Dünya miqyasında tanınan və qəbul edilən siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin ən layiqli davamçısı İlham Əliyev aprelin 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. İlk addımlarında tarixi sınaqlarla, hətta məhv olmaq təhlükəsi ilə üzləşmiş dövlət müstəqilliyimizi əbədi və dönməz etmiş ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tarixi xilaskarlıq missiyası və cənab İlham Əliyevin müasir Azərbaycan quruculuğu proqramının reallaşdırılması istiqamətində səmərəli fəaliyyəti bu tarixi günlərdə bütün əzəməti ilə gözlərimiz önündə canlanır.
Hazırda Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, bir milyondan artıq yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli istiqamətində atılan addımlar, diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir.
Tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti öz müdrik rəhbəri İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq şəraitdən, maliyyə və iqtisadi böhrandan asılı olmayaraq dinamik və hərtərəfli inkişaf edir, öz siyasi, sosial-iqtisadi qüdrətini artırır, dünyadakı mövqelərini daim möhkəmləndirir. Azərbaycanın inkişaf istiqamətlərinin müxtəlif və bir-biri ilə sıx bağlı olduğunu önə çəkən Prezident İlham Əliyev deyib: “Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi - bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar aparılır. Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq”.
Ümummilli lider Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Cənab İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır.
Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə aparılması, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəldilməsi bu sahənin dünya səviyyəsinə çatdırılmasına imkan verib. Milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilib, insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilib.
Prezident İlham Əliyev hər bir ölkənin, dövlətin bu gününün və gələcəyinin onun intellektual potensialından asılı olduğunu önə çəkərək deyib: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salaraq görürük ki, o ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir. Biz gələcəyə çox böyük ümidlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bu günkündən də gözəl olacaqdır. Bu gün Azərbaycan özünü dünya miqyasında sürətlə və uğurla inkişaf edən ölkə kimi tanıtdıra bilmişdir. Ancaq gələcəkdə elmə, təhsilə yeni texnologiyaların tətbiqinə göstəriləcək diqqət və həyata keçiriləcək proqramlar Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edəcəkdir. Çünki inkişaf etmiş ölkə olmaq üçün təkcə gözəl infrastruktura və binalara malik olmaq kifayət deyildir.
Möhtərəm İlham Əliyevin prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində on illərə bərabər sıçrayışlı inkişaf yolu keçib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illər iqtisadi artım tempinə görə dünyada ön sıralardadır.
Bir daha cənab prezidentimizi yenidən Azərbaycan respublikasının prezidenti seçilməyi münasibətilə təbrik edirik. Xalq məhz İlham Əliyevi dəstəkləyir, onun yürütdüyü siyasi kursu bəyənir, ona inanır.
Rəsul Əliyev
Bakı Dövlət Pedaqoji Kollecinin Peşə Təhsili Şöbəsinin müdiri