə çatdı. Qarşılaşdığı mənzərəyə inanmaq belə istəmirdi. Evin dam örtüyü sökülüb dağılmış, divarlar uçmuş, qapı və pəncərələrin çərçivələri çürümüş, şüşələr çilik-çilik olmuşdu. Ona mane olan çürük taxtaları təmizləyərək evin «içərisinə» daxil oldu. Döşəmənin taxtaları yağış və qarın təsirindən çürüyüb yararsız hala düşmüşdü. Uzun müddət insan ayağı dəymədiyi üçün döşəmədə alaq otları bitmişdi. Uçub tökülmüş taxta parçalarının altında qalmış çarpayı gözünə sataşdı. Atasının taxtadan düzəltdiyi enli çarpayı, üç qardaşın yatması üçün nəzərdə tutulmuşdu. Çarpayının ayaqları çürümüş və yanı üstə yıxılmışdı. O, əlini uzadıb çarpayının yataq hissəsini tumarlayırdı. Sanki taleyi məlum olmayan qardaşları ilə təmas qururdu. Ailənin digər üzvləri yatan dəmir çarpayılar pas atıb çürümüşdü. Kitab rəfi uçduğu üçün, cırılmış və çürümüş kitab vərəqləri ətrafa dağılmışdı. Rəfin alt gözünə qoyulmuş kerasin lampası yerində qalmışdı. Lampanın görkəmi onun işlək vəziyyətdə olmasını göstərirdi.
Çətin iş şəraiti onu nə qədər mətinləşdirsə də göz yaşlarını saxlaya bilmirdi. O, hətta uşaq vaxtlarında belə hönkürməmişdi. Mübariz evin arxa tərəfinə keçərək tövləyə girib uçub tökülmüş daş və taxtaların altında qalmış qazmanın qapısını tapdı. Bir qədər təmizlik işi aparıb qapını açdı. İçəridən çürüntü və rütubət iyi gəlirdi. Atası bu qazmanı qışa ərzaq tədarükü üçün düzəltmişdi. Əslinə qalsa belə qazmalar çox adamın həyətində mövcud idi. Uşaqlıq illərində gizlənpaç oynayarkən dayısının düzəltdiyi qazmada dəfələrlə gizlənmişdi.
O, ziyarət etmək üçün dayısının ailəsi yaşamış evə yollandı. Dayısı evi ilə öz evlərinin arasında əlli, altımış metr məsafə ancaq olardı. Dayısı evi digər evlər kimi uçub dağılmış, bərbad vəziyyətə düşmüşdü. O, qazmanı tapıb içəri daxil oldu. Bu qazma doğurdanda yaxşı vəziyyətdə qalmış, havalanma olduğu üçün içəridən rütubət iyi gəlmirdi. Qazmanın təmiz qalması, sanki kiminsə burada yaşamasından xəbər verirdi. Mübariz bir qədər fikirləşdikdən sonra qazmada gecələmək qərarına gəldi.
O, Nivadan çadır, isti odeyal və ərzaq ehtiyatını götürüb qazmaya qayıtdı. Mübariz uzun müddət saxlanması mümkün olan konserv bankalarını bir küncdə üst üstə yığıb, kiçik qaz balonunu digər küncə yerləşdirdi. Hərbiçilərdən aldığı iki ədəd Kalaşnikov avtomatını da qazmada gizlədib yatmaq üçün özünə yer düzəltməyə başladı. Qulağına gələn səs onu dayanmağa məcbur etdi. Mübariz ta¬pançanin çaxmağını çəkib qapının arxasında gizləndi. Diqqətlə bayıra qulaq asırdı. O, səhv etməmişdi. Çöldən ayaq səsləri gəlirdi. Kimsə qazmaya doğru addımlayırdı. Nəhayət, qazmanın qapısı açıldı, bir nəfər içəri daxil oldu. Mübariz içəri daxil olan şəxsə aman verməyib cəld hərəkətlə sol əllə ağzını tutub başını öz sinəsinə sıxdı. Tapançanı onun gicgahına dayayıb, üst-başını axtarmağa başladı. Bir şey tapmadığı üçün onun üzünü özünə tərəf çevirib diqqətlə baxdı. Qazma qaranlıq olduğu üçün dəvət olunmamış «qonağın» sifətini seçmək olmurdu. Mübariz fənərlə onun üzünü işıqlandırıb erməni dilində soruşdu:
-Ermənisən, yoxsa Türksən?
-Erməniyəm.
-Niyə yalan danışırsan, qoca? Burada azərbaycanlılar yaşayıb doğru danışsan səni sağ buraxacam, öldürməyəcəm.
-Bəs sən kimsən? Ermənisənsə buralarda nə gəzirsən? -Qoca astadan mızıldandı.
-Görürəm, məntiqli qocasan. Otur.
Ortaya bir anlıq sükut çökdü. Qocanın məntiqli sualı ona təsir etmişdi. Həqiqətən də belə xaraba qalmış yerlərdə ermənilərin nə işi var? Mübariz qocanın üzünə diqqətlə tamaşa edirdi. Qoca üzünü çoxdan qırxmadığı üçün saqqalı uzanmış, gözləri çuxura düşmüş, ətrafı qaralmışdı. Qocanın altımış beş, yetmiş yaşı olardı. Mövcud vəziyyət qocanın əhvalına əsaslı bir təsir göstərməmişdi. Ətrafa qarşı olduqca laqeyd davranırdı. Uzun müddət tək yaşadığına görə bu cür vəziyyət başa düşülən idi.
