Bu gün Moskva Şəhər Məhkəməsi azərbaycan əsilli gülüş ustası İdrak Mirzəlizadənin Rusiyada yaşama qadağasının ləğvi ilə bağlı şikayətini təmin etməyib.
Lakin bundan sonra sözügedən qadağa ömürlük olmayacaq. Belə ki, yaxın vaxtlarda Daxili İşlər Nazirliyi qadağanın müddətini müəyyən etməlidir. Mirzəlizadənin vəkili bildirib ki, müdafiə tərəfi müddətin bir ilə qədər azaldılmasına çalışacaq.
Vəkil əlavə edib ki, Daxili İşlər Nazirliyinin qərarı qanuni tövsiyələrə uyğun gəlməsə, müdafiə tərəfi məsələni yenidən məhkəmədə həll edəcək.
Qeyd edək ki, bu ilin avqust ayında Mirzəlizadə “nifrət və ya düşmənçiliyin yaradılması, habelə insan ləyaqətinin alçaldılması” maddəsi ilə 10 sutka həbs cəzası alıb. İşin başlanmasına səbəb onun rusiyalı kirayəçilər haqqında etdiyi zarafat olub. Daxili İşlər Nazirliyi gülüş ustasının Rusiyada yaşamasının “arzuolunmaz” olduğuna qərar verib.
Mirzəlizadə Daxili İşlər Nazirliyinin qərarına etiraz edərək məhkəməyə müraciət edib. Oktyabrın əvvəlində paytaxtın Zamoskvoretski məhkəməsi Daxili İşlər Nazirliyinə ömürlük qadağanın əvəzinə müəyyən müddət təyin etməyi tapşırıb.
Mənbə:Oxu.Az