Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duyur. Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Prezident Ulu öndər Heydər Əliyev də Azərbaycanın özü qədər əbədi olan şəxsiyyətidir. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur.
İllər keçdikcə, ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, Vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.
Azərbaycan mədəniyyətinin ən böyük nailiyyətləri görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar. Bu uca zirvənin yolları daşlıkəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Müasir şəraitdə ölkəmizin gələcək inkişaf yolunu işıqlandıran bu zəngin irsin öyrənilməsinə böyük ehtiyac hiss edilməkdədir. Respublikamızın vətəndaşlarının, ziyalıların, alimlərin, mütəxəssislərin, əhalinin bütün təbəqələrinin, xüsusilə vətənimizin gələcəyi olan gənclərin bu irsi dərindən mənimsəməsinə ciddi ehtiyac duyulmaqdadır. Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Bu əsərlər azərbaycanşünaslığa böyük hədiyyədir. Heydər Əliyevin nəzəri irsi həmçinin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir əsəri böyük əhəmiyyətə malikdir. Heyder eliyev əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə-neçə nəsillərə, Azərbaycan xalqının gələcəyinə xid-mət edəcəkdir.