“Ryanair”ə məxsus təyyarənin Minskdə məcburi endirilməsindən sonra Fransada fəaliyyət göstərən aviaşirkətlər Belarus üzərindən uçuşları dayandırmalıdır.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fransanın nəqliyyat üzrə dövlət katibi Jan-Batist Cebbari tvitterdə bildirib.
“Sərnişinlərin təhlükəsizliyi naminə mən Fransada fəaliyyət göstərən aviaşirkətlərdən Belarus hava məkanında uçuşları dayandırmağı xahiş etdim. Həmçinin “Belavia” aviaşirkətinin uçuşlarına icazə verilməsi dayandırılıb”, - o yazıb.
Daha əvvəl Fransa xarici işlər naziri Jan-İv Le Drian məlum insidenti beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin kobud şəkildə pozulması, həmçinin təhlükəsizlik sahəsində Avropa maraqlarına qarşı sui-qəsd adlandırıb.
Qeyd edək ki, Yunanıstandan Litvaya gedən “Ryanair”ə aid 123 nəfəri daşıyan təyyarə bomba xəbərdarlığı iddiası ilə Belarus hava məkanında məcburi endirilib. Sərnişinlər arasında olan “Nexta” ve “Belarus Golovnogo Mozga” teleqram kanallarının rəhbəri saxlanılıb.