-Acsan? -Mübariz Azərbaycan dilində soruşdu.
-Bəli, acam.
Mübariz bir söz demədən konserv bankalarından birini açıb bir parça çörəklə birliklə qocaya uzatdı. Qoca bankadan çıxartdığı ət parçasını çörəyin üstünə qoyub iştahla yeməyə başladı. Mübariz qocanın tələsmədən iştahla yeməyinə tamaşa edir və fikirləşirdi. «Mənim atam sağ qalsa yəqin bu yaşlarda olardı. Atamın ölməsi və ya sağ qalması barədə heç bir məlumatım yoxdur. Görəsən anam, qardaşlarım haradadırlar? Ermənilərə əsir düşüblərsə yəqin onları öldürüblər, ya da hansısa zirzəmidə çürüyürlər. Qardaşlarım bir həyat görmədilər. Azər heç məktəbə getmirdi, Aydın isə ikinci sinifdə oxuyurdu. Yaxşı ki, bacım tez ailə qurub Gəncə şəhərinə köçdü. Bu fəlakətlərin şahidi və iştirakçısı olmadı. Valideyinlərim və qardaşlarım dünyalarını dəyişiblərsə, Allah rəhmət etsin. Bacım atamı çox sevirdi. Biz qardaşlar isə anamıza düşkün idik. Nə etmək olar? Allahın bizim ailəyə verdiyi tale və qismətlə barışmaq lazımdır. İnşəallah, zaman gələr əsir düşmüş və girov götürülmüş soydaşlarımızın qisasını alaram».
-Çox sağ ol, ay oğul. Allah cəmi acları doyursun. İnşəallah. -Qoca yeməyini qutardıqdan sonra təşəkkür etməyi unutmadı.
-Qoca, danış görüm sən kimsən, nə vaxtdan buralarda yaşayırsan? Birsözlə başına gələnləri danış.
-Ay bala, uzun söhbətdir, bilmirəm hardan başlayım? Başımıza gələnləri xatırlayanda az qalır adamın başı partlasın. Xatırlamaq belə istəmirəm.
-Tələsən yerimiz yoxdur, əvvəldən başlayın. Ümumi bir məlumat versəniz pis olmazdı.
Qoca aramla başına gələn faciələri anladırdı. Mübariz xəyala dalmışdı. Sanki qocanın gözləri ona kimisə xatırladırdı. Həmsöhbətinin ona qulaq asmadığını görən qoca, danışmaq istəmirdi. Qoca həvəssiz halda dedi:
-Ay bala, onsuzda qulaq asmırsan, mənim danışmağımın nə mənası var?
-Yox, sizə diqqətlə qulaq asıram. Dediniz ki, qonşu kənddə məktəb direktoru işləyirdiniz. O kəndin adı nə idi?
Qoca heyrətləndi, həmsöhbəti doğrudan da ona qulaq asırdı. Mübariz birdən diksinərək soruşdu:
-Şakir müəllim, sizsiz?
-Bəli mənəm, ay oğul. Bəs sən kimsən? Kimlərdənsən? Mən ətraf kəndlərdə yaşayanların əksəriyyətini tanıyırdım.
-Şakir müəllim, mənə dərs keçməmisiniz. Sizi məktəblərarası yarışların təşkili zamanı görmüşəm. Həmişə rayon mərkəzində məktəblərarası yarışların təşkilat komitəsində təmsil olunurdunuz. Mən şahmat yarışının qalibi olarkən, təşkilat komitəsində Azərbaycan məktəblərini siz təmsil edirdiniz. Bəlkə «Xallı Qrossmeyister»i xatırlayırsınız? Dəfələrlə rayon və respublika üzrə keçirilən olimpiada və idman yarışlarının mükəfatçısı olmuşam.
-«Xallı Qrossmeyister»? -Şakir müəllim həmsöhbətinin üzünə diqqətlə baxırdı. O, heyrətlənərək sözünə davam etdi. –Tanıdım. Səhv etmirəmsə adın Mübarizdir.
-Bəli, müəllim. Səhv etmirsiniz, adım Mübarizdir.
-Ay oğul, tale səni bu yerlərə necə gətirib?
-Şakir müəllim, necə yəni bu yerlərə? Məgər bura öz yurdumuz, doğma kəndimiz deyil?
-Ay oğul, azərbaycanlılar deportasiya olunarkən sən uşaq idin. İndi burada necə peyda olubsan?
-Şakir müəllim, siz demişkən uzun söhbətdir, bilmirəm haradan başlayım. Narahat olmayın, zaman-zaman sizə kifayət qədər məlumat verəcəm.
Onlar gecəyarıyadək dərtləşdilər. Mübariz Şakir müəllimə xeyli məlumat vermişdi. O, sonda ətraf kəndlərdə gizlənmiş azərbaycanlıların tapılıb təşkilatlanmasında ona kömək etməsini xahiş etdi. Mübariz onu təlimatlandırıb ərzaq və silahla kömək edəcəyinə söz verdi. Mübariz sübh tezdən, hava işıqlaşmamış oyanmışdı. Əllərini və üzünü nəm salfetlə silib Şakir müəllimi oyatmadan yola düşdü. Son dövrlərdə heç vaxt belə şirin yuxusu olmamışdı. Əsəbləri sakitləşmiş, əhvali-ruhiyyəsi yüksəlmişdi. Əlbəttə dünyasını dəyişmiş əzizləri uyuyan torpağın və doğma yurdun ab-havası öz təsirini göstərmişdi.
Davamı var